Menu
Geri İrəli

İş tapmaq istəyənlər üçün ən mühüm şərt

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2017 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur
Share Button

i-fikirleri“Bir çox peşələr ingilis dilindən asılıdır”.

İngilis dili dünyada ən çox insanın danışdığı dil olmasa da, sənaye və texnologiyanın dili kimi ilk sırada qərarlaşıb. Dünyanın aparıcı sənaye, hərbi, texnologiya, iqtisadiyyatın aparıcı qollarına aid şirkətlərin əksəriyyəti Avropa və ABŞ-a aid olduğundan ingilis dilinin dominantlığı da yüksəlməkdədir.

Ölkəmizdə də bu dil əmək bazarının vacib tələbinə çevrilib. İnsan resursları üzrə ekspert Günəş Əkbərova deyir ki, bu, bir neçə amillə bağlıdır: “Bir çox xidmət və istehsal sahələrində, mühəndislik sahələrində əsas qurğular, maşınların istifadə dili əsasən ingilis dilidir. Bu qurğulardan istifadə etmək üçün orta səviyyədə ingilis dili tələb olunur. Eyni zamanda bazarda xarici şirkətlərin sayı artıb. Bu da xarici dillərə tələbatı artırır”.

İqtisadçı Faiq Əliyev isə deyir ki, Azərbaycanın ixrac potensialının realizəsi üçün səyləri, şirkətlərimizin xarici bazarlara çıxmağa başlaması yeni tələblər formalaşdırır: “İxracyönümlü siyasət əmək bazarında da dəyişikliyə səbəb olur. Artıq xarici dilləri bilən mütəxəssislərə tələb artır. Xarici şirkətlərə danışıqların aparılması, məhsulun dolğun şəkildə təqdim olunması, inandırma və ticarət əlaqələrinin qurulması ixrac siyasətinə keçmiş şirkətlərin prioritetinə çevrilib. Bu baxımdan peşəkar, həm də xarici dilləri bilən peşəkarlar lazımdır”.

Bəs əmək bazarı bu dəyişikliklərə necə reaksiya verir? Görünən odur ki, əmək bazarında da bu istiqamətdə reaksiyalar var. Müşahidələr göstərir ki, bu gün xarici dil, xüsusilə də ingilis dili kurslarına gedənlərin sayı 5-10 il öncə ilə müqayisədə çoxdur.

Karyera məsələləri üzrə ekspert Eyvaz Qocayev bildirir ki, təhsil ocaqları əmək bazarının çağırışlarına reaksiya verməlidir: “Xarici dillərin tədrisi orta və ali məktəblərdə gücləndirilməlidir. Tələbə işəgötürənin bütün tələblərinə uyğun kampitensiyalara elə təhsil illərində yiyələnməlidir. Bəs nə üçün təhsil alır?! Əgər baza bacarıqları, bilikləri təhsil ocağında qazanmırsa”.

Övladı bu il universitetə qəbul olunmuş valideyn Vəli Allahverdiyev deyir ki, oğluna universitetdə gücləndirilmiş ingilis dili keçməyə başlayıblar: “Oğlum bu il Qərb Universitetinə qəbul olub. Mühəndislik sahəsi üzrə təhsil alır. Orda intensiv ingilis dili dərslərinə başlayıblar. Deyiblər ki, xarici müəllimlərin dərslərini, mühazirələrini tam olaraq başa düşmək, xarici dilli ədəbiyyat və digər mənbələrlə tanış olmaq, beynəlxalq layihələrdə iştirak etmək üçün bu, çox vacibdir. Mən də razıyam, çünki isətəsək də, istəməsək də, karyera yüksəlişi bir yana qalsın, işə qəbul olunmaq üçün ilk tələblərdən biri bu gün ingilis dili üzrə bilik səviyyəsidir”.

Türkiyədə təhsil alan Aydın Səfərov deyir ki, bu ölkədə də ali təhsil müəssisələrində ingilis dilinə çox böyük önəm verilir: “Birinci il bizə intensive ingilis dili keçdilər. İndi ikinci kursdayam, bir çox fənləri ingilis dilində keçməyə başlamışıq”.

AzNews.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın