Menu
Geri İrəli

“Əzab çəkirəm, ölüm cəzası verin” – 6 tələbənin ölümünə səbəb olan sürücü – MƏHKƏMƏDƏN

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2017 • Baxış sayı: 5,577 dəfə • Şərh yoxdur
Share Button

qeza-namiqSumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəzada ölən tələbələrdən birinin valideyni Xatirə Nəsibova çıxış edərək deyib ki, vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına müraciət etsə də, onlardan qəbz tələb olunub: “Bizə dedilər ki, məhkəmədən kağız gətirin”.

Hakim bildirib ki, vəkillə müqavilə bağlamaq zərərçəkmiş şəxslərin hüquqi varislərinin şəxsi işləridir: “Burada məhkəmənin edəcəyi bir şey yoxdu. Sizə verilən bildirişlə özünüzə vəkil tuta bilərsiz”.

Zərərçəkən Eynulla Muradov məhkəmədə mülki iddia qaldıraraq ona dəymiş maddi ziyana görə,  22 min manat, mənəvi zərər kimi isə 100 min manat tutularaq ona ödənilməsini istəyib.

Digər zərərçəkən şəxslər də mülki iddialarının olduğunu və gələn proses bununla bağlı vəsatət verəcəklərini deyiblər.

Təqsirləndirilən sürücü Namiq Hüseynov isə pulu ödəməyə imkanının olmadığını deyib.

Qəzada ölən tələbələrin valideynləri hadisəyə səbəb olan yük maşınının sürücüsünün də məsuliyyətə cəlb olunmasını istəyiblər: “Burda oturan bizim üçün ən axırıncı adamdır. Biz istəyirik ki, hadisədə iştirak edən yük maşının sürücüsü də, həmçinin, videoda görülən yaşıl rəngli “Ford” markalı mikroavtobusun sürücüsü də məsuliyyətə cəlb edilsin. Onlar məhkəmədə dindirilməlidir”.

Məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Namiq Hüseynov özünü tam təqsirli bilib.

Hakim qeyd edib ki,  verilən ittiham öz təsdiqini taparsa, Namiq Hüseunov 5 il avtomobil idarə etməkdən mərhum  edilməklə, 5 ildən 10 ilə qədər azadlıqdan məhrum ediləcək.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O, günahkar olduğunu deyib: “Həmin günü səhər “20 Yanvar”a gəldim. Bir neçə ildir, tələbələrlə işləyirdim. Hər gün onları səhər universitetə gətirirdim, çıxanda da evə qaytarırdım. Özümü günahkar sayıram. Özümü müdafiə etmək istəmirəm. Vicdanım qarşısında əzab çəkirəm. O uşaqlar mənlə ailə kimi olublar. Heç vaxt istəməzdim ki, belə hadisə baş versin. Bu hadisə ehtiyatsızlıqdan baş verib”.

İfadəsini davam etdirən təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı özündə olmayıb: “Həmin gün metrodan çıxdım. Xırdalanda maşın “xalastoy” vəziyyətdə idi. Aşağı düşəndə beynim tormuzlandı, lal-kar-kor oldum. Birdən uşaqlardan biri qışqırdı. Elə bil, yatmışdım, oyandım. Daşın üstünə çıxdım. sükan qırıldı. Qırılmasaydı, maşını qaçırdardım. “ZİL”in arxasından çıxartmasaydım, heç kim ordan sağ çıxmayacaqdı. Düşdüm, yaralıları düşürməyə. Çinar maşında ölmüşdü. Rozanı isə qollarımla aşağı saldım. Lalənin boğazında  bircə dənə qara ləkə vardı. İbrahimlərdən xəbər ala bilmədim. Şokdaydım. Onlar mənə pis olmayıb. Siz indi deyirsiz, haqlısız,  vallah, dönə-dönə deyirəm ki,  vicdan əzabı çəkirəm. Mənə ölüm cəzası verin, razıyam. Amma bilin ki, hadisə sadəcə ehtiyatsızlıqdan baş verib”.

Prokurorun suallarına cavab verən Namiq Hüseynov bildirib ki,  4-5 ildir, bu işlə məşğul olur: “Öz maşınımı satmışdım. İcarəyə götürmüşdüm. Maşını ilk öncə bir neçə gün təmirə dayandırmışdım.  Etibarnamə də almağa vaxtım olmadı. Həm də avtomobilin sığortası yox idi, ona görə etibarnamə almamışdım. Həmin günü də maşının heç bir problemi yox idi. Sadəcə, daşın üstünə çıxdı deyə, “çaşka” qırıldı, sükan fırlanmadı”.

Prokururorun suallına cavab verən şəxs bildirib ki,  qanunən mikraavtobus 14 nəfər götürməliydi: “Sadəcə uşaqlar dərsə keçikirdi. Ona görə sıx-sıx minirdilər. Həmin günü avtobusda 26 tələbə vardı. Sürətim də 90-100 olardı. Birdən-birə nələrsə vaş verdi.  Qapılar da qırılmışdı. Şüşələri sındırıb çıxarmışam uşaqları”.

Zərərçəkən Xatirə Nəsibova təqsirləndirilən şəxsə deyib ki,  gedib həbsxanada özünü öldürsün.

Hakim bildirib ki,  belə şey dəmək olmaz.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Xatirə Nəsibova dindirilib. O bildirib ki, hadisədə ölən İbrahim Nəsibovun anasıdır: “Şüvəlan qəsəbəsində yaşayırlar. Səhər atası ilə getməliydi. Gecikirdi. Evdən 1 manatlıq taksi ilə Koroğluya gedib. Ordan da “20 Yanvar”a getdi. Bir az keçəndən sonra yazdım ki, “İbo, dərsə çatdın”.  Gördüm oxudu, cavab yazmadı. Dedim, yəqin, dərsdədi. Sonra biraz keçmişdi, yoldaşım zəng elədi ki,  İbrahimgili aparan mikroavtobus qəzaya düşüb. Öldüyünü bilməmişəm. Xəstəxanaya getdik. Orda dedilər ki,  hər iki İbrahim hadisə yerində ölüb. Mən hadisənin videogörüntüsünə baxdım. Orda da gördüm ki, bu adam yaşıl “Ford”la ötüşürdü. Boynuna da alıb. Bu adam bizim balalarımızın həyatı ilə qumar oynayıb. 6 balamızı qumarda uduzub. Ən ağır cəza verilməlidir. 10 il azdı. Hər ölən uşağa görə 5 il iş verilsin. Bu adam maşını da qanunsuz idarə edib. İbrahim həmişə deyirdi ki, Namiq taksilərdən tez gedirdi”.

Digər zərərçəkən şəxsin valideyni Eynulla Muradov prosesdə dindirilib.  O, qəzada dünyasını dəyişən Roza Muradovanın atası olduğunu deyib: “Qızım son vaxtlar onun avtobusuna minmirdi. Çünki bərk sürürdü. Özü həmin gün bərk sürdüyü üçün qızımdan üzr istəyib, maşına mindirib. Buna ən ağır cəza verilsin”.

Nəsibə Quliyeva isə bildirib ki, qəzada ölən Çinarənin anasıdır: “Qızım 3 ildir, bu şəxslə gedib gəlirdi. Deyirdi, həmişə uşaqları üst-üstə gətirirdi. Qızımı atasız böyütmüşəm. Maddi və mənəvi zərər dəyib. Tək qadınam. Bütün arzularım o uşağın üstündəydi. Ən ağır cəza verilsin”.

Məhkəmə iyulun 4-də davam edəcək.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Namiq Hüseynov bundan öncə də avtoqəza törətdiyinə görə 2013-ci ildə 1 il 6 ay islah işlərinə cəlb edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın