Menu
Geri İrəli

Bu gün yel çərşənbəsidir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2017 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur
Share Button

cersenbeBu gün Azərbaycanda yel çərşənbəsidir.

Lent.az xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnanca görə, bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Yel çərşənbəsində adətən hava təmizlənir. İnsanlar küləyin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Bu çərşənbədə də hamının həyətində tonqal qalınır.

Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarı ilə qədim əcdadlarımızın yel tanrısına etiqadı ilə bağlıdır. Yel çərşənbəsinin xalq təfəkküründəki canlandırılmış obrazı olan Yel baba insanların arzu-diləklərini, niyyətlərini öz nəfəsi – ilıq mehi, xoş havası ilə cana gətirib, əməli cəhətdən həyata keçirən gücün təmsilçisidir. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir.

Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırırsan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı əl açar”, “Külək kimi hərdən bir yana əsmə”. İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir.

Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər. Yel çərşənbəsində ağaclar oyanar. Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel Babanı köməyə çağırarlar. Yel çərşənbəsində yelləncəkdə yellənərlər. Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın