Menu
Geri İrəli

‘Facebook’-un yeni tətbiqi, medianın bir nömrəli rəqibi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2016 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur
21“Facebook”-un yeni “canlı yayım” tətbiqi artıq şəbəkə istifadəçilərinin sevimlisinə çevrilib. Ölkəmizdə də geniş yayılan yeni funksiyadan “Facebook”-da qeydiyyatdan keçən hər kəs istifadə edə bilər. Canlı yayıma qoşulmaq  üçün paylaşım edəcəyiniz lövhədə “canlı yayım” düyməsini basaraq oraya daxil olun. Bu zaman kameranız aktiv olacaq və sizdən canlı yayım başlığı tələb olunacaq. Başlıq yazdıqdan sonra isə görüntünüzün kimlərə açıq olacağını seçə bilərsiniz. Yayıma başladıqdan sonra ön və ya arxa kamera arasında keçid də etmək mümkündür. Canlı yayımı bitirdikdən sonra onu səhifənizdə paylaşa bilərsiniz. Paylaşmaq istəməyənlər üçün imtina  düyməsi də mövcuddur.
“Canlı yayım” funksiyası maraqla qarşılandığı qədər müzakirələrə də səbəb olub. Bəzi şəbəkə istifadəçiləri dostluq siyahısında yer alan şəxslərin  tez-tez canlı yayıma qoşulmasından narazıdır. Onlar bildirirlər ki, səhifələrində insanların ancaq özlərini nümayiş etdirməsi istifadəçiləri narahat edir.
Bəzi media nümayəndələri isə iddia edir ki, sosial şəbəkənin canlı yayım funksiyası jurnalistlərin işini çətinləşdirir. Hadisə yerinə göndərilən reportyordan öncə adi vətəndaş canlı yayıma qoşulur və jurnalistin işinə kölgə salır.
Həqiqətənmi, “canlı yayım” funksiyası  jurnalistlərin işini çətinləşdirir? Yeni tətbiqin media nümayəndələrinə hansı fayda və ziyanları var?
Musavat.com məsələ ilə bağlı  müxtəlif media orqanlarından çalışan reportyorların fikrini öyrənib.
“Yeni Müsavat” qəzetinin reportyoru Məhəmməd Türkmən bildirir ki, sosial şəbəkələr hər zaman onlayn medianın rəqibi olub: “Hazırda  xəbər portalları sanki, saytlar bir-birləri ilə İP üstündə rəqabət aparırlar, daha çox oxucu qazanmaq, reklam əldə etmək  üçün dalaşırlar.
Lakin indi onlara rəqib sosial şəbəkələr var. Etiraf etmək lazımdır ki, şəbəkələr daha operativdir. Reportyor hadisə yerinə çatıb, xəbər hazırlayıb, foto çəkib göndərir, redaktorun onu oxuyub sayta yerləşdirməsi minimum 10 dəqiqə vaxt aparır. “Facebook” elədir ki, hadisə barədə iki cümlə yazıb, 1 şəkil paylaşmaqla insanları xəbərdar etmək mümkündür. İndi də “canlı yayım” tətbiqi çıxıb və onlayn mediadan daha operativ olmağı tələb edir. Məsələn: haradasa yanğın baş verir,  reportyor xəbər tutub, oraya gedənə qədər yoldan keçən şəxs canlı yayıma qoşulur və insanları məlumatlandırır. Bu vəziyyətdə reportyorun işi ikinci plana keçir, o sosial şəbəkəyə uduzur. Müsbət hallardan biri də reportyorun hadisə yerində vaxt itirmədən canlı yayım verməsidir. Bu həmin jurnalistin işlədiyi media orqanı üçün daha üstün və perspektiv haldır. Sosial şəbəkələr həm də media orqanlarından daha operativ olmağı, gənclərlə çalışmağı və ən sürətli nəqliyyat vasitəsindən istifadə etməyi tələb edir. Hazırda şəbəkələr onlayn medianın bir nömrəli rəqibidir”.
Qafqazinfo.az saytının reportyoru Murad Əhməd düşünür ki, yeni tətbiq jurnalistlərin işini asanlaşdırıb:  “İnternet üzərindən canlı yayım onsuz da var. “Bambuser”, “Youtube”, “Livescream” və s. buna misaldır.
“Facebook”-da bunun olması işi asanlaşdırdı, əlavə tətbiqə ehtiyac olmadı. Həm də “Facebook”-un özünün məşhur olması, canlı yayımı da məşhurlaşdırdı. Bu yaxşı bir haldır, rəqabəti daha da gücləndirir. İstinad məsələsindən sonra isə ümumi olaraq media üçün fərqi yoxdur. Hətta hadisə yerinə reportyor göndərə bilməyən qurumlar da, canlı yayım edən şəxsin paylaşımından istifadə edə bilər. Ölkə xaricində baş verən hadisələri və oradan verilən canlı yayımları nəzərə alsaq, bunun daha yaxşı bir yenilik olduğunu demək olar. Media üçün ümumi olaraq müsbətdir, reportyorlar üçün də rəqabəti daha da gücləndirir. Bu tətbiqə görə televiziyalar uduza bilər, bu da normaldır”.
Report.az saytının reportyoru İlkin Pirəli isə deyir ki, bütün hallarda internet resurslarının inkişafı müsbət haldır: “ “Facebook” sosial şəbəkəsinin “canlı yayım” funksiyası informasiya ötürülməsini daha da sürətləndirir.
Yəni, rəqabət mühiti üçün çox önəmlidir. Hadisə yerindən yazılı xəbər ötürməkdənsə, “canlı yayım”-dan istifadə etmək daha faydalıdır. Burada izləyici baş verənləri canlı izləyir. Təəssüflər olsun ki, Azərbaycanda onlayn media resurslarının- “Facebook” səhifələrində bu xidmətdən istifadə etmirlər”.
Könül İbrahim
Musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın