Menu
Geri İrəli

Həzi Həsənli: uzaq illərin yaxın dostu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 635 dəfə • 1 şərh

eli necefxanliƏli Nəcəfxanlının imzasına hələ ötən əsrin 80 – ci illərindən bələdəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğumuz illərdən tanıyıram onu. Əlinin söz zövqü , söz ovqatı xoşuma gəlirdi. Özü də şeirləri kimi səmimi və xoş təsir bağışlayırdı. Ona görə də birlikdə olanda nəfəsimiz, ruhumuz söz ovqatına köklənirdi. İsti münasibətimizin yaranmasına da söz ovqatına köklənməyimiz səbəb oldu. Ovqat özü də bir yaşamdır. Beləcə, söz ovqatına köklənə – köklənə özümüzü və sözümüzü tanıdıq.

İlk tanışlığımızdan fikri aydın, düşüncəsi sağlam bir gənc təsiri bağışlayan tələbə yoldaşım Əlinin zaman keçdikcə yazılarında da düşüncə sərbəstliyi və özünəməxsusluq duydum. O vaxtlar düşüncə sərbəstliyi də, yumşaq desək, bəzən insanın özünə ziyan gətirirdi. Qələm dostlarımızın arasında illərin sınağından keçə bilməyən fikri dönüklər, qəlbi sönüklər də oldu.

Əli isə işıqlı sözün, diri sözün uğrunda getdiyi yoldan dönmədi. Tələbəlik illərində və ondan sonrakı dövrlərdə də Əlinin imzasını izlədikcə həm bir jurnalist kimi, həm də şair kimi xeyli püxtələşdiyini hiss edirdim və buna sevinirdim. O, jurnalist kimi həyata yaxından müdaxilə edə bilir, faktları, hadisələri, insanları qiymətləndirməyi bacarır. O, “Xalq qəzei”ndə dərc olunmuş, regionların sosial – iqtisadi inkişafına həsr olunan yazılarına görə Azərbaycan Jurnalistlər Birliyinin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

… Zaman keçdi, Əlinin şeirlərini və publisistik yazılarını özündə cəmləşdirən kitabları da işıq üzünə çıxdı. Son illərdə onun “Payız prospekti” və “Ürəyimdir yazanım” kitablarını oxuyanda qələm dostumu təbrik etdim və şeirlərindən, eləcə də publisistikasından aldığım təəssüratları bölüşmək üçün yazmaq istəyim yarandı. Yazı xeyli müddətdən bəri beynimdə hazır olsa da, yazılması bir qədər ləngidi. Daha doğrusu, hər dəfə araya bir iş düşürdü. Məni yaxından tanıyanlar yaxşı bilir ki, mən yazmaq xatirinə yazmaq düşüncəsindən çox – çox uzağam. Bu yazını yazana kimi öz ürəyimlə danışdım, duyğularıma sığındım, onun şair qəlbinin nəyə qadir olduğunu duyub düşündükdən sonra bu yazı araya – ərsəyə gəldi.

Əlinin “Ürəyimdir yazanım” kitabına yazdığı “ Müəllifi mənəm, sahibi sizlər” sərlövhəli ön sözündə oxuyuruq:

“ Mənim bu kitabdakı yazıları qələmə almaqda amacım var: mənəvi ehtiyaclarımıza işıq tutmaq, gəzib – gördüklərimi paylaşmaq, cəmiyyətin dəyər verdiyi, sanbalı bəlli kəsləri tanıtmaq və örnək göstərmək. Bu kitabda könül adamlarının yaradıcılıq portretləri xüsusi yer alıb…”

Əlbəttə, hər könüldə bir dünyalıq arzu var. Əlinin kitabının ön sözündə uca könüldən yazdığı ürək oxşayan bu şirin sözləri də insanda könül xoşluğu yaradır və oxucunun kitabı oxumasına bir vəsilə olur.

Mən də onun kitablarını oxuduqdan sonra bu qənaətə gəldim ki, Əli Nəcəfxanlı ürəyindəki söz yükünü gözəl çəkən şair – jurnalistdir. Onun təkcə bu iki kitabını oxumaqla kifayətlənmədim, bütün yaradıcılığı boyu ekskurs etdim, qələmindən çıxan çox şeirlərini və publisistik yazılarını oxudum. Ona sevindim ki, kitablarında olduğu kimi, qələm dostumun hələ kitab halına gəlməmiş yazılarında da ən saf duyğuları maraqlı və təsirli yer almışdır. Oxuya – oxuya bir də ona sevindim ki, Əlinin şeirləri də, publisistik yazıları da ifadə səmimiliyi ilə seçilir. Şeirlərində saf duyğular, kövrək hisslərlə süslənmiş misraları bəzən üç – dörd dəfə oxumaqdan nə bezdim, nə də yoruldum. Oxucunu sevgi kəməndinə salan “ Üzümə bağlanan qapı” şeiri də bu qəbildəndir:

Bu sizin barınız, bu darvazanız,

Mənim cürətimin tükənən yeri!

Hər dəfə buracan ürəklə gəlib.

Sonra da ürəksiz dönmüşəm geri.

...Üzümə bağlanıb dəmir qapınız,

Qan udub qəmlərə qəltan olmuşam.

Məni qul yerinə qoymasan da sən,

Gedib dərd mülkünə sultan olmuşam.

O, bircə bəndlik şeirində də şairdir. Bircə bənddə sözləri zərgər biçimində şəkilləndirir, fikrini diri və duru sözlərlə, uğurlu mənalandırma ilə oxucuya çatdırır. “Minaaxtaran” şeiri buna misaldır:

Yolunda o qədər təhlükə var ki,..

Ölüm ayağının altında, bala!

Ölümlə üz-üzə gəlsən nə var ki,..

Ölüm – ayağının altında, bala!

Bu bircə bəndlik şeirdə düşüncə saflığı, fikir bitkinliyi var. Ona görə də oxucunu düşündürmək və təsirləndirmək gücünə malikdir. Ümumiyyətlə, onun şeirlərini oxuduqca göz yorulmur, əksinə, oxuduqca göz də sevinir, könül də. Çünki Əlinin ifadə tərzi də təbiidir, fikirləri də. Şeirlərinin əsas mövzusunu sevgi – insana sevgi, torpağa sevgi, Vətənə sevgi təşkil edir. İlk baxışda Vətən sevgisi haqda şeir yazmaq başqa mövzulardan fərqli olaraq, daha asan görünür. Bu mənada da Əlinin Vətən sevgisi təbii qarşılanır:

Çox da sənə sevdiyimi söylərəm,

Əməlimdə görməyincə inanma.

Tərifini ha qaldırım göylərə,

Yolunda can verməyincə inanma…

Əlinin lirik mənin dilindən etiraf etdiyi Vətən sevgisi hər cür şablonçuluqdan uzaq poetik nümunədir. Buradakı fikir də dəqiqdir, hisslər də təbiidir. Bu Vətən sevgisi necə sirli bir sevdadırsa, həmişə fikrimi çəkib uzaqlara aparır. Əlinin şeirimiz üçün səcəyyəvi olan Vətənlə bağlı şeirində də bu hissi yaşadım.

… Doğrudan da hər oxuyan Molla Pənah olmur. Jurnalistika fakültəsində hər oxuyan da jurnalist olmur. Söz sənətinin bol dəyərlərini birdən – birə əldə etmək mümkün deyil. Bu, biliklərin zənginləşməsi, ciddi axtarıcılıq və fərdi yaradıcılıq sayəsində baş verir. Əli illərdən bəri söz sənətinin ağır yükünü həm bir jurnalist, həm də bir şair kimi yorulmadan çəkir. Onun yaradıcılıq imkanları, yazıb – yaratmaq eşqi bu gün də böyükdür. Şövqlə, gənclik eşqi ilə yazır, yaradır. Necə deyərlər, nə özü, nə sazı, nə də sözü kökdən düşüb:

… Canımı sıxsa da, namərd qocalıq,

Bulana – bulana durula billəm.

Mənim təbim rəvan, ruhum cavandı,

Səksən yaşımda da vurula billəm.

Eləcə də aşağıdakı misralarda kövrək bir cazibə var. Həm də insanın sevgi əzabları aşkar görünür:

Mən biçin şəhidi – başaq kimiyəm,

Bağrımın başını sökmə təzədən.

Süddən ağzı yanan uşaq kimiyəm,

Məni bu sevdaya çəkmə təzədən…

Əli Nəcəfxanlı adına, soyadına, yaddaşına, yadına güvəndiyim qələm dostlarımdandır. Həm də uzaq illərdən bəri yaxşı tanıdığım dostumdur. Əli dostcanlı insandır. Bilmirəm, hansı ilin hansı fəslindəsə Əli mənim bir kitabım haqqında isti sözlər yazmışdı. Minnətdarlıq duyğusu ilə oxuyub, səmimi fikirlərinə görə ona təşəkkürümü bildirmişdim. Telefonun o başından ürəyi isidən sözlərini könül xoşluğu ilə dinləmişdim. İndi bilmirəm, Əlini mənim yazdıqlarımın səmimiyyətinə inandıra biləcəyəmmi?!

Tələbəlik illəridən ünsiyyət tapdığımız adamlardan ayrı düşsək də, ürəyimizdə hər kəsin özünəməxsus xatirəsi yaşayır. Bu xatirələr insanı yarı yaşda necə də duyğulandırır, bilsəniz?! Yaddaşımın ləpədöyənində Əli ilə ilgili xatirələrim də yox deyildir. Bu, başqa bir yazının mövzusudur..

Qələm dostumun pərişan payız təranələrini xatırladan “Payız prospekti” kitabının məna dolu səhifələrini çevirib oxuyduqca düşündüm ki, ömrümüzün sonuna doğru getdiyimiz zamanda bir payız da beləcə arxada qaldı.

İndi hardan bilək ki, könlümüzün neçə payızı, ömrümüzün neçə yazı qalıb?! Amma onu bilirəm ki, qələm dostum Əli Nəcəfxanlı öz ömrünün bu yaşını da sevən ürəklə, sevdalı başla yaşayır. Ona görə də könül aparan misraları qaynar şair nəfəsli qardaşım Əlinin şair ömrünə yol yoldaşlığı edir. Tanrı sözünə qüvvət versin, belə gözəl şeirlərdən çox yazsın:

Baxdım gözlərinə həsrət öncəsi,

Gül açdı könlümün kədər qönçəsi.

Sənli xatirələr qəm düyünçəsi,

Götürüb gedirəm ayrılıqlara…

və yaxud

Çoxmu gəzəcəksən izimlə belə?

Oynama duyğumla, hissimlə belə.

Bu qapı açılmaz tilsimlə belə,

Məni bu sevdaya çəkmə təzədən.

 

İlboyu sən adlı fəsil yaşaram,

Təqvim fəsilləri nəyimə gərək?

Üzündə gül açsa, baharım qəlir,

Dolsan bulud kimi, payızdı demək…

 … Yazımın əvvəlində qeyd etdiyim kimi, mən hələ Əlini tanıdığım ilk vaxtlardan onun qələminə umid bəsləyirdim. Bu gün böyük inamla deyə bilərəm ki, qələm dostum mənim ümidlərimi doğrultdu, istedadlı şair və nurlu qələmli ustad jurnalist olduğunu sübut etdi. Bu gün Əlinin şeirlərini və məqalələrini sevə – sevə oxuyuram və oxuduqca qürur hissi keçirirəm. Sözə bu qədər həssas münasibət bəsləyən, hər misrasında, hər cümləsində ürəyi çırpınan, eləcə də bu il 60 yaşı tamam olan əziz qələm dostum Əlı Nəcəfxanlıya möhkəm cansağlığı və yaradıcılıq yolunda daha böyük uğurlar diləyirəm.

Facebook Şərhləndirmə:

“Həzi Həsənli: uzaq illərin yaxın dostu” yazısına bir cavab

  1. Əli Nəcəfxanlı deyir:

    Minnətdaram, Eyvaz bəy!

Şərhinizi yazın