Menu
Geri İrəli

Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının banisidir

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

photo_85015Xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Zaman sübut edir ki, yalnız fenomenal şəxslər yetişdirən xalqlar yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Xalqımızın yetişdirdiyi məşhur sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Öz işıqlı əməlləri ilə xalqımızı tarixi müstəqilliynə qovuşdurmuş, dövlətçiliyimizin qorunub saxlanlmasında mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən, parlaq zəka sahiblərindəndir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin dövlət, millət və xalq qarşısında misilsiz xidmətləri zaman ötdükcə gözlərimiz önündə daha əzəmətli görünür. Parlaq zəkası, zəngin həyat və idarəçilik təcrübəsi sayəsində yüksək nüfuz, dərin hörmət və ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev canından artıq sevdiyi xalqının yaddaşında əsl xilaskar və qurucu dövlət xadimi kimi qalacaq.

Hələ ötən əsrin ortalarında təhlükəsizlik orqanlarında xidmətə başladığı illərdə Heydər Əliyev öz zəkası, xalqına və dövlətinə daim sadiqliyi ilə seçilirdi. Məz buna görə idi ki, nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edən ulu öndər bu qurumda əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmişdir. 1950-ci illərdən etibarən respublikanın təhlükəsizlik orqanlarında milliləşmə siyasəti aparan ulu öndər Heydər Əliyev həmin müddətdə milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işini də məharətlə həyata keçirmişdir. Bunun da nəticəsində respublikamızın təhlükəsizlik sistemi milliləşmiş, savadlı, peşəkar milli kadrlar rəhbər vəzifələrə təyin olunmuş, təhlükəsizlik xidməti, sözün həqiqi mənasında, milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqana çevrilmişdir. Təsadüfi deyil ki, ötən əsrin 50-ci illərinin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli iş görülmüşdür. Heydər Əliyev respublika və İttifaq rəhbərliyində çalışdığı müddətdə də Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində dönüş başlandı. Azərbaycanı yüksək inkişaf və tərəqqi yoluna çıxaran ulu öndər qəbul etdiyi çevik və düşünülmüş qərarları, həyata keçirdiyi məqsədyönlü islahatları ilə respublikamızın sonrakı tarixi taleyinin, müstəqilliyə gedən yolunun müəyyənləşdirilməsinə misilsiz töhfələr verdi. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin məhz bu məfkurə ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası məhz qeyd olunan illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur.

Respublikamıza birinci rəhbərliyi dövründə həyatın bir çox sahələrində köklü dəyişikliklərə nail olan ulu öndər hüquq-mühafizə orqanlarının fəaliyyətinin sağlamlaşdırılmasına, bu sahədə kadrların düzgün seçilib yerləşdirilməsinə diqqəti xeyli artırdı. Həmin illərdə ulu öndərin təşəbbüsü ilə respublikamızın ədliyyə sistemi yenidən formalaşdırıldı. Belə ki, Azərbaycan SSR Ali Sovetinin 1970-ci ildə qəbul etdiyi qərarla Ədliyyə Nazirliyi yenidən təsis edildi, beləliklə də, Azərbaycanın ədliyyə tarixində yeni dövr başlandı. Dahi rəhbər ədliyyənin mühüm dövlət təsisatı kimi formalaşması, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi işində fəal mövqeyə yiyələnməsi üçün bir sıra zəruri tədbirlər həyata keçirdi.

Ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikası bir çox çətinliklərlə üzləşmişdi. Naşı, idarəetmədə heç bir səriştəsi olmayan şəxslərin siyasi səbatsızlığı və qətiyyətsizliyi nəticəsində Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaranmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz yaşamasını ciddi təhdid altında qoymuşdu. Həmin çətin günlərdə xalqın səsinə səs verərək xilaskarlıq missiyası ilə ölkə rəhbərliyinə qayıdan ulu öndərimiz dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtardı. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların ən mühüm istiqaməti isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər olmuşdur. Məlum olduğu kimi, ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə ölkəmizdə ölüm cəzası birdəfəlik ləğv edildi. Sonradan ulu öndər bu humanist qərara münasibət bildirərkən demişdir: “Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu tarixi addım sivil, demoktratik cəmiyyət quruculuğu yolunu seçmiş Azərbaycanda humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsi kimi dəyərləndirilir. Eyni zamanda, Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir.

Ulu öndər Heydər Əliyevin hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədilə “Cinаyətkаrlığа qаrşı mübаrizənin gücləndirilməsi, qаnunçuluğun və hüquq qаydаsının möhkəmləndirlməsi hаqqındа” 1994-cü il 9 аvqust tаriхli fərmаnı ilə cinаyətkаrlığа qаrşı mübаrizə tədbirləri dаhа dа gücləndirildi, hüquq-mühаfizə оrqаnlаrının bu istiqаmətdə uzunmüddətli dövr üçün fəаliyyət prоqrаmı müəyyənləşdirildi. Lakin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini istəməyən bir sıra yerli və xarici qüvvələr 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər göstərdilər. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, xalqın öz liderini qətiyyətlə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı qətiyyətlə alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. Təsadüfi deyil ki, 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan etmişdi. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlər-dən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürən ulu öndər qeyd edirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali, icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Nəhayət, 1995-ci ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi.

Beləliklə, ulu öndərin rəhbərliyi altında hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyətlərin bölünməsi prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsasını qoymuşdur.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya 71-ci maddədə insan və vətəndaş hüquq və azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Ulu öndərin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1996-cı il fevralın 21-də də yaradılmış Hüquqi İslahatlar Komissiyası bu sahədə mühüm rol oynamışdır. Belə ki, komissiya tərəfindən Avropa standartlarına uyğun hazırlanmış Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər qanunlar milli qanunvericilik sisteminin təkmilləşdirilməsini, yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etmişdir. Bundan əlavə, komissiya tərəfindən işlənib hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bütövlükdə isə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkəmiz 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı 70-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Ümummilli liderin əsasını qoyduğu hüquqi islahatlar hazırda onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Məlum olduğu kimi, cənab Prezidentin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Son illər Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi köklü şəkildə yaxşılaşdırılıb, yeni məhkəmələr yaradılıb, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Regionlarda ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, habelə inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi zamanın tələblərindən irəli gələn sosial tələbatdır. Son dövrlər imzalanmış qanun və fərmanlar, sərəncamlar, eyni zamanda, regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir.

Yeri gəlmişkən, bu müasirləşmə və yeniləşmə tədbirləri respublikamızın bütün bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını əhatə edir. Son illər muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində bütün inzibati məhkəmə binaları əsaslı şəkildə təmir edilmiş ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti İlham Əliyevin “Nахçıvаn Muхtаr Rеspublikаsındа hüquq institutlаrının inkişаfı hаqqındа” 2006-cı il 2 nоyаbr tаriхli fərmаnı muхtаr rеspublikаdа hüquq-mühаfizə оrqаnlаrının fəаliyyəti üçün yеni mərhələnin bаşlаnğıcını qoymuşdur. Bu fərmаnın icrаsı nəticəsində Naxçıvan şəhər, eləcə də muxtar respublikanın bir sıra rayon prоkurоrluqlаrı üçün müаsir stаndаrtlаrа tаm cаvаb vеrən yеni inzibаti binаlаr tikilib istifadəyə verilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün müəyyənləşdirdiyi strategiya hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz Heydər Əliyevin həmişəyaşar ideyaları əsasında inamla irəliləyir, beynəlxalq arenada misilsiz uğurlar qazanır. Heç şübhəsiz, ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması, hüquqi, demokratik dövlət quruculuğu sahəsində gördüyü cahanşümul işlər yetişməkdə olan gənc nəsil tərəfindən diqqətlə öyrənilməlidir.

Elşən HƏSƏNOV, hüquqşünas

Facebook Şərhləndirmə:

Şərhinizi yazın