Menu
Geri İrəli

Məşədi Alimin seyid Əlmədətlə ortaq fırıldağı: 700 manata “şəfalı” su

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur
zerercekmiBakıda özlərini vəzifəli şəxslərin yaxın adamı və hətta vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları müxtəlif yollarla aldadan dələduzların daha bir əməli üzə çıxıb.
Bu dəfə dələduzlar “qurban”larını heç kəsin ağlına gələ bilməyəcək üsulla aldadıblar. Xəstə kişidən onu seyidin yanına aparmaq üçün 700 manat alıblar. Həmin seyid də xəstəni sağaldacaqmış. Söhbət dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun əməllərindən gedir.
Həbs edilən şəxslərin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baxılır.
Tərlan və Alimin əvvəlki əməlləri belədir ki, onlar birlikdə qurduqları plan üzrə Bakı sakini Adil Həsənovdan 123 min manat alıblar. Adil Həsənov tikinti işi ilə məşğul olurmuş. T.Comərdov Alimi vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi Adil Həsənova təqdim edib. Və Adil Həsənova deyib ki, vergi ilə bağlı problemlərini Alim İbrahimov həll edəcək. Ancaq bu işi görmək üçün aldığı pulu götürən Alim “yoxa” çıxıb.
Başqa bir zərərçəkmiş isə Fikrət İbrahimovdur. Alim və Tərlan hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olan F.İbrahimovu isə başqa üsulla aldadıb.
Alim İbrahimov bu dəfə özünü prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun mühafizəçilərinin rəisi olaraq təqdim edib. Alim tikinti materiallarının satışı ilə məşğul olan Fikrət İbrahimovu inandırıb ki, onun Əli Əsədova məxsus tikinti şirkətlərinə mal satmasına şərait yaradacaq. F.İbrahimovun etibarını qazanan Alim ondan 94 min manatlıq armatur alıb və əvvəlki qayda ilə “yoxa” çıxıb. Alim məhkəmədə deyib ki, F.İbrahimovdan aldığı armaturu Məşəddə tanıdığı dostuna satıb. Pulu ala bilmədiyi üçün borcunu ödəyə bilməyib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Alim İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.
Alim və Tərlanın bu əməlləri ilə bağlı yazı musavat.com-da dərc edildikdən sonra başqa bir zərərçəkmişin başına gələnlər ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatdan məlum olub ki, həbs olunan Alim İbrahimov həqiqətən də əvvəllər Əli Əsədovun işçisi olub. Bundan istifadə edərək özünü Əli Əsədovun yaxın adamı kimi ayrı-ayrı şəxslərə təqdim edərək onları aldadıb. Alim İbrahimov bir neçə il əvvəl Səbael rayonunda, Badamdar qəsəbəsində kirayədə yaşayıb. Həmin müddət ərzində də Əli Əsədovun mənzillərindən birində mühafizəçi işləyib.
Məlumatda bildirilir ki, Alim həmin müddətdə bir çox vətəndaşdan işə düzəltmək adı ilə pul alıb. Həmin şəxslər hazırda rəsmi olaraq şikayətçi deyillər.
Badamdarda kirayədə yaşadığı müddətdə özünə “qurban” olaraq mənzil sahibini də seçən Alim şəkər xəstəsi olan ev sahibinin başına əməlli başlı oyun açıb.
Belə ki, Alim ev sahibi Vahid Məmmədovun şəkər xəstəsi olmasından istifadə edib. Alim Vahid Məmmədova deyib ki, onun şəkər xəstəliyinə çarə ola biləcək seyid tanıyır.
Vahid Məmmədovun aldanma motivi məlum olduqda adam təəccüblənir. Ona görə ki, seyid Vahid Məmmədovun xəstəliyini sağaltmaq üçün ondan 700 manat pul alıb. Qarşılığında isə ona “şəfalı” su verib. Bu işdə seyidlə Alim əlbir olub.
Alim Vahid Məmmədovu aldadaraq Şamaxıda yaşayan Əlmədət adlı seyidin yanına aparıb. Seyid Əlmədətdən mədət uman Vahid Məmmədov 700 manatın