Menu
Geri İrəli

“Bir yol qalır: İrəvana daha çox meyit göndərmək”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur

20160425164318_IMG_7964-100Psixoloq, hərbi ekspert Azad İsazadənin “Qafqazinfo”ya müsahibəsi:

- Son vaxtlar cəbhədə baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Ermənistan tərəfindən dəfələrlə təxribatlarla qarşılaşmışıq. Bu dəfə isə öz gücümüzü göstərərək əks tərəfi yatızdırdıq. İstər strateji effektli yüksəkliklər, istərsə də torpaqların bir hissəsinin azad olunması… Kiçik də olsa, nailiyyətlər əldə edə bildik. 23 il ərzində bizdə məğlubiyyət hissi var idi. Ancaq Azərbaycan əsgəri sübut etdi ki, torpaqlarını azad edə bilər. Bax, bu bizim əsas qələbəmizdir. Eyni halın əksi isə qarşı tərəfdə var idi. Onlar qalib dövlət eyforiyasında yaşayırdı. Bu səbəbdən də son hadisələrdə zəif tərəf olmaq, uduzmaq onlara qəribə gəlir, bunu qəbul edə bilmirlər.

- Onda elə çıxır ki, Ermənistan sırf bu səbəbdən danışıqlardan imtina edir…

- Bəli, Ermənistan cəmiyyəti sülhə hazır deyil. Onlar 20 ildir ki, qalib dövlət təfəkküründədirlər. Bu barədə dəqiq bir söz demək mümkün deyil, ancaq mənim düşüncələrim belədir. Hərbi psixoloq kimi deyirəm ki, onlar şüuraltı kompromislərə gedə bilmirlər. Bəlkə də, Ermənistan rəhbərliyi hansısa güzəştlərə gedərdi. Ancaq Ermənistan cəmiyyəti bir qədər aqressiv reaksiya göstərdi. Burada iki variant var: ya rəhbərlik özü onları kompromisə getməmək üçün qızışdırıb, ya da ki, xalqdan qorxur və aqressiv mövqe göstərməyə məcburdur. Ermənilərin qondarma soyqırım günü – 24 apreldə baş verən hadisələr də bunu təsdiq elədi. Müxtəlif zamanlarda hücum edərək xalqa hələ geri çəkilmədiklərini sübut etməyə çalışırlar, amma alınmır. İtkilər verib kənara çəkilirlər. Belə hallarla hələ biz çox rastlaşacağıq.

- Bir çox şərhçilər yay aylarında cəbhədəki vəziyyətin qızışacağını, hətta müharibənin başlama ehtimalı olduğunu deyir. Siz necə düşünürsünüz?

- Çox ehtimal ki, may və iyun aylarının əvvəlləri cəbhədə vəziyyət gərgin olsun. Ancaq kəskin nələrinsə olacağına, müharibə ehtimalına inanmıram. Çünki, onlar bizim ordumuza da, gücümüzə də yaxşı bələd oldu. İqtisadi baxımdan məlum məsələdir ki, Ermənistan ordusuna güclü artlleriya ala bilmir, məcburdur ya borc götürsün, ya da kı, böyük dövlətlər yardımçı olsun. Buna da xeyli vaxt lazımdır. Həmin müddətdə Azərbaycan da boş durmayacaq. Belə deyək, cəbhədə vəziyyət gərginləşsə də, Azərbaycan cavabını verəcək. Dünya tarixində belə hallarla rastlaşmışıq. İtkilərin sayı çoxalmayana kimi əks tərəf sakit olmur. Nümunə kimi, II Dünya müharibəsində Almaniya və Yaponiyanı misal göstərə bilərik. Hər iki dövlət təbliğatlarla, milliyətçi ruhla döyüşdən geri çəkilmək istəmirdi. İndi də ermənilərdə eyni psixologiyanı görürük. Nə qədər humanizmdən kənar səslənsə də, Azərbaycanın bir seçimi qalır: onların aqresiyasını Ermənistana gedən meyit sayı ilə söndürmək.

- Hər iki ölkə qarşı tərəfin əsgər itkilərinin sayında müəyyən şişirtmələr etdi. Dəqiq şəhid və yaralı sayının bildirilməməsi isə əhalidə müəyyən çaxnaşmalar yaradır.

- Müharibə statistikasına çox ehtiyatla yanaşmaq lazımdır. Onsuz da, obyektiv rəqəm heç kimdə yoxdur. Hər iki tərəf çalışır, öz itkilərini az, qarşı tərəfi çox göstərsin. Burada başqa bir amil də ondan ibarətdir ki, öz itkilərimizi az-çox seçə bilirik, ancaq qarşı tərəfin itkilərini öyrənmək üçün bir neçə mənbədən yardım alırıq. Atəş açılanda 10 əsgər yerə yıxılırsa, bu o demək deyil ki, onların hamısı ölüb. Kimisi yaralanır, kimisi ölür, kimisi isə qorunmaq üçün yerə uzanır. Adətən döyüş statistikası belə olur: hər 2 ölənə 8 yaralı. Bu statistika ilə də təxmini rəqəmləri söyləyirlər.

“Şəhid pilotlarımız geri qayıda bilərdi, ancaq onlar yaşamağı yox, düşmən əsgərlərini məhv etməyi seçdi”

- XXI əsrdə informasiya müharibəsində qalib gəlmək də vacib faktordur. Sizcə Azərbaycan tərəfi, əsas da Müdafiə Nazirliyi cəbhədəki proseslərdən lazımi qədər öz xeyrimizə yararlana bilib? Məsələn, Ermənistanda 12 yaşlı uşağın yaralanmasını həmin gün bütün dünya mediası yazırdı.

- Gəlin sualınıza helikopterin vurulması məsələsilə aydınlıq gətirək. Helikopter birdən birə partlamadı, onlar qayıda bilərdi. Sağ qalmaqları 50-50-ə idi. Ancaq gənc pilotlar qərar qəbul etdilər ki, qayıtmasınlar, helikopteri erməni mövqeyinə çırparaq daha çox düşmən əsgərini öldürsünlər. Elə də oldu, çünki bu hərbi vertalyotu idarə edən elə-belə adamlar deyildi, peşəkarlar idi və peşəkarcasına bir qərar qəbul etdilər. Azərbaycan tərəfi həmin dəqiqə bu qəhrəmanlığı yaya bilərdi. Əks tərəfdən məlumat gəldi, hətta təkzib elədik, sonradan boynumuza aldıq. Halbuki biz ləngidik və hadisəni qarşı tərəf öz xeyrinə çevirdi. Bu ilk gün idi, sonradan operativlik artdı. Şəraitdən asılı olmayaraq informasiya müntəzəm və düşünülmüş şəkildə xalqa çatdırılmalıdır.

- Hər zaman Ermənistanın arxasında olan Rusiya nədənsə münaqişə zamanı bitərəf qaldı. Sülh razılaşmasının əldə olunmasında isə xüsusi canfəşanlığı ilə seçilir, moderator rolunu ələ almağa çalışır. Rəsmi Kremlin bu hadisələrdən əsas güddüyü maraq nədir?

- Bilirdik ki, bir-iki günə xarici təşkilatlar, öndə gedən ölkələr hər iki ölkəni münaqişənin sülh yolu ilə əldə olunmasına çağıracaq. Rusiya burada hamını qabaqladı. O, münaqişə zamanı neytral dayanıb sonradan döyüşləri saxlatmaqla Cənubi Qafqazda vəziyyətə onun nəzarət etdiyini göstərdi. Bildirdi ki, razılıq verməsə bu regionda nə sülh, nə də ki müharibə olacaq. Yəni, bura mənim zonamdır. İki ölkənin baş qərargah rəisi gedib Moskvada razılığa gəlib. Bu, siyasi bir addım idi. Hazırda da ən çox danışıqları aparan Xarici İşlər Naziri Sergey Lavrovdur.

- Danışıqlar da daha çox Kazan sənədinin ətrafında fırlanır…

- Bəli, bu da incə bir siyasi intriqa var. Faktiki Kazan sazişinin daha geniş və daha ətraflı versiyası Madrid protokollarıdır. Sadəcə olaraq, vaxtilə Medvedev iki ölkə prezidentini Kazana dəvət etmişdi və orada Madrid prinsiplərinin ətrafında söhbət gedirdi. Bu günlərdə Almaniya da çox aktiv prosesə qoşuldu və öz yeni prinsiplərini təklif etdi. Ancaq onların da kökündə Madrid sənədləri durur. Belə baxdığımız zaman, Madrid prinsipləri normaldır və bu yolla nəsə əldə etmək olar. Ancaq ermənilər rəsmi bəyan etməsə də, burada bir məsələ var. Onları narahat edən şey heç də rayonları geri qaytarmaq deyil, əsas məsələ Dağlıq Qarabağın statusudur. Burada belə bir cümlə var: Qaçqınlar qayıdır, sonra da referendum keçirilir. Bu gün Qarabağda normal sayda erməni əhalisi yoxdur. Bu gün qaçqınlar Qarabağa qayıtsa, 5-10 il müddətində say baxımından biz onlara çatacağıq. Hətta bəlkə də keçdik. Çünki ermənilərə nisbətən azərbaycanlıların demoqrafiq vəziyyəti daha tez artır. Onsuz Ermənistanın özündə hazırda demoqrafik krizisdir.

