Menu
Geri İrəli

Hökumət antiböhran proqramına keçdi – ixtisarlar başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 542 dəfə • Şərh yoxdur

Hakimiyyətin 2016-cı il planı masada; Neftin 2016-cı il üçün büdcədə nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması hökuməti radikal islahatlar aparmağa məcbur edir; gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi birləşdirilsin; ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər…

 

2015-ci ildə neftin kəskin dəyərdən düşməsi ilə Azərbaycanda iqtisadi artım tempi azaldı, son illər  ərzində ilk dəfə ölkədə iş yerləri bağlandı, manat il ərzində devalvasiyaya uğrayaraq iki dəfəyə yaxın dəyərini itirdi. Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ ötən ilin ortalarında ciddi hiss olunmasının hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edəcəyi aydın görünməkdə idi. 2015-ci ilin fevral ayında manatın ilk devalvasiyası hökumətin təcili tədbirlər görməsini zəruri etsə də, bir sıra amillər səbəbindən iqtidarda həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənməni ertələdi. Düzdür, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparıldı. 
İqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və qeyri-neft sektoruna keçirilməsi üçün hələ ötən ilin sonlarından bəzi islahatlar başlayıb. Analitiklər prezident İlham Əliyevin dekabrın 29-da Xəzər rayonunda sakinlərlə görüşündəki çıxışında islahatlarla bağlı mühüm mesaj verməsinə diqqət çəkir. Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını açıqlamasa da, analitiklərə görə, söhbət  hakimiyyət sistemində islahatları sürətləndirmək, problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqindən gedir. Çünki neftin 2016-cı il üçün büdcəsində nəzərdə tutulmuş 50 dollarlıq həddən də xeyli ucuzlaşması büdcəyə yenidən baxılması zərurətini yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur.
 
Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.
Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Təsadüfi deyil ki, Milli Məclisin ötən il keçirilən son sessiyasında bəzi deputatlar da büdcəyə yükə çevrilmiş komitələrin ləğvini gündəmə gətiriblər.
Bəzi iddialara görə, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin “ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir. 
Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin XİN-ə birləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib.  
 
Virtualaz.org saytı hansı ölkələrdə diplomatik nümayəndəliklərin bağlanacağını dəqiqləşdirib. Məlum olub ki, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi. Bundan əlavə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.
“Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən o da məlum olub ki, hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Məsələn, bir neçə nazirliyin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma idarələri var ki, bunların ləğvi gündəmdədir. Mənzil istismar sahələrinin ləğvi də ilk sıradadır. Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılacaq. Mənbə istisna etmir ki, Baş Prokurorluğun, DIN-in, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Ədliyyə Nazirliyinin tabeliyindəki  istintaq idarələri də Rusiyada olduğu kimi vahid İstintaq Komitəsi adı altında birləşdirilsin.
Analoji proses Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində bu il daha da sürətlənəcək. Bildirilir ki, SOCAR  artıq müəyyən layihələrin maliyyələşdirilməsinə vəsait ayrılmasını dayandırıb.
“Azərenerji”, “Azəriqaz”, “Azərbaycan Hava Yolları” QSC, Dövlət Dəmir Yolu İdarəsi, “Azərkimya” və digər təşkilatlarda da ixtisarların aparılması yönündə göstəriş verilib. Bu təşkilatlarda hətta 15-20 faizdən də yuxarı ixtisarların aparılması gözlənilir.
 
Aydındır ki, bu ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Çünki bu ixtisarlar minlərlə insanın işsiz qalması, eləcə də işini itirmiş orta məmur ordusu deməkdir. Məhz bu səbəblərdən  hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün daha ciddi antiböhran tədbirləri düşünməlidir, ya da neftin qiymətində əhəmiyyətli artım olacağına ümid etmək zorundadır.
“Yeni Müsavat”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın