Menu
Geri İrəli

Birinci xanım Mehriban Əliyeva Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışında iştirak edib (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2016 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

Moskvada Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutub. Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş olunur.

Sərginin açılışında çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova təqdim olunan əsərlərdən danışdı. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Rusiya Baş nazirinin müavini Olqa Qolodets çıxış edərək Bakıya səfərini xatırlayıb. Qeyd edildi ki, Azərbaycan mədəniyyəti hər zaman özünün qədimiliyi ilə seçilib. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqətdən danışan Rusiya Baş nazirinin müavini Moskvanın mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə bu cür möhtəşəm sərginin açılmasının ölkələrimiz arasındakı dostluq əlaqələrinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski qeyd edib ki, Tretyakov Qalereyasının kolleksiyasına hazırda Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildir. Nazir vurğuladı ki, Bakının yerləşdiyi Abşeron yarımadası xüsusi yaradıcılıq mühitinə malikdir və burada bir çox tanınmış Azərbaycan rəssamları yetişib.

“Mərcani” Fondunun direktoru Rüstəm Süleymanov Abşeron rəssamlarının bu cür rəngarəng və fərqli əsərlərinin Moskvanın nüfuzlu Tretyakov Qalereyasında nümayiş etdirilməsini böyük nailiyyət adlandırıb. Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən bu layihədən məmnunluğunu ifadə edən “Mərcani” Fondunun direktoru belə sərgilərin davamlı olacağına əminliyini bildirib.

Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgi Tretyakov Qalereyasının uzunmüddətli layihəsi çərçivəsində reallaşdırılıb. Layihə çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri təqdim olunacaq. Bu ekspozisiya həmin silsilədən təqdim olunan ilk sərgidir. Əsərlərin əksəriyyəti ilk dəfədir ki, Tretyakov Qalereyasında nümayiş olunur. Bu əsərlər məşhur Abşeron məktəbi haqqında tam təəssürat yaradır. Rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji süjetlər, milli ornamentlər, miniatür sənəti əksini tapıb. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür.

mehriban_aliyeva_foto_151116_21 mehriban_aliyeva_foto_151116_1 mehriban_aliyeva_foto_151116_3 mehriban_aliyeva_foto_151116_4 mehriban_aliyeva_foto_151116_7 mehriban_aliyeva_foto_151116_8 mehriban_aliyeva_foto_151116_10 mehriban_aliyeva_foto_151116_13 mehriban_aliyeva_foto_151116_14 mehriban_aliyeva_foto_151116_16 mehriban_aliyeva_foto_151116_18

Facebook Şərhləndirmə:

Şərhinizi yazın