“Rusiya hər an öz mövqeyini dəyişə bilər”

- Bəs yaxın gələcəkdə razılıqlar əldə oluna bilər?

- İnanmıram. Yenə də deyirəm, döyüşlər zamanı erməni itkilərinin sayı artsa, bəlkə də onda sazişə gəlmək istəyərlər. Bu gün hələ o istək yoxdur.

- Onda münaqişənin vaxtında dayandırılıb dayandırılmaması sualı ortaya çıxır. Davam etsək, itkimiz çox olardı, ya qazancımız?

- Bunu demək çox çətindir. Birinci Qarabağ müharibəsində də belə hallarla rastlaşmışıq. Hücuma keçmişik, irəliləmişik, sonra kəşfiyyatçılarımız tələyə düşüb. Təhlükə qaçınılmazdır. Burada ən əsas məqam da Rusiyanın mövqeyi idi. Biz bilmirdik, onun neytral mövqeyi realdır, ya sadəcə siyasi bir oyun. Bəlkə də, bir-iki gün də irəliyə gedə bilərdik. Müxtəlif fantaziyalar qura, səsləndirə bilərik, amma təhlükələri nəzərə alıb lazımı yerdə dayanmaq lazımdır. Hazırda edəcəyimiz əsas şey mövqelərdə möhkəmlənməkdir. Danışıqlar bir həllini tapmasa, Azərbaycan daha da güclü cavab verməyə hazır olmalıdır.

- Azərbaycan Rusiya və İsraildən silah alır. Mövcud silah biznesinin münaqişələrə hər hansı bir təsiri var?

- Silah bazarı adi bazardan heç də fərqlənmir. Burada da əsas iki nüans rol oynayır: keyfiyyət və qiymət. Bu baxımdan da Rusiya silahını almaq bizim üçün daha əlverişlidir və unutmamalıyıq ki, ordu bünövrədən Sovet hərbi texnikası ilə silahlanıb. Burada bir məsələ də var ki, Minsk qrupunun həmsədri olan Rusiya həm danışıqlar aparır, həm də hər iki dövlətə silah satır. Burada artıq məntiq pozulur. Rusiya yaxın gələcəkdə ya həmsədrlikdən çıxmalıdır, ya da silah satışını dayandırmalıdır. Ölkənin iqtisadi krizisdə olduğunu nəzərə alsaq, birinci variant daha ağlabatandır.

- Türkiyə də münaqişələr zamanı daha sakit mövqedə dayandı. Proseslər daha da qızışsaydı, müdaxilə edərdi?

- Məncə yox, bu bir balaca mürəkkəb haldır. Rusiya ilə Türkiyənin arasında vəziyyət onsuz da gərgindir. Onlar iki böyük dövlət olaraq daha çox çəkinməyə çalışarlar. Bildiyimiz kimi, Türkiyənin də arxasında NATO durub. Ən aktiv reaksiya Pakistandan gəldi. Elə bizim müstəqilliyimizi də birinci tanıyan Pakistan olub. Rus siyasətçiləri Rəsmi Ankaranı nüvə silahı ilə hədələyəndə də Pakistan bəyan etmişdi ki, Türkiyənin arxasında nüvə silahı olan Pakistan ordusu dayanıb.

- Azərbaycan müharibəyə həm maddi, həm də mənəvi baxımdan hazırdır?

- Hazırlığın dərəcələri var. Maddi cəhətdən hə, amma mənəvi cəhətdən kor-təbii hazırıq. Düşünülmüş formada əhaliylə iş çox zəyif aparılır. Sadəcə xalqın içində vətənpərvərlik ruhu o qədər yüksəkdir ki, proseslərə biganə yanaşa bilmirlər. Döyüşə hamı hazırdır, ancaq nə qədər insan döyüş zamanı nə etməli olduğunu bilir? İstər məktəbdə, istər mətbuatda, istərsə də iş yerlərində psixoloji olaraq döyüşə hazırlıq prosesi getməlidir.

- Son olaraq, yaxın zaman üçün Cənubi Qafqazda baş verən proseslərdə nəsə dəyişiklik baş verə bilər?

- Kremlə yaxın politoloq və siyasətçilər bəyan edir ki, ilin sonuna kimi müqavilə bağlanacaq. 6 rayon və 30 kənd qaytarıla bilər. Bu Kremlin mövqeyidir. Buna Qərb də etiraz etmir, Azərbaycan da. Bircə qalır Ermənistan. Ya onlar buna indidən, ya da bir müddət daha böyük itkilər verdikdən sonra razılıq verəcək. Hazırda biz qalib mövqedəyik və bu psixologiyada hərəkət edəcəyik.

Günel Hacı
Nuran Məmmədov

“Bir yol qalır: İrəvana daha çox meyit göndərmək”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın