Menu
Geri İrəli

Layiqli vətəndaş, tanınmış şəxsiyyət Arzu Nağıyevin doğum gününə

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur
İyul ayının 27-si tanınmış ictimai xadim Arzu Nağıyevin növbəti doğum günüdür…
Arzu Nəsib oğlu Nağıyev bizim ziyalı təbəqəsinin o nəslinə mənsubdur ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq, həmişə milli özünüdərk prosesinin inkişafında və Türk kimliyinin oluşdurulmasında öz əvəzsiz və təmənnasız xidmətlərini göstərib.
Tanıyanlar bilir ki, o, çox unikal bir şəxsiyyətdir. Müxtəlif zaman kəsiyində və ictimai-siyasi proseslərin fonunda aydın, həm də doğru vətəndaş mövqeyinə malik olan Arzu Nağıyev, milli dövlətçilik düşüncəsinin pərvəriş tapmasında da özünəməxsus fəaliyyətdə bulunub. Uzun illər ən vacib dövlət strukturlarından birində kifayət qədər vacib vəzifələr tutan Arzu müəllim, öz dopdolu içi, universal savadı və erudisiyası ilə görəv yapdığı işləri belə şərəfləndirməyi bacarıb. Və heç şübhəsiz ki, bütün bunları o qədər də sadə məsələ hesab etmək olmaz: Həzrət Əlinin buyurduğu kimi, “İnsanın ən böyük qələbəsi öz nəfsi üzərində qələbəsidir” – məntiqinə güvənib də yaşamaq, özü də şərəflə yaşamaq, ilin-günün indiki keşməkeşli vaxtında hətta arzu eləyən hər bir şəxsiyyətə belə nəsib olan tale payı, ömür qisməti deyil.
Bakı, Tiflis və Moskvadakı tanınmış ali təhsil ocaqlarında  yüksək səviyyədə təhsil alan Arzu Nəsib oğlu, milli təhlükəsizliyimizin keşiyində dayandığı onilliklər boyu, təmsil etdiyi orqanın cəmiyyətdə nüfuzunun artmasında və bu quruma səmimi münasibətin formalaşmasında əlindən gələni əsirgəməyib. Burada ən könülaçan məqamlardan biri də odur ki, bir dövlət qulluqçusu olaraq Arzu müəllim, həm də ictimaiyyət arasında çalışdığı bu “qapalı” təşkilata hörmət və avtoritet qazandıra bilib. Zatən, onun bütün fəaliyyəti də sanki məhz bu cür savab işlərə hesablanıb.
Arzu Nağıyev 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində vətən torpaqları uğrunda əlində silah – həm də düşmənə qarşı bu silahı ən yaxşı davrana bilən yüksək rütbəli səlahiyyətlilərdən biri olaraq savaşıb. O, vəzifə sahibi olsa da, ermənilərin məkrli planına qarşı ilk çıxanlardan biri olub. Aylarla döyüş bölgələrində torpaqlarımızı qoruyan zabit Arzu Nağıyev, ən ağır zamanlarda baş tutmuş müharibə səhnələrinin iştirakçılarından və canlı şahidlərindən olub…
Torpağa bağlılıq, yurd sevgisi, vətən məhəbbəti onun həyat amalının başlıca prinsipləridir. Arzu Nağıyevi tanıyan hər kəs belə bir vətənpərvər və millətçi dostu olmağı ilə fəxr etməkdə nə qədər haqlı olduğunun fərqindədir. O, həm də bir könül sirdaşı, ruh mücəssəməsidir. Arzu müəllimin sazı, sözü sevməsi isə çox təbiidir. Çünki onun mayası da məhz qara sazdan və haqdan gələn Sözdən yoğrulub. Ağlı kəsəndən həyət-bacalarında, qonum-qonşularında məmləkətin azman aşıqlarını – Mikayıl Azaflını, Əkbər Cəfərovu, Çopur Ələsgəri, aşıq Xanları və başqalarını görüb. Ölməz Səməd Vurğunun, Həsən Mülkülünün, Məmməd  İsmayılın, Ramiz Rövşənin şeirlərinə pərvazlanıb.
Damarında çağlayan Sazın havasıyla Sözün nəfəsi ömürlük onun yol yoldaşına, könül həmdəminə çevrilib.
Arzu Nağıyev beləcə şeirə, sözə istəyini sakit-sakit, hamıdan xəbərsiz ağ vərəqlərin üzərinə boşaltmağa başlayıb. Yazdıqlarını ilk əvvəl hamıdan gizlətməyə çalışsa da, sonradan dostlarının təkidi ilə ilk kitabını çap etdirib: 1998 – ci ildə “Görüşünə gəlmişəm” adlı kitabdan 4 il sonra –  2002-ci ildə “Mən sənsiz neylərəm” adlı növbəti kitabı işıq üzü görüb. Artıq təkcə dost-tanışın içərisində deyil, həm də ədəbi dairələrdə tanınmağa başlayan Arzu müəllim, bir neçə ildən sonra Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Müxtəlif mövzularda yazdığı ədəbi nümunələrin cəmləşdiyi həm birinci, həm də ikinci kitabda müəllifin qələmə aldığı poetik nümunələrlə yanaşı, maraqlı nəsr əsərləri – hekayələri də toplanıb. Onu da vurğulamaq yerinə düşər ki, Arzu müəllimin qələmindən çıxan əsərlər dəfələrlə dövrü mətbuatda işıq üzü görərək müəllifini istedadlı bir yazar olaraq tanıdıb.
2013-cü ildə – 50 yaşının tamamında Arzu Nağıyevin növbəti kitabı  çap olunub: “Yovşan qoxulu səmt küləyi”. Burada isə müəlliflik bədii yaradıcılıq nümunələri ilə yanaşı, ciddi tədqiqat əsərləri və araşdırmaları da toplanıb. 1941-1945-ci illərdə II dünya müharibəsində döyüşən həmvətənlərimiz  haqda, həmçinin müəllifin böyüyüb boya-başa çatdığı  rayonun tarixi, mənsub olduğu nəslin soy-kökü ilə bağlı qələmə alınan yazıları xüsusilə maraqlıdır. Çünki bütün bunları oxuduqca müəllifin el-obasına, yurduna, torpağına bağlılığını hiss etməmək, görməmək mümkün deyil.
Ötən il isə Arzu Nağıyevin “Qələm” nəşriyyatında “Qara kabus” kitabı Azərbaycan və rus dillərində çap olunaraq müəllifinə geniş şöhrət qazandırıb. Bəşəriyyətin ən böyük bəlası olan narkomaniyadan bəhs olunan kitabda, uzun illər xidməti vəzifəsi ilə bağlı olaraq həmin məsələ ilə bilavasitə məşğul olan Arzu Nağıyevin bir mütəxəssis və qələm adamı olaraq ürək yanğısı, həmçinin ciddi xəbərdarlıqları öz əksini tapıb.
Son illərdə daha çox analitik yazıları, araşdırmaları və geosiyasi təhlilləri ilə müxtəlif media qurumlarına açıqlamalar verən Arzu Nağıyev, bu gün ölkənin aparıcı ekspert və şərhçilərindən biri sayılır. Yaxın vaxtlarda, onun politoloji yazıları və müxtəlif səpkili araşdırmalarından ibarət “1001 günün siyasəti” adlı növbəti kitabı da işıq üzü görəcək.
Neçə illərdir ki, Arzu Nağıyev tanınmış media qurumlarından biri olan “Trend” İnformasiya Agentliyi baş direktorunun müavini olaraq mətbuatımızın keşiyində dayanan nüfuzlu qələm sahibi kimi fəaliyyət göstərir. Onun cəmiyyətimizin və regionun aktual problemləri ilə bağlı apardığı  fundamental araşdırmalar ölkə və xarici mətbuatda mötəbər mənbə kimi qəbul olunur. Dünyada baş verən ciddi siyasi hadisələrlə bağlı sanballı ekspert kimi tanınan Arzu Nağıyev, qlobal ictimai problemlər, o cümlədən narkomaniya ilə bağlı ölkəmizdəki ən ciddi araşdırmaçılardan biridir.
Bir sözlə, Arzu Nağıyev taleyinə düşən ömür payını şərəflə yaşayan bir ictimai xadim, yazar və araşdırmaçıdır.
52-ci doğum günündə Arzu Nəsib oğlu Nağıyevə ən xoş istəklərimizi çatdırır, ona daha böyük uğurlar arzulayırıq. O, həm də mənim varlığıyla öyünüb, dostluğumuzla qürurlandığım sevdalı bir arkadaşım, istəkli abimdir.
Təbriklər, dəyərli insan…
Ehtiram İlham, musavat.com


Facebook Şərhləndirmə:

Şərhinizi yazın