Menu
Geri İrəli

Hərbi vəziyyət elan edilən zaman KİV xüsusi fəaliyyət rejimində çalişacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

qezetRahib Qərib: “Son illərin təcrübəsi göstərdi ki, hərbi senzuraya müəyyən qədər ehtiyac var”; Üzeyir Cəfərov: “Müharibə şəraitində olan ölkələrin hər birində hərbi senzura qəbul olunur və çox normal qarşılanır”

Elçin Mirzəbəyli: “Əgər zəruri durumda hərbi vəziyyət elan olunarsa, o zaman nəzərdə tutulan məhdudiyyətlərin tətbiq olunması vacib hala gələcək”

Azərbaycanda hərbi vəziyyət zamanı hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələri üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək. Bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müvafiq maddəsində əksini tapıb. 
Maddəyə əsasən hərbi vəziyyət tətbiq edildiyi ərazilərdə KİV-lərin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.Həmçinin, zəruri hallarda kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün deyək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə
olunub. Bir məsələni də xatırladaq ki, 2014-cü ilin məlum avqust hadisələri zamanı cəbhə
xəttində yaşanan olaylar bir sıra media qurumları tərəfindən qeyri-peşəkarcasına tirajlandı.
Bəzi xəbər portalları dövlət sirri daşıyan hərbi xarakterli məlumatları ard-arda yaymaqla həm
cəmiyyəti çaş-baş saldılar, həm də təhlükəsizlik məsələsində düşmən tərəfin xeyrinə çalışmış
oldular. Bununla bağlı media qurumlarına bir neçə dəfə ciddi xəbərdarlıq olunsa da, təəssüflər
olsun ki, reytinq xəstəliyinə tutulmuş bəzi xəbər saytları öz əməllərindən əl çəkmədilər.
Ekspertlərə görə, indiki qanun layihəsi məhz bu cür neqativ halların qarşısını almaq üçün
hazırlanıb. Layihənin nə dərəcədə uğurlu olub-olmayacağını isə zaman göstərəcək.
Hərbiçi-jurnalist, ehtiyatda olan mayor Rahib Qərib deyib ki, media üzərindəki ümumi
senzuranın ləğv olunması çox yaxşı hal idi. Amma son illərin təcrübəsi göstərdi ki, hərbi
senzuraya müəyyən qədər ehtiyac var:
“Bir çox hallarda jurnalistlər hərbi məxfiliyin qorunmasında müəyyən səhvlərə yol verirlər, ordunun əməliyyatlarına maneçilik törədirlər.
Əlbəttə, istərdik ki, hər bir vətəndaşın öz daxili senzurası olsun. Xüsusən jurnalistlərin müharibə şəraitində müvafiq fəaliyyət planları, proqramları olsun. Bəzi hallarda Azərbaycanın
təhlükəsizliyi ilə bağlı müxtəlif xəbərlər yayılır. Bunlar ordunun fəaliyyətinə və aparılan gizli
əməliyyatların gedişinə maneələr yaradır. Bütün dünyada hərbi sirlərin yayılması, məxfiçiliyə
riayət olunmaması, bəzən isə yanlış məlumatların tirajlanması mənfi hal hesab olunur və onunla mübarizə aparılır. Azərbaycanda da bu cür neqativliklərə görə, bir sıra məhdudiyyətlərin qoyulması vacibdir. Zənn edirəm, indiki halda zərurət olduğu üçün belə bir qanun layihəsinə ehtiyac duyublar”.
Jurnalist bildirib ki, hərbi məlumatlara məhdudiyyət qoyulması əvvəlki dövrlərdə də var idi: ”Mətbu orqanların sırf bu işlə məşğul olan müxbirləri ilə Müdafiə Nazirliyinin rəsmi nümayəndələri arasında görüş keçirilirdi. Jurnalistlərə xüsusi icazə vərəqələri paylanılırdı. Çox yaxşı ənənə formalaşmışdı. Bunun davam etdirilməsi müsbət hal olar”.
Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov da deyib ki, müharibə aparan ölkədə hərbi
senzura mütləq olmalıdır:
“Əgər XIX və XX əsrlərdə bu üsuldan istifadə olunurdusa, yüksək texnologiyaların inkişaf etdiyi, sosial medianın geniş vüsət aldığı müasir dövrdə hərbi senzuranın
tətbiqi daha vacibdir. Bunu əsla söz və ifadə azadlığının məhdudlaşdırılması kimi
dəyərləndirmək olmaz. Müharibə şəraitində olan bir ölkənin bütün resursları düşmən üzərində qələbə qazanmağa yönəlməlidir. 2014-cü ilin məlum avqust hadisələri zamanı bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çox kobud səhvlərə yol verdilər. Hətta bununla bağlı Prezident Administrasiyasının yanında geniş müşavirə keçirildi. Daha sonra 2014-cü ilin
sentyabr ayında Prezident cəbhəyanı bölgələrdə hərbi xarakterli məlumatların yayılmaması ilə bağlı sərəncam imzaladı. Amma təəssüflər olsun ki, hazırda bəzi media qurumları, xüsusən sosial şəbəkə istifadəçiləri, hətta televiziya və radiolar bilərəkdən və ya bilməyərəkdən hərbi sirr mahiyyəti daşıyan xəbərləri yaymaqla məşğul olurlar”.
Ekspert vurğulayıb ki, müharibə şəraitində olan ölkələrin hər birində hərbi senzura qəbul olunur və çox normal qarşılanır: ”Dağlıq Qarabağ problemi olan Azərbaycanda hərbi məlumatların yayılmasına məhdudiyyət qoyulması
zəruridir. Biz hələ müharibə vəziyyətindəyik. Hər bir mətbu orqan bu məsələdə kifayət qədər
ehtiyatlı olmalı, mövzuya diqqətlə yanaşmalıdır. Şəxsən mən bunun tərəfdarıyam. İnşallah,
Dağlıq Qarabağ münaqişəsi yaxın müddətdə öz həllini tapar. Ondan sonra heç bir senzuraya
ehtiyac qalmayacaq və ölkə mediası hərbi məsələlərlə bağlı normal fəaliyyətini davam etdirəcək.
Əslində o zaman hərbi xarakterli materiallar müharibə dövründəki kimi aktual olmayacaq və
geniş müzakirə olunmayacaq. İndiki halda isə hər kəs buna anlayışlı yanaşmalıdır”.
 
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, dünyanın hər yerində, müharibə şəraiti ilə üzə-üzə qalan bütün ölkələrdə hərbi senzura tətbiq edilir: 
 
“Hərbi vəziyyətlərdə və ya fövqəladə rejimlərdə mətbuata müəyyən məhdudiyyətlər qoyulur. Burada məqsəd əhalinin informasiya təhlükəsizliyini təmin etməkdən və bu sahədə yarana biləcək hər hansı təhdidlərin qarşısını almaqdan ibarətdir. Prinsip etibarı ilə belə bir qanunun qəbulolunmasının mətbuat azadlığına problem yaradacağını düşünmürəm. Əgər zəruri durumda hərbi vəziyyət elan olunarsa, o zaman nəzərdə tutulan məhdudiyyətlərin tətbiq olunması vacib hala gələcək. Əks təqdirdə düşmən ölkə yaranmış arzuolunmaz vəziyyətdən maksimum dərəcədə istifadə edə bilər. Bunda qeyri-peşəkar jurnalistlərin də ciddi rolu var”.
Baş redaktorun sözlərinə görə, burada diqqət yetirməyimiz vacib olan başqa məqam var: 
“İnformasiya məkanı anlayışı o qədər qlobaldır ki, o, hansısa bir dövlətin sərhədlərinə sığmır. Hərbi vəziyyət zamanı tətbiq olunacaq xüsusi rejimdə sadəcə Azərbaycanın daxili media qurumlarına müəyyən məhdudiyyətlər qoyula bilər. Bəs digər informasiya vasitələri necə olacaq, internet üzərindən yayımlanan xarici kütləvi informasiya vasitələrinə hansı şəkildə nəzarət ediləcək? Bu mexanizmlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Fikrimcə, məsələnin bu tərəfinin üzərində kifayət qədər ciddi düşünmək lazımdır. Sadəcə ölkə daxilində fəaliyyət göstərən media qurumlarına qoyulan məhdudiyyətlər mövcud problemləri aradan qaldırmayacaq”. E.Mirzəbəylinin fikrincə, informasiya məkanı kommunikativ anlayışdır. Bu, sadəcə bir tərəfə şamil olunarsa, ümumilikdə ölkə haqqında yayılan təxribat xarakterli informasiyaların qarşısını ala bilmək imkanımız olmayacaq: “Hesab edirəm ki, indiki şəraitdə informasiya təhülkəsizliyini qorumaq üçün optimal mexanizmlərin hazırlanması, qanun aktlarının qəbul edilməsindən daha vacib və məqsədəuyğundur”.
Hərbi-siyasi icmalçı, “AzeriDefence” hərbi-texnoloji jurnalın redaktoru Ramil Məmmədli də
bildirib ki, “Hərbi vəziyyət haqqında” qanunda nəzərdə tutulan bu dəyişiklik real vəziyyət nəzərə  alınmaqla edilib:
“Bu dəyişiklik jurnalistlərin informasiya əldə etmək hüququnun pozulması və
ya onlara işlərində maneə yaradılması kimi dəyərləndirilə bilər. Lakin reallıq tamam başqadır.
Biz düzgün idarə olunmayan informasiya siyasətinin əziyyətini 1990-cı illərin əvvəllərində
çəkmişik. Son illərdə cəbhə xəttində yaranmış aktivləşmə zamanı da buna bənzər vəziyyətlə
qarşılaşdıq. Müasir texnologiyaların imkanlarından istifadə etməklə insanlar bilərəkdən və ya
bilməyərəkdən medianı informasiya ilə təmin edirlər. Mətbuat orqanları isə çox zaman verdikləri xəbərin nə ilə nəticələnəcəyinin fərqinə varmırlar”.
R.Məmmədlinin sözlərinə görə, düşmən tərəf bütün imkanlarından istifadə edərək bizim informasiyalarımız əsasında əks həmlələrini qururlar: ”Unutmayaq ki, bu əks həmlələr döyüş meydanında Azərbaycan döyüşçülərinin məğlubiyyəti, itkisi ilə nəticələnə bilər. Məhz, dövlətin əsas məqsədi dezinformasiyanın ölkədə yarada biləcəyi xaosun və döyüş meydanında hərbçilərimiz üçün məğlubiyyət sindromunun qarşısını almaqdır.
Zaman və baş verənlər bir daha göstərdi ki, aparılan təbliğat işlərinə baxmayaraq, bilərəkdən və ya bilməyərəkdən media hərbi vəziyyətlərdə ciddi səhvlər edir. Bunun qarşısını isə yalnız
qanunvericilik tətbiq edilməklə almaq olar. Hesab edirəm ki, sözügedən qanun bəzi media
rəhbərlərinin hərbi vəziyyətlərdə xəbərə “bazar” prinsipi ilə yanaşmasının qarşısını ala biləcək”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın