Menu
Geri İrəli

İlham Əliyev iş adamlarına çağırış etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2017 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

ilham_aliyev_160113“Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda, öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər”, – deyə o vurğulayıb.

İlham Əliyev əlavə edib ki, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir:

“Biz, eyni zamanda, böyük dövlət və özəl şirkətlərini də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft şirkəti – SOCAR, Azərbaycan Hava Yolları – AZAL, Dəmir Yolu və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar “Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin ayrılmaz hissəsidir”.

İlham Əliyev bildirib ki, xarici bazarlar geniş təhlil edilməli və araşdıılmalıdır: “Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın