Menu
Geri İrəli

Devalvasiya toy biznesini də çökdürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur

İqtisadçı ekspert: “Bir çox şadlıq evlərinin fəaliyyəti dayana bilər”

 toy

Devalvasiya toy biznesini də çökdürüb. Belə ki, artıq toy edənlərin sayında kəskin azalma müşahidə edilir. Hazırda restoranlardakı real vəziyyətin necə olduğunu öyrənmək üçün onların bir neçəsi ilə əlaqə saxladıq. Restoranların demək olar ki, hamısından devalvasiyanın onlara da təsir etdiyini, toy sifarişlərinin azaldığını bildirdilər. Qiymətləri sabit saxlasalar da, heç bir toy sifarişi olmadığını deyən restoran inzibatçıları hətta əvvəldən toy sifarişi edib, sonradan onu təxirə salanların olduğunu dedilər. 
Məhz bu səbəblərə görə restoranlar iş birliyi etdiyi müxtəlif qida firmalarının əksəriyyəti ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.  Həmçinin toy sifarişlərinin azlığı restoranlarda çalışan işçi personalının və bir sıra musiqiçilərin ixtisara düşməsinə də səbəb olub. Restoranlarda əvvəl 25-30 manatlıq menyuya musiqi, gəlin maşını kimi xidmətlər də aid edilirdisə, indi bunlar menyudan çıxarılaraq əlavə xidmət kimi təklif edilir və hər birinin də ayrıca qiyməti var.
Bir sözlə, devalvasiya toy-restoran biznesini də öldürüb. Maraqlıdır, vəziyyət bu cür davam edərsə, restoran və şadlıq evlərini hansı sonluq gözləyir?
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bir çox  şadlıq evlərinin fəaliyyəti dayana bilər: “Ümumiyyətlə, problem yarandığı halda iqtisadi böhranlar bütün sferalara öz təsirlərini göstərir. O cümlədən də toy biznesinə artıq müəyyən qədər öz təsirini göstərib. Belə ki, bu istiqamətdə əvvəlki qiymətlərin qorunub saxlanması, əvvəlki qiymətlərdə xidmətlərin təklif edilməsi bu sferada fəaliyyət göstərən biznes subyektləri üçün zərərə gətirib çıxarır. Ona görə də bu istiqamətdə qiymətləri bahalaşdırmırlar. Qiymətləri bahalaşdırırlarsa, bu, qarşı tərəfin əlavə xərclərinə gətirib çıxarır. Məhz bu səbəbdən də son 20 gün ərzində əvvəlcədən razılaşdırılmış məclislərin təxirə düşməsi müşahidə olunur.
Bundan sonrakı dövr üçün sifarişlərin qəbul edilməsi də faktiki olaraq dayanıb. Bunun da əsas səbəbi odur ki, əhali yaranmış situasiyanı qiymətləndirə, proseslərin hansı məcraya qədər davam edəcəyini bilmir. Böhranın nə qədər dərinləşəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Bir çox hallarda itkilərin qarşısını almaq məqsədilə vətəndaşlar toyların təxirə salınması və bunların nisbətən normal şərtlər daxilində həyata keçirilməsi qərarını qəbul edirlər. Əgər bundan sonra böhran davam edəcəksə, təbii ki, toyların sayında azalma baş verəcək. Xüsusilə də şadlıq saraylarının fəaliyyəti dayanma həddinə qədər azala bilər. Lakin daha ucuz xidmətlər təklif edən şadlıq evlərinin fəaliyyətində nisbətən dinamika müşahidə olunacaq. Çünki əhali daha aşağı qiymətli xidmətlərdən istifadəyə meyllənəcək. Ümumiyyətlə götürdükdə isə düşünürəm ki, bu proseslər uzunmüddətli dövr üçün Azərbaycanda formalaşan bahalı, dəbdəbəli toy məclisləri ənənələrinin nisbətən daha qənaətcil formasının yaranmasına gətirib çıxaracaq”.
Bir sıra tanınan restoranların menyularındakı ixtisarlara və bu xidmətlərin ayrıca hesablamasına, qiymət artımına gəlincə isə iqtisadçı bu cür gəlir əldə etməyin mümkünsüz olduğunu dedi: “Bazar iqtisadiyyatının ən gözəl xüsusiyyətlərindən biri məhz bazarın özü-özünü tənzimləməsidir. Əgər kimsə qiymət artımlarına gedirsə, bu o deməkdir ki, hansısa formada onun xidmətindən istifadəyə tələb var. Ola bilsin ki, bahalı xidmət göstərir. Amma buna baxmayaraq, onun xidmətlərindən istifadə edən sosial sfera üçün müəyyən ciddi problemlər olmadığına görə o xidmətlərdən istifadə edirlər. Bahalaşma səbəbindən onlar da qiymətləri artırır. Amma bir çox hallarda da müşahidə olunur ki, bu kimi restoranlar düzgün strategiya həyata keçirmir. Bu, nəticədə onların dövriyyələrinin daha çox azalmasına gətirib çıxarır. Yəni bu prosesin tənzimlənməsi müəyyən vaxt tələb edir. Bu vaxt çərçivəsində də müəyyən olunacaq ki, qiymətlər hansı səviyyədə müəyyənləşəcək. Böhran dərinləşdikcə xidmət sferasındakı qiymətlərdə ucuzlaşma müşahidə ediləcək. Baxmayaraq ki, onların aldığı məhsullarda bahalaşma olacaq. Bu günə qədər bu sferada çox ciddi marja var idi. Hətta bəzi hallarda 60-70 faizə qədər yüksəldirdi. Onların təklif etdiyi xidmətlə əldə etdiyi məbləğlə bundan sonrakı dövrdə məcbur qalacaqlar ki, öz marjalarını azaltmaqla qiymətlərin azaldılması istiqamətində fəaliyyət göstərsinlər. Təbii ki, bununla razılaşmayan sahibkarlıq subyektləri öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar. Əhalinin sosial vəziyyəti nəzərə alınmaqla daha az gəlir götürüb sadəcə mövcudluğunu və müştəri potensialını qoruyub saxlamağa cəhd göstərəcəklər. Bu cür olacaqsa, sahibkar fəaliyyətini davam etdirə biləcək. Əksi olarsa, iflas olacaq, yaxud da ki, öz fəaliyyətini dayandıracaq”.
Günel MANAFLI

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın