Menu
Geri İrəli

Ermənilər ona “Bakılı Cavid” deyirmiş – Şəhid baş leytenantın sirli həyatı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 661 dəfə • Şərh yoxdur
“Düşmən tərəfinin şəhidlərimizin yanında danışdıqları kadrlar əlimizə keçib. Orada Caviddən danışırlar.”

 

Femida.az aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib, şəhid olan hərbçilərimizlə bağlı reportajlarını davam etdirir. Bu gün həyatından bəhs edəcəyimiz qəhrəman döyüşçü ordumuzun şəhid olan baş-leytenantı Dədəkişiyev Cavid Gülbaba oğludur. 

Qəhrəman döyüşçünün arayışı…

Dədəkişiyev Cavid Gülbala oğlu 5 iyul 1989-cu il tarixdə İmişli rayonunun Qaralar kəndində anadan olub. Ailənin böyük övladı olan Cavidin uşaqlığı nənəsinin və əmisinin yanında keçir. Onlar eyni həyətdə yaşadıqları üçün Cavid nənəsinə çox bağlı olub. Buna görə də uşaq vaxtarından onun qayğısını nənəsi və əmisi Əsəd Dədəkişiyev çəkir. Cavidin özündən başqa Vasif, Səməd adlı qardaşları və bir bacısı var. Uşaqlıqdan ailənin ən sevimli və qayğıkeş övladı olan Cavid çox cəld və iti hərəkətləri ilə seçilirdi. Uşaqlıqdan arzusu hərçi olmaq və Qarabağı işğaldan azad etmək idi. Bu yolda o artıq ilk addımlarını atırdı. 2006-cı ildə İmişli rayonu Namiq Abışov adına tam orta məktəbi bitirdikdən sonra hərbç i olmaq arzusunu reallaşdırmaq istəyən Cavid elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyaya daxil olur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid 2010-cu ilin 26 iyun tarixində ilk hərbi rütbəsini – leytenantı alır. Bu gənc hərbçinin əziyyətinin ilk bəhrəsi idi. Və o bu rütbəni çiyinlərində böyük fərəh və sevinclə daşıyırdı. Peşəkar hərbçi olmaq yolunda o israrlı idi. Buna görə də daima bu yolda irəliləmək üçün çalışırdı. Bu səbəbdən də o 2010-2011-ci il ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisaslaşdırma kursunda dinləyici vəzifəsində iştirak edir. Torpaqlarımızın işğal altında qalması ürəyi vətənlə döyünən gənc leytenantı rahat buraxmırdı. O hər zaman ön cəbhəyə və döyüşə can atırdı. Beləliklə gənc leytenant həmin zirvəyə gedəcək yolun ilk addımını atdı. 2011-ci ildə Goranboy rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə təyinat alır və orada taqım komandiri vəzifəsində xidmətinə başlayır. Bu gənc leytenantın ilk işi və vəzifəsi olur. Xidməti illərində o əsgərlərə bir qardaş və dayaq olur. Elə buna görədir ki, əsgərləri ona qardaş kimi müraciət ediblər.

Bizimlə söhbəti zamanı şəhid baş-leytenantın əsgəri olmuş Natiq Quliyev onunla keçirdiyi günləri belə xatırlayır…

- Cavid Dədəkişiyevlə 2011-ci ildə Goranboyda xidmətdə olmuşam. Düşmənlə üz-üzə olan bir postda xidmət edirdik. Ermənilər dayanmadan kənd sakinlərini və bizim mövqelərimizi atəşə tuturdu. Həmin vaxt Cavid bizim taqım komandiri idi. O heç vaxt düşməndən qorxmazdı. Əksinə düşmən ondan çox qorxurdu. Çünki, Cavid çox cəld və çevik idi. Dəfələrlə erməni təxribatının qarşısını birgə almışdıq. Bu gün mən inana bilmərəm ki, Cavid kimi bir oğul və komandir yoxdur. Ona görə ki, o bizə ölməz bir insan kimi görünürdü. Özü də ən böyük arzusu Qarabağı birgə azad etməyimiz idi. O təkcə komandir yox, həm də qardaş idi. O bizə o qədər yaxşı komandir olmuşdu ki, xidmətdən sonra mən onunla əlaqə saxlayırdım. Sonuncu danışığımız bu ilin Novruz bayramı günü oldu. Mən onun bayramını təbrik etdim. O da mənimlə çox mehriban danışdı. Bu günün özündə belə onun nömrəsini telefonumdan silməmişəm. Çünki, o bizim üçün ölməyib.

Daha sonra Cavidlə bağlı xatirələrini onun kursant və hərbçi yoldaşı S. Mirzəyev danışır…

Biz Cavidlə akademiyada bir oxumuşuq. Tale elə gətirdi ki, bizim xidmətimiz də eyni ərazidə oldu. Mənim üçün baş-leytenant Dədəkişiyev tam başqa insandır. Çünki, onun içində olan arzunu və istəkləri mən bilirdim. Onun haqqında keçmiş zamanda danışmamışam və danışmayacam da. Çünki, o həyatı , insanları və ən əsası Vətəni sevən zabit idi. Bundan əlavə çox gözəl insan, mərd oğlan idi. O qədər cəld və iti hərəkətləri var idi ki, buna görə biz ona Cin Dədə deyirdik. Ləqəbi elə qalmışdı. Hara göndərsən oradan mütləq əli dolu gəlirdi. Onun üçün çətin iş yox idi. Dədəkişiyevi fərqləndirən bir cəhət də onun həmişə üzünün gülməsi idi. Nə qədər ciddi idisə bir o qədər üzündə təbəssüm olurdu. Onun gülüşünü və üzünü ömrüm boyu unutmaram. Öz-özümə fikirləşirdim ki, görən bu insanın heçmi dərdi yoxdur? Amma yox! Yanılırdım. Onun dağ boyda problemi olduğu qədər, dağ boyda ürəyi var idi. Amma bütün problemlərini ürəyində saxlayardı. Mənə bir kömək lazım olanda “ ay yerli, nə olub? Nə kömək lazımdır?”- deyib, üstümə qaçardı.

Cavidin hobbisi it saxlamaq idi. O deyirdi ki, itlər çox vəfalıdır. Ona görə saxladığı itlərə böyük qayğı göstərirdi. O itləri demək olar ki, hər şeydən çox istəyirdi. Novruz bayramı ərəfəsində itinin biri xəstələnmişdi. İkimiz getdik aptekdən iynə aldıq. Geri qayıdanda yarıyolda dayandı.

Soruşdum, nə oldu , Dədə?
Dedi: “Bu iynə az olar. Gedək başqa aptekdən də alaq”

Sözünü yerə salmadım. Bilirdim ki, itlərini çox istəyir. Elə həmin vaxt yolboyu söhbət etdik. Deyirdi ki, torpaqlar qayıdandan sonra evlənəcək və özünə təsərrüfat açacaq. İstəyirdi ki, sakit bir həyat tərzi yaşasın. Onun ən böyük arzusu da Qarabağın alınması idi. O ölümdən heç qorxmurdu. Canından çox sevdiyi torpağı üçün elə canını da qurban verdi.

Daha bir zabit yoldaşı bir bölükdə taqım komandiri olmuş və hazırda ehtiyatda olan zabit Nurlan Sədiyev Cavidlə bağlı xatirələrindən danışır…

- Cavidlə tanışlığımız ehtiyat taborda xidmətlə başlayıb. Daha sonra bir bölüyə və posta təyinat aldıq. Hərəmiz bir taqımın komandiri idik. Düz 6 ay onunla birlikdə düşmənlə üz-üzə postda xidmət etmişik. Bir bölükdə 3 taqım komandiri olmuşuq. Mən, Dədəkişiyev Cavid və Orucəliyev Qabil. Noyabrda müqaviləm bitdiyi üçün ehtiyata buraxılacaqdım. Cavid də o vaxta kimi təxris olacaqdı. Həmişə kağız götürüb gələcək planları barədə yazırdı. O təxrisdən sonra nə işlər görəcəyini fikirləşirdi. Bir dəfə mənə zəng etdi ki, Meyvəli bazarından sarımsağın qiymətini soruşum. Fikri var idi ki, əgər bu iş sərfəli olardısa o İmişlidə sarımsaq əkər. Təxrisdən sonra mən Gürcüstana getdim. Cavid mənə zəng etdi ki, hardasa 10 günə onun da təxris əmri çıxacaq. Əmimlə birlikdə Gürcüstandan Bakıya kartof gətirmək istədiyini dedi. Mən də bunu əmimə deyəndə o da razılaşdı. Hər şey hazır idi. Cavid təxrisdən sonra Gürcüstana gedib, orada əmimlə birlikdə işləyəcəkdi. Amma qismət deyilmiş. Bir söz deyim bu günü özündə belə onun nömrəsini telefonumdan silməmişəm. Mənim üçün o insan sağdır. Onun heç bir vəzifədə və rütbədə gözü yox idi. Çox mərd insan idi. Yeganə təsəllim onun şəhid zirvəsində dayanmasıdır. Cavid unudulmaz bir oğlandır.

- Onunla son danışğımız döyüşlərdən 2 gün əvvəl oldu. Cavid telefonda mənə tezliklə məzuniyyətə gələcəyini dedi. Qərara aldıq ki, o məzuniyyətə gələn kimi bir yerdə Şəkidə yaşayan dostumuzgilə qonaq gedək. Amma bu qismət olmadı. Cavid sıradan bir hərbçi deyildi. Erməninin qənimi idi. Düşmən hər dəfə atəş açanda Cavid onları peşman edirdi. Ona orduda “ Cin Dədə” deyirdilər. Cin kimi idi. Döyüşlər başlayan günü əlaqəm olan şəxslərə zəng etdim. Bilirdim ki, bizim hərbi hissə birinci hücuma keçməlidir. Çünki, biz bu hücum əmrini hər zaman gözləyirdik. Həmin vaxtı Cavidlə danışmaq istəsəm də heç cürə alınmadı. Aşağıda olan uşaqlara zəng etdim. Dedilər ki, Cavidgil döyüşdədir. Dayanmadan zəng edirdim. Birdən mənə dedilər ki, Cavid şəhid olub. Heç inanmağım gəlmədi. Deyirdim ki, Cavid harda olsa sağ qayıdacaq. Birdən internetdə ermənilərin yaydıqları bizim şəhidlərin fotosunu gördüm. Cavidi uzaqdan görən kimi tanıdım. Onunla birlikdə şəhid olan digər hərbçi yoldaşım leytenant Qabil Orucəliyevi və MAXE Adil Adilzadəni də tanıdım. Düşmən Caviddən çoxdan yanıqlı idi. Çünki, Cavid onlara imkan vermirdi. Düşmən də onun haqqında məlumat toplayırdı.

- Bir gün Cavidlə oturmuşduq. Əsgərin biri qaça-qaça gəldi ki, ermənilər üzbəüz mövqedə traktorla yeri şumlayır və istehkam qurmağa başlayıb. Həmin an Cavid minatanı götürüb, təpənin üstünə çıxdı. Bir sərrast atışla onları vurdu. Ermənilər pərəm-pərəm düşdü. Bizim ixtisasımız minatandan atəş açmaq olmasa da Cavid hər şeyi bacarırdı. Silahları da yaxşı tanıyırdı. Hətta səngərlər qazılanda da onu aparırdıq ki, baxsın.

Cavid həm də öz qəlbində olan sözü heçkimə deməzdi. Ancaq mən eşitmişdim ki, onun istədiyi qız var. Bir dəfə o mövzuda söhbət etdik. Cavid deyirdi ki, hərbidə olan zaman evlənmək istəmir. Çünki, burada hər dəqiqə ölümdür. Deyirdi ki, kimisə yarıyolda qoymaq istəmir. Fikri var idi ki, torpaqlarımız alınandan sonra ordudan getsin. Bundan sonra ailə həyatı qursun. Amma təəssüf ki, onun arzusu reallaşmadı.

Cavidlə bağlı xatirələrini onu uşaqlıqdan böyüdən və atası ilə birgə qayğı göstərən əmisi Əsəd Dədəkişiyev danışır…

Cavid kimi bir oğulu itirdikdən sonra danışmaq çətindir. Cavid bizim ailənin ən əziz övladı idi. Bu gün onun yoxluğu mənim üçün dözülməzdir. Cavid uşaqlığından bizim yanımızda böyüyüb. Nənəsinə bağlı olduğu üçün gününü çox hissəsini onunla keçirərdi. Cavidlə sonuncu görüşümüzü unuda bilmirəm. O sevinclə bir günlük gəlmişdi. Milli vəsiqə aldığı üçün çox sevinirdi. Cavidin çox maraqlı baxışları var idi. Sonuncu görüşümüz zamanı baxışlarını bu günə kimi unuda bilmirəm. Sanki, ayrı düşəcəyimizi hiss edirdi.
Ayın 29, 30 və 31 günləri telefonda danışdıq. Amma o bu barədə heçnə demirdi. Sonuncu danışığımızda çox qısa oldu. Cavid mənə ata yox, qaqa deyirdi. Cavidin Xüsusi Təyinatlı olmasını biz şəhid olandan sonra bildik. Hərbi sirri həddindən artıq qoruyurdu.
Aprelin 2-də Cavidə zəng etdim. Gördüm telefonuna zəng çatmır. Mesaj atdım ki, Cavid mənə zəng vursun. Çünki, özü deyirdi ki, cavab verə bilməyəndə mesaj yazım. Ancaq gördüm ki, ondan heç bir cavab gəlmir. O heç vaxt belə etməzdi. Artıq narahat olmağa başladım. Ayın 4-də qərara aldım ki, onun olduğu hərbi hissəyə gedim. Ancaq kənardan dedilər ki, sən xəbərsiz hərbi hissəyə getsən Cavid hirslənər. Ona görə bir az tərəddüd etdim. Aprelin 6-da Rusiyada yaşayan qardaşı gəldi və qərara aldıq ki, Cavidin yanına gedək. Ayın 7- si səhər Cavidin yanına getməli idik. Həmin günü bölük komandiri zəng etdi ki, Hərbi Hissəyə gəlmək lazımdır.Onda bildim ki, burada nəsə var. Buna kimi biz heçnə bilməmişik. Sonradan mətbuatda yayılan fotolardan onu gördük. Sən demə Cavid ayın 2-dən şəhid olubmuş.

Cavidin döyüşü barədə çoxlarının bilmədiyi faktlar var. Bunlar 3 döyüşçü yoldaş Cavid, Qabil Orucəliyev və Adil Adilzadə düşmənin düz içərisinə giriblər. Döyüşdə xeyli sayda erməninin canlı qüvvəsi məhv edilib. Həmin vaxt arxada olan düşmən əsgərləri Cavidgilin girdiyi erməni səngərini vurublar. Ermənilərin həmin vaxtı atdığı mərmi nəticəsində özlərinin də xeyli əsgəri ölüb. Onlar nəyin bahasına olursa, olsun bu 3 hərbçini məhv etməyi qarşılarına məqsəd qoyublar. Ermənilər Cavidgili vurandan sonra onların meyitini götürmüşdülər. Apardıqları video-çəkilişlərdə daha çox Cavidin üzərində dayanırdılar. Dönə-dönə erməni komandirləri çəkiliş zamanı Cavidi yaxından göstərirlər və onu “Bakılı Cavid” adlandırırlar. Bu gün mənim üçün də maraqlıdır ki, niyə ermənilər onu “Bakılı Cavid” adlandırır. Həmin video-çəkilişdə ermənilər ordumuz tərəfindən dağıdılan düşmən postlarını göstərir. Videoda danışırlar ki, bu 3 döyüşçü onlara böyük zərbə vurub. Kadrlarda digər şəhidlərimiz də görsənir. Oradan məlum olur ki, bu 3 qəhrəman döyüşçü onların düz postunun içərisinə giriblər.
Həmin kadrlarda mülki geyimdə olan adamlar da görsənir. Onların kim olması hələ də bizə maraqlı qalır. Həmin o iki nəfər bizim şəhidlərimiz barədə danışırlar. Onların nə danışdıqları dəqiq tərcümədən sonra bilinəcək.

Daha sonra Cavid barədə onun atası Gülbaba Dədəkişiyev danışır…

Cavid evimizin böyük övladı idi. Bu gün onun haqqında çox danışa bilmirəm. Mənə çətindir. Hər gün onun gəlişini və gülərüzünü gözləyirəm. Cavidlə bağlı arzularımız böyük idi. Sonuncu dəfə onunla danışanda nəsə səsi xoşuma gəlmədi. Dedi ki, 5-10 günə məzuniyyətə gələcək. Fikrimiz var idi ki, onun üçün toy edək. Hər dəfə bu mövzudan söz salanda deyirdi ki, Qarabağ alınandan sonra toy edəcək. Şəhid olandan sonra bildim ki, istədiyi qız varimiş. Cavidin və onunla birgə olan iki nəfər Adilin və Qabilin igidlikləri böyük olub. Onlar birbaşa ermənilərin içərisinə girib, onları qırıblar. Bizdə olan məlumata görə ermənilər Cavidi aradan götürmək üçün pulnan adam da tutublarmış. Bununla bağlı erməni tərəfinin video-çəkilişləri də var. Bu gün Cavidin şəhidliyinin 40-cı günüdür. Mərasimi yola verəndən sonra bütün bunları araşdıracam. Mənə qaranlıq qalan məqamlar çoxdur. Mənim və ailəm üçün Cavid ölməyib.

Cavid və qardaşı Səməd

Miri Məcidli
Femida.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın