Menu
Geri İrəli

Maşın bazarında yay qiymətləri – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2017 • Baxış sayı: 728 dəfə • Şərh yoxdur
119767Həftə sonu olmasına baxmayaraq, Badamdar qəsəbəsində yerləşən, daha çox ikinci əl maşınların satıldığı maşın bazarında seyrəklik müşahidə olunur. Həm alıcı sayında, həm də avtomobillərin çeşidlərindəki monotonluq onu deməyə əsas verir ki, maşın bazarında sükunət hələ də davam edir. Amma Azərbaycan alıcısının bazara marağı hələ də var. Yəni alan olmasa da, maraqlananlar çoxdur.
APA TV-nin xəbərinə görə, satıcıların bəziləri iddia edir ki, avtomobil bazarında 8-9 yerlik avtomobillərə maraq artıb. Bunun əsas səbəbi isə turistlərin daha çox bu avtomobillərlə səyahət etməyə üstünlük verməsidir. Turizm sezonu yeni başladığına görə bu avtomobillərin qiymətinin növbəti aylarda daha da artacağı gözlənilir.
Satıcılar deyirlər ki, daha imkanlı turistlər əsasən lüks avtomobillərə üstünlük verirlər. Əsasən də avtomobilin içində internetin olmasını istəyirlər. Belə maşınların qiyməti isə çox baha olur.
8-9 yerlik avtomobillərin günlük kirayəsi ili köhnə olan avtomobillər üçün 100-150 manat, lüks avtomobillər üçün isə 250 manatdan başlayır: “Digər avtomobil markalarının qiymətinə gəlincə, “Hyundai Sonata”, “Toyota Land Cruiser Prado” çıxarmışıq satışa, dollar və manatla təklif edirik. 2012-ci ilin “Hyundai Sonata”sını 20 min manata, “Toyota Land Cruiser Prado” 2010-cu ilin buraxılışıdır qiyməti 21 500 dollara. Kreditlə avtomobil satmırıq. Nağd alqı-satqıdir. “Niva”ların yenisi 16-17 min manat arası dəyişir”.
İşlənmiş avtomobillərə maraq daha böyükdür: “İkinci əl maşınların alıcısı daha çoxdur. Məsələn, 2011-2012-ci il buraxılışlarından söhbət gedir. Son aylarda ən çox satdığımız avtomobillər “Hyundai Sonata”, “Toyota Land Cruiser Prado”dur. Ümumiyyətlə götürdükdə, əvvəlki aylarla müqayisədə alıcılıq qabiliyyətində artım hiss olunur”.
Bazarda alıcı qıtlığından şikayətlənən də var, razı qalan da: “Jeep Grand Cherokee” markalı avtomobilimi çıxarmışam bazara. Bu maşını təxminən 3-4 il əvvəl 80 min manata almışdım. Amma 18 500 dollara sata bilmirəm”.
7 yerlik salonu olan “Furqon Mercedes” 9 min manata təklif olunsa da, hələ də alıcısını gözləyir. “Rang Rover”in də qiyməti ilə maraqlandıq: “2007-ci ilin buraxılışıdır. 18 500 dollara bazara çıxarmışam. Full vəziyyətdədir. Əvvəlki aylarla müqayisədə alıcı bolluğu var. Bu gün, ümumiyyətlə, ikinci əl maşınların alıcısı çoxdur. “Mercedes”, “BMW” markalı avtomobillərə üstünlük verilir. Ən çox alman maşınları ilə maraqlansalar da, Yaponiya istehsalı olan avtomobillər daha tez özünə alıcı tapır. Ümumilikdə bazarda qiymətlərdə artım var. O ki, qaldı mənim çıxardığım avtomobilə, 2000-2500 manat artıb qiymət” .
“Mercedes-Benz”, “Mercedes Panorama” markalı avtomobillər isə satıcı alıcı sarıdan şikayət etmir: “Mercedes Kupe”lərdə alver zəifdir. O marka əsasən dollarla satıldığından, alıcısı zəifdir. 23 min dollardan təklif olunur. Bazarda ilin bütün fəsillərində “Mercedes” satışında üstünlük var. Hazırda avtomobil bazarın bütün markalar üzrə qiymət 2000-2500 manat artıb. Yay aylarında şəhər boşaldığından, avtomobil bazarında zəiflik olur. Alış-verişin ən qaynar vaxtı sentyabr ayına təsadüf edir”.
Satıcılar deyir ki, hazırda avtomobillərin qiyməti baha olsa da, stabilləşməyə doğru gedir. Məsələn, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-cu illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə 20-30 faiz arasında qiymət artımı baş verib.
2010-cu ilin buraxılışı olan “VAZ-2115″ 4700 manata satılır. Avropa istehsalı olan maşınlara tələbat Rusiya istehsalı olanlardan daha çoxdur. Həmsöhbətimiz olan satıcının sözlərinə görə, ölkəyə idxalın azalması istismarda olan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərir. Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə, 2016-cı ildəki göstəricilərlə müqayisədə isə 5-6 dəfə azalıb. Ölkəyə idxalın azalması avtomobil bazarına da öz təsirini göstərib. Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunur.
Hazırda isə heç bir avtomobilin qiymətində ucuzlaşma qeydə alınmayıb. Sadəcə, stabilləşmə var. Elə alıcılar da bu fikirdədir. Onların fikrincə, bazarda avtomobil məhdud saydadır: “Panorama Mercedes”lə maraqlanıram. İnternetdə bu avtomobili görüb bazara gəlmişəm. Nağd almağı bu günə planlaşdırmasam da, çeşidlərə baxıram. 2007-ci ilin buraxılışı ilə maraqlanıram. 18 000-18 500 manata olsa, razılaşaram. 2008-ci il buraxılışını 14 min dollara deyirlər. O, çox bahadır, mənə uyğun deyil”.
Bazarda uzun illərdir çalışan satıcılar isə deyir ki, 2017-ci ilin ilk aylarında bahalı, xüsusən ikinci əl bahalı avtomobillərin qiymətində müəyyən azalma müşahidə edilib. Çünki bahalı avtomobillərə tələbat azdır və işlənmiş bahalı avtomobillər əsasən dollarla təklif olunur. 60-100 min dollar arasında olan avtomobillərin qiymətində artım yoxdur, əksinə, azalma müşahidə edilir.
Odur ki, əliniz cibinizdə olsun!
Facebook Şərhləndirmə:

Şərhinizi yazın