Menu
Geri İrəli

Əliyevlə Putinin qəfil görüşü: Bakını narahat edən məsələlər

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 612 dəfə • Şərh yoxdur
Share Button

201625_res_01Xəbər verildiyi kimi bu gün axşam Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə işgüzar görüş keçirəcək. Görüş barədə az əvvəl Putinin mətbuat katibi Dmitri Peskov anons edib, müzakirə olunacaq məsələlərlə bağlı heç nə deyilməyib.

Bununla belə Azərbaycan və Rusiya prezidentlərinin xeyli fasilədən sonra keçiriləcək bu görüşü müzakirəsi gözlənilən məsələlər baxımından olduqca mühümdür, hətta kritik hesab edilə bilər. Belə ki, Rusiya prezidenti ilə müzakirə etmək üçün heç şübhəsiz Qarabağ başda olmaqla  Bakını narahat edən bir sıra ciddi məsələlər var.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətləri son illərdə doğrudan da ciddi ölçülərdə irəliləyib. Və bunda əsas rolu prezidentlərin möhkəm şəxsi münasibətləri oynayıb. Bununla belə son vaxtlar Rusiya ilə münasibətlərə dair Bakını narahat edən məqamlar da ortaya çıxıb.

Bunlardan biri Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxdan dayanmış danışıqlar prosesini, hansı ki, söhbət münaqişənin həlli yollarının müzakirə olunduğu konkret, mahiyyət üzrə danışıqlardan gedir, bərpa etmək üçün səylərini zəiflədib. Yaxud belə demək olar ki, Rusiya ötən ilin aprelində hərbi əməliyyatları dayandırandan sonra Kremlin nəhayət erməni tərəfini danışıqlar masası arxasına keçməyə məcbur edəcəyinə dair Bakıda yaranmış ümidlər özünü doğrultmayıb. Əvəzində Rusiya Ermənistanla hərbi müttəfiqlik münasibətlərini daha da möhkəmləndirərək İrəvana sanki status-kvonu uzatmaq üçün yeni kart-blanş verib.

Nəticədə Ermənistan danışıqlardan nümayişkarənə şəkildə yayınır və bunu hər dəfə münaqişənin həllinə birbaşa dəxli olmayan hansısa “yerinə yetirilməmiş öhdəliklərlə” əsaslandırır. Bu günlərdə Rusiya XİN-dəki mənbəyə istinadən belə xəbər yayılmışdı ki, Moskva payızda  Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir, yaxud tərəflərə belə təklif təqdim edib. Ancaq həmin məlumatı Rusiya XİN-in rəsmisi Artyom Kojin “uydurma” adlandırıb, Moskvanın tərəflərə belə təklif vermədiyini bildirib.

Minsk Qrupunun digər iki həmsədri ABŞ-la Fransa hazırda Qarabağla məşğul olmaq həvəsində deyil. Donald Tramp özünü Rusiya məsələsinə görə getdikcə artan təzyiqlərdən müdafiə etməklə məşğuldur və Qafqazın problemləri ilə maraqlanmağa vaxtı yoxdur.Hərçənd Bakının bu məsələdə ABŞ-ın yeni administrasiyasından böyük gözləntiləri var.  Fransada isə yeni prezident Emmanuel Makron prezidentlərin görüşünə ev sahibliyi etməyə hazırdır, ancaq Qarabağ məsələsi ilə yaxından məşğul olmaq üçün təcrübəyə malik deyil. Makronun gündəmində hələlik geosiyasət yoxdur və onun başı ölkəsinin daxili təhlükəsizlik məsələlərinə, bir də Avropa İttifaqının problemlərinə qarışıb.

Nəticədə Rusiya faktiki olaraq Qarabağ münaqişəsində aparıcı rola malik olan tək həmsədrdir. Deməli danışıqların bərpası üçün əsas ümidlər də Moskvayadır. Moskvanın isə fəal səyləri nəzərə təəsüf ki, çarpmır, bu səylər son vaxtlar səngiib. Bu baxımdan gözləniləndir ki, Soçi görüşündə Rusiyanın Qarabağa dair səylərinin artırılması məsələsi qaldırılacaq.

Qarabağ məsələsi konktekstində Azərbaycanı narahat edən məsələlərdən biri də Rusiyada erməni diaspor çevrələrinin hakimiyyət və ictimai institutlardakı adamları vasitəsilə son vaxtlar Moskvanın Azərbaycana dair (o cümlədən Qarabağ məsələsində) siyasətinə təsir etmək  səylərini artırmasıdır. Bakıdan belə səyləri aydın müşahidə etmək olur və erməni lobbi dairələri Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini zəiflədə bilmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.

Rusiya XİN-in “erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması və diskriminasiyası” barədə bu günlərdə səslənən, Bakıda böyük təəcüblə qarşılanan və diplomatik üslubdan uzaq, hətta kobud ifadələrin yer aldığı bəyanatlar Azərbaycan hakimiyyət dairələrində haqlı olaraq suallar doğurdu. Rəsmi Bakı, o cümlədən prezidentin xarici əlaqələr üzrə köməkçisi bu bəyanatların təəcüb və təəsüflə qarşılandığını ifadə etdi. Hansı ki, bundan əvvəl Rusiyadakı əsas azərbaycanlı diaspor təşkilatının qeydiyyatının məhkəmə yolu ilə ləğv edilməsi də Bakıda təəcüb və təəsüf hissi ilə qarşılanmışdı.

Hazırda təşkilatın qeydiyyatının ləğvi barədə qərardan apelyasiya şikayəti məhkəmə baxışındadır və Bakı ümid edir ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən məyusluq yaradan bu məsələ yuxarı instansiyada müsbət həll olunacaq. Gözlənilir ki, prezidentlərin Soçi görüşündə bu məsələ də qaldırılacaq.

Daha geniş kontekstdə isə prezidentlərin strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmək yolları üzərində fikir mübadiləsi aparacağı təxmin edilə bilər. Hansı ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə tam sadiq qalıb və münasibətlərin bu səviyyəsinin tələb etdiyi kimi öz qonşusu, mühüm tərəfdaşı ilə ortaq maraqlar çərçivəsində hərəkət edib, yaxud Rusiyanın maraqlarına zidd hansısa addımlar atmayıb və indi qarşı tərəfdən də bu münasibət gözləməkdə haqlıdır.

Ermənistan barəsində isə bunları demək olmaz, çünki son vaxtlar İrəvanın siyasətində strateji müttəfiqinin maraqlarına birbaşa zidd olan bir sıra çalarlar meydana çıxıb. Məsələn, Rusiyanın İrandakı səfiri olan erməni Caqaryanın prezident Putinin şəxsən dəstəklədiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinə qarşı iş apardığı haqda virtualaz.org yazmışdı. Yaxud İrəvan Avropa İttifaqı ilə yeni üstün tərəfdaşlıq razılaşmasını paraflayıb və payızda imzalamağa hazırlaşır. Hansı ki, bu razılaşma Rusiyanın öz maraqlarına birbaşa təhlükə hesab etdiyi Assosiasiya razılaşmasına çox yaxındır.

Eləcə də Ermənistanın NATO ilə tərəfdaşlığında xeyli fəallıq müşahidə edilir və bütün bunlar Moskvanın alyansı öz sərhədlərindən mümkün qədər uzaq tutmaq üçün çalışdığı bir vaxtda baş verir. Başqa sözlə, Ermənistanın Rusiyanın maraqlarına hər fürsətdə xəyanət etdiyi bir vaxtda Azərbaycan Moskvanın siyasətində erməni maraqlarına doğru aşkar meyllənmə əlamətlərini niyə təəsüf və təəcüblə qarşılamasın ki?!

Fərhad Məmmədov

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın