Menu
Geri İrəli

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi azadlığa çıxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2016 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

reshaddBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo ”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri davam etdirilib.

Sübutların tədqiqi mərhələsi və məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Hər üç təqsirləndirilən şəxsin 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Bu müddətə uyğun olaraq təqsirləndirilən şəxslərin həbs müddəti başa çatmış sayılır.

Məhkəmə kollegiyası hökm elan olunması üçün yarım saatlıq fasilə elan edib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.

Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

***

Prosesdə şahid qismində Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verərək deyib ki, Baş nazirin müavinin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar: “Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin adları yox idi, amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik”.

R. Məmmədov isə yoxlamanın qərəzli aparıldığını deyib.

***

Fasilədən sonra məhkəmə prosesi davam etdirilib.

Təqsirləndirilən Rəşad Məmmədovun vəkili Akif Əlizadə müdafiə nitqi ilə çıxış edərək R.Məmmədov barəsində bəraət hökmü çıxarılmasını istəyib. O bildirib ki, R.Məmmədov əslində bu cinayət işində təqsirləndirilən yox, zərərçəkmiş şəxsdir.

İsfəndiyar İsfəndiyarovun vəkili Iradə Cavadova müdafiə nitqi ilə çıxış edərək İ. İsfəndiyarovun istintaq və məhkəmə zamanı özünü təqsirli bilmədiyini deyib: “Onun aldatmaq niyyəti olmayıb. Sadəcə, alqı-satqını rəsmiləşdirib. Müdafiə etdiyim şəxs 1 il 1 aydan çox təqsirsiz olaraq MTN-də həbsdə saxlanılıb. Onun barəsində bəraət hökmü çıxarılmasını istəyirəm”.

Arzu Məmmədovun vəkili Gülnarə İlyasova müdafiə nitqi ilə çıxış edərək A.Məmmədovun sadəcə olaraq İ. İsfəndiyarovla qohum olmasına görə ona inandığını deyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bundan sonra təqsirləndirilən şəxslərə çıxış üçün söz verilib. Rəşad Məmmədov son söz nitqi ilə çıxış edib: “Vəkilimin çıxışında dediyi fikirlərlə razıyam. Sizin ədalətli qərar çıxaracağınıza inanıram”.

İ. İsfəndiyarov son söz nitqi ilə çıxış edib: “Mayın 12-də Rəşad Məmmədov saxlanılanda mən tutulmamışdım. Özüm MTN-ə getdim ki, maraqlanım görüm Rəşad niyə tutulub. Bu mənim vicdanlı olduğumu sübut edir. Mən böyük mənəvi rahatlığımı 2015-ci ilin oktyabrın 17-də tapdım. Prezidentin sərəncamı ilə X adam vəzifədən çıxarılanda, onun kim olduğunu hamı bilir. Boş fırtina idi, gəldi getdi. Başqa günahlarımız var idisə, bununla çıxdı. Xahiş edirəm, mənə bəraət verilsin. Siz verməsəz də, prezident 17 oktyabrda mənə o bəraəti verdi. Mənə bəraət verilməsə, atamın gözünə baxa bilmirəm. Hökm göydə Allahın, yerdə sizindir”.

Arzu Məmmədov son söz nitqi ilə çıxış edərək məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.
Məhkəmədə saat 17-dək fasilə elan olunub.

***

Məhkəmə prosesində müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan ediblər.

Hökmə əsasən Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Onların həbsdə qalma müddətinə görə verilən cəza müddəti artıq bitdiyi üçün R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb.

R.Məmmədova 2 il müddətinə dövlət qurumunda vəzifə tutmaq qadağan edilib.

Arzu Məmmədov barəsində olan ev dustaqlığı qərarı ləğv edilib.

Murad Əhməd

Facebook Şərhləndirmə:

Şərhinizi yazın