Menu
Geri İrəli

Ərəblər Bakıya niyə axın edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

Ekspertlər bir neçə səbəb göstərir

ereb Son vaxtlar Bakı küçələrində ərəb turistlərin sayı artmaqdadır. Adətən ölkəmizə Avropadan, Rusiyadan, İrandan turist gəldiyindən ölkədə qısa müddətdə qara çadralı ərəb qadınlarının, başı əmmaməli ərəb kişilərinin sayının artması sakinlərin də marağına səbəb olub.

Statistika da göstərir ki, Azərbaycan BƏƏ-dən olan turistlərin istirahət etmək üçün seçdikləri ölkələr siyahısında ilk beşlikdədir. Ərəb turistlər üçün ən yaxşı səyahət fürsətləri olan ölkələrin siyahısında Gürcüstan, Azərbaycan, Hindistan və Şri-Lanka ilk beşliyə daxildir.
Azərbaycan rəsmilərindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də ANS telekanalının “Hesabat” proqramında müsahibəsində bildirib ki, sadəcə, bu ilin aprel-may ayları ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələnlərin sayı ölkəyə son iki ildə gəlmiş turistlərin sayına bərabər olub. Nazirin sözlərinə görə, bunda Azərbaycanda Fars Körfəzi ölkələri vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsi əsas rol oynayıb. Bundan əlavə, bu ölkələrdə təqdim edilən reklamlar da az əhəmiyyət kəsb etmir.
 
Bəs görəsən, Azərbaycana üz tutan ərəblər əsasən hansı kateqoriyaya daxildir və onları Bakıya cəlb  edən əsas səbəb nədir? 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan manatının ucuzlaşması və viza rejiminin sadələşdirilməsi ərəbləri ölkəmizə daha çox cəlb edir: “Əslində ölkəmizə turist nə qədər çox gəlsə, bir o qədər yaxşıdır. Ərəblərin gəlməsinin isə bir neçə səbəbi var. Birinci səbəb odur ki, Azərbaycan ərəb ölkələri ilə viza rejimini sadələşdirdi, viza problemi demək olar ki, böyük ölçüdə həll olundu. Düzdür, administrativ problemlər hələ də qalıb. Lakin viza almaq əvvəlki illərə nisbətən daha sərbəst və rahatdır. İkincisi, Azərbaycanda milli valyutanın devalvasiyaya  uğraması bəzi xərcləmələrin Azərbaycanda daha ucuz başa gəlməsinə səbəb oldu. Digər tərəfdən, bu, həm də təhlükəsizlik məsələsidir. Avropada  və Türkiyədə baş verənlər bəzi ərəb ölkələrindən bəzi marşrutların dəyişməsinə səbəb oldu. Çünki onların xaricə gedərkən görmək istədikləri işlər öz ölkələrində qadağan olunub. Öz ölkələrində sərbəst hərəkət etmək və ya əylənmək qadağandır, əyləncələr çox məhduddur. Azərbaycan bu anlamda onlar üçün cəlbedicidir. Ona görə də Azərbaycana marağın artmasının səbəbi budur. Bu tendensiyanın yaxın gələcəkdə artması ehtimalı var. Bu da  Azərbaycana əlavə dividentlər verir. Bununla yanaşı, turizm obyektlərində xidmətin keyfiyyətinin yaxşılaşması da buna şərait yaradır. Lakin təəssüf ki, Azərbaycanın turizm obyektləri baxıb görsə ki, turist gəlməkdə davam edir, qiymətləri qaldırıb keyfiyyəti aşağı salsalar, o zaman ərəblər digər marşrutları seçə bilərlər. Məsələn, Gürcüstan marşrutu daha sərfəlidir. Ona görə də Azərbaycan diqqətli olmalı, problemlərin yaranmasına yol verməməlidir. Əks halda, gələn il həmin turistlər marşrutu dəyişə bilər”.
Turizm eksperti Çingiz İsmayılov isə “Yeni Müsavat”a açıqlamasında ərəblərin əsasən mühacirət məqsədilə, Azərbaycandan Avropaya keçmək üçün gəldiklərini düşünür: “Ərəblərin Azərbaycana marağının tam dəqiq səbəbi təbii ki, onların özündədir. Lakin bizim də müşahidələrimiz Bakıda və bölgələrimizdəki turizm zonalarında ərəblərin artdığını göstərir. Onların yaşam tərzi və adət-ənənələri bizimkindən fərqlidir. Bizim üçün burada ərəblərin artması o qədər də xoş deyil. Onların çoxu qaçqınlardır, müharibə zonalarından qaçıblar. O adamların Bakıya gəlməsinin bir neçə səbəbi var. Bir qismi Avropaya köçmək üçün gəlir, müvəqqəti olaraq burada gözləyir. Bir qismi burada məskən salmağı düşünür, bəziləri istirahət məqsədi ilə gəlib”.
Ekspert hesab edir ki, əsas səbəb Avropaya keçmək və o vaxta qədər Bakıda yaşamaqdır: “Onlar o qədər də acınacaqlı vəziyyətdə deyillər. Lakin zəngin insanlara da oxşamırlar. Çox güman ki, orta təbəqədirlər. Orta təbəqənin də yəqin ki, qızıl-pul ehtiyatları  var. Avropa ölkələrinə birbaşa keçməyə də qorxurlar, orada mühacir ərəblərin üstündəki zinət əşyalarını götürüb yardım fonduna verirlər ki, sonradan onlara yardım edə bilsinlər. Bu da bir tərəfdən insan haqlarının pozuntusudur. Avropa qurumlarının hərəkətində də məntiq var. Çünki mühacirlər orada yardım alırlar. Təsəvvür edin ki, kiminsə üstündə 15 min manatlıq qızıl var, lakin dövlətdən yardım istəyir. Bu insanlar kasıblaşmış orta təbəqədir. Görünür, onların buraya gəlməyə və qalmağa maddi imkanı var”.
Nərgiz LİFTİYEVA, “Yeni Musavat”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın