Menu
Geri İrəli

Əmlak vergisi nədir?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2016 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

emlak novostroyka11Əmlak vergisi – son aylar ərzində sumqayıtlılar bu söz birləşməsinə tez-tez rast gəlirlər. Qapılarına gələn bildirişlər, müfəttişlər onları əmlak vergisini ödəməyə dəvət edirlər. Hansı ki, əvvəllər nəinki belə bir vergi ödəməyiblər, hətta bu barədə heç nə eşitməyiblər də. Ancaq bu, o demək deyil ki, bu vergi qanunvericiliyə əsaslanmır. Beləliklə, gəlin bu “yeni” verginin mahiyyətini aydınlaşdırmağa çalışaq.

2014-cü ilin iyun ayında Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib. Dəyişiklik edilmiş qanun 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib.

Bu qanuna əsasən əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanır. Müvafiq olaraq, 30 kvadratmetrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur.

Qanunda verginin hesablanma qaydası və dərəcələri aydın şəkildə göstərilir. Bildirilir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Əmlak vergisi müxtəlif regionlarda müxtəlifdir. Aşağıdakı cədvəldə hər kvadratmetrə görə hesablanan verginin məbləği göstərilir

Sumqayıt üzrə bu rəqəm hər kvadratmetr üçün 30 qəpikdir. (Dediyimiz kimi, bu, sahəsi 30 kv.metr olan mənzillərə aid deyil, sahəsi daha artıq olan mənzillərdə isə 30 kv.metr ölçü mənzilin ümumi sahəsindən çıxıldıqdan sonra hesablanılır).

 

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri(manatla)
Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

 

 

Vətəndaşları narahat edən daha bir sual var: “Bəs “JEK”-lərə, yəni MİS-ə ödədiyimiz ödənişlər nədir?”

Bu sualı aydınlaşdıraraq bildirək ki, MİS-ə edilən ödənişlər vergi deyil, xidmət haqlarıdır: Mənzilə, binaya, həyətyanı ərazilərə MİS tərəfindən göstərilən xidmətə görə edilən ödənişlərə uzun illərdir ki, “ev pulu” adı qoyulsa da, bu, xidmət ödənişidir və yerli bələdiyyələr tərəfindən hesablanan əmlak vergisi ilə heç bir əlaqəsi yoxdur.

Ancaq güzəşt və vergidən azad olunan kateqoriya da var. Qanuna baxaq:

4.10.1. misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir;
4.10.2. binaların icarəyə, kirayəyə verilməsi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində binaları olduqda, 30 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış əmlak vergisi məbləğindən və yaxud müxtəlif bələdiyyələrin ərazilərində yerləşən binalara görə hesablanmış vergi məbləğlərindən binaların  sahələrinə mütənasib olaraq çıxılır.
4.10.3. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan  sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarındakı əmlaklarına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Nəhayət, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi üzrə güzəştlərin hesablanmasına dair misallar:
Misal 17. Fiziki şəxsin Gəncə şəhərində yerləşən sahəsi 150 kv.metr olan yaşayış evi və xalq musiqi alətlərinin hazırlanması ilə məşğul olduğu sahəsi 35 kv.metr olan emalatxanası vardır. Bu halda emalatxananın sahəsindən vergi hesablanmır. Fiziki şəxsin yaşadığı binanın 150 kv.metr sahəsindən 30 kv.metr çıxıldıqdan sonra qalan sahəyə görə 36 manat ((150 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.
Misal 18. Müharibə veteranı adı almış şəxs Sumqayıt şəhərində sahəsi 60 kv.metr olan yaşayış binasını kirayəyə vermişdir. Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona 9 manat ((60 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.
Misal 19. Müharibə əlilinin mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 70 kv.metr olan yaşayış binası və sahəsi 80 kv.metr olan kommersiya fəaliyyəti üçün istifadə etdiyi digər binası vardır. Bu halda, yaşayış binasına görə 8 manat ((70 kv.metr – 30 kv.metr) x 0,2 manat) əmlak vergisi verilən güzəştin məbləğindən (30 manatdan) az olduğu üçün əmlak vergisi hesablanmır. Lakin, kommersiya fəaliyyəti üçün istifadə edilən binaya görə isə güzəşt tətbiq edilmədən 16 manat (80 kv.metr x 0,2 manat) əmlak vergisi hesablanır.

Vüsal

Facebook Şərhləndirmə:

Şərhinizi yazın