Menu
Geri İrəli

Maşın almaq üçün ən yaxşı vaxt

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2016 • Baxış sayı: 599 dəfə • Şərh yoxdur

Ötən həftə Bakının avtomobil bazarında nisbi canlanma müşahidə edilib ki, bazar  iştirakçıları bunu qiymətlərin ən aşağı həddi ilə izah ediblər. Ramin adlı bazar iştirakçısı ANS PRESS-ə müsahibəsində qiymətlərin 2 dəfəyə qədər düşdüyünü vurğulayıb: “Maşın indi su qiymətinədir. Əvvəl 10 min manata deyilən “Mercedes”i indi 4,5-5 min manata almaq mümkündür. Yəni maşın almaq istəyənlərin əlinə yaxşı fürsət düşüb. Yəqin ki, qiymətlər belə qalmayacaq və qalxacaq”.

“Maşın almaq istəyənlərin əlinə yaxşı fürsət düşüb. Yəqin ki, qiymətlər belə qalmayacaq və qalxacaq”.

Əhalinin gəlirlərini mütəmadi dollara çevirərək gözləmə mövqeyi tutması, yəni alıcılıq qabiliyyətinin düşməsi ilə yanaşı, bazarda qiymətləri salan digər amil bəzi dövlət qurumlarının istifadəsində olan avtomobillərin çox ucuz qiymətə bazara çıxarılmasıdır. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin martın 15-nə nəzərdə tutduğu hərracda 2004-cü il istehsalı olan “Hyundai Sonata” 1907 manata, 2006-ci il istehsalı olan “Nissan Maxima” 2822 manata təklif edilir.

2006-ci il istehsalı olan “UAZ-3741” markalı mikroavtobus isə  2548 manatdan bazara çıxarılır ki, bu, indiki dövr üçün yetərincə aşağı qiymətdir. Bu tipli mikravtobuslar dağ kəndləri ilə rayon mərkəzləri arasında işlətmək üçün həddindən əlverişlidir və qoyulan xərci sürücünün aylıq qazancı da nəzərə alınmaqla bir ilə geri qaytarmaq mümkündür. Qiymətlərin ucuzluğu bazarda Rusiya istehsalı astomobillərə də marağı artırıb. İndi 4-5 ilin “UAZ”larını 2 min manata almaq mümkündür.

"UAZ" markalı mikroavtobus

“UAZ” markalı mikroavtobus

Amma Dövlət Gömrük Komitəsinin (DGK) idxalla bağlı təqdim etdiyi göstəricilər bazarda bu vəziyyətin uzun müddət davam etməyəcəyini düşünməyə imkan verir. DGK-nın statistikasına görə, 2016-cı ilin yanvar ayında nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı 4 dəfəyə qədər azalıb. Əgər 2015-ci ilin yanvar ayında Azərbaycana 53,26 milyon dollarlıq nəqliyyat vasitəsi və onların ehtiyat hissəsi gətirilmişdisə, bu ilin birinci ayında bu göstərici 11,93 milyon dollara düşüb. Əvvəlki illərlə müqayisədə azalma daha çox olub.

Əmlak Ekspert Mərkəzinin araşdırmasına görə, bu proses Azərbaycanda avtomobil parkının yenilənməsi fonunda gedir. Yəni bazarda əvvəllər daha çox Almaniya istehsalı olan ikinci əl avtomobillər satılırdısa, hazırda yeni avtomobillərin satışı üstünlük təşkil edir. Avtomobil salonlarının manatla daxili kreditləri bərpa etməsi də bu meyli gücləndirib.

Bir sıra illər üzrə yanvar ayında Azərbaycana avtomobil idxalı (milyon dollar)

Bir sıra illər üzrə yanvar ayında Azərbaycana avtomobil idxalı (milyon dollar)

Yəni ölkəyə ikinci əl avtomobillər gətirilmir və bunu Gürcüstandan Azərbaycana ixracın statistikası da sübut edir. Çünki Azərbaycan ikinci əl maşınlar əsasən Gürüstandan gətirilir. Bu ölkənin statistika departamentinin məlumatına görə, yanvar ayında bu ölkədən Azərbaycana avtomobil ixracı bir il əvvəlkinə nisbətən 22 dəfə azalıb. Əgər 2015-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13,1 milyon dollarlıq avtomobil gətirilibsə, bu il həmin göstərici 577 min dollara düşüb. Yəni avtomobil bazarında təklif azalıb və bu baxımdan müşahidə olunan nisbi canlanma təbii görünür.

“Avtomobil almaq istəyənlər də çaşqınlıq içində idilər. Ona görə çəkilib bir kənarda gözləyirdilər. İndi isə durğunluqdan çıxıblar”.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ANS PRESS-ə müsahibəsində bu canlanmanı qeyri-müəyyənlikdən çıxış kimi dəyərləndirib: “İkinci devalvasiyadan sonra avtomobil satanlar da, avtomobil almaq istəyənlər də çaşqınlıq içində idilər. Ona görə çəkilib bir kənarda gözləyirdilər. İndi isə durğunluqdan çıxıblar və yeni şəraitə uyğunlaşmağa çalışırlar. Yəni avtomobil qiymətlərinin daha da düşəcəyini gözləməyə dəyməz. Bazarda qiymətlərin sabit qalacağına ehtimal etmək olar, amma manatın məzənnəsindən asılı olaraq qiymətlər qalxa da bilər”.

Avtomobil almaq istəyənlər məhz bu məqamı nəzərə almalıdırlar. Bu məsələ avtomobili məhz təsərrüfat məqsədləri üçün almaq istəyənlər, yəni yük və sərnişin daşımaçılığı ilə məşğul olmaq, fermer təsərrüfatlarında işlətmək istəyənlər üçün daha önəmlidir. Bu cür işgüzar adamların əllərindən olan vəsaiti ölü kapital kimi saxlamasındansa, iş üçün vacib olan avtomobillərə yönəltmələri daha məqsədə uyğun olar. Bundan həm bu adamların özləri, həm də onların fəaliyyətindən vergi əldə edən dövlət büdcəsi qazanar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın