Menu
Geri İrəli

Dermatoloqdan XƏBƏRDARLIQ: “Uçuğa əl vurmayın, yoxsa…”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2017 • Baxış sayı: 625 dəfə • Şərh yoxdur
Share Button

ucuqqqkk_8e4fb9a4b7a73ef92842eac0b565cd98Dermatoloqlar uçuq virusunu “herpes simptomu” adlandırırlar. Virus səbəbindən yaranan uçuq kiçik qızarıq qabarcıqları kimi meydana gəlir. Dodaq uçuğu çıxmazdan əvvəl ağız ətrafında, ya da dodaqlarda göynəmə kimi bəzi şikayətlər olur. Digər əlamətlər isə 24 saat ərzində özünü göstərməyə başlayır. Bunlara qaşınma, yanma hissi kimi şikayətləri əlavə etmək olar. Uçuq bir dəri problemidir. Türkiyəli dermatoloq Ata Nejat Ertek bu problemə biganə yanaşmamağı məsləhət görür. Ailem.az mütəxəssisin fikirlərini və məsləhətlərini təqdim edir.

Həkim bildirir ki, uçuq yaradan virus bədənə daxil olub bir dəfə iltihab yaratdıqdan sonra həmin bölgədə olan sinir bağlarına girib orada yerləşir. Xüsusilə bədən zəif olduqda tez-tez və çox yaranır. Uçuq depressiya, stress, kabus görmə kimi narahatlıqlar zamanı ortaya çıxar: “İmmunitet sistemi zəiflədikdə, qadınların menstruasiya dövrlərində, dəri bütövlüyü pozulduqda (dodaq ətrafına çarpma, vurma, dişləmə kimi), yuxu pozuqluqları zamanı (həddindən artıq yuxusuzluq kimi), yorğunluq hallarında, həddən çox günəş işığına və zərərverici ultrabənövşəyi şüalara məruz qaldıqda, bədəndə hər hansı infeksiya meydana gəldikdə uçuq virusu aktivləşir. Bununla yanaşı, anemiya xəstəlikləri zamanı da bu dəri problemi olduqca tez-tez meydana gəlir”.

Bu virusun yoluxucu olduğunu deyən mütəxəssis uçuğu olan insanların fərdi əşyalarını (stəkan, çəngəl, qaşıq, yastıq, dəsmal kimi) başqa insanlarla paylaşmamasını tapşırır. Öpüşdükdə də uçuq olan bölgəyə toxunmaq olmaz: “Çox vaxt uçuq çıxanda ona toxunur, qaşıyır, qopardırıq. Uçuğa əl vurmaq, qabığı ilə oynamaq olmaz. Uçuğu olan qadınlar makiyaj edərkən çox diqqətli olmalıdırlar. Qəti olaraq uçuğa əl vurmayın. Uçuğun təkrar yaranması təhlükəsi ola bilər. Ona görə də müalicəsi üçün mütləq dermatoloqa müraciət edin”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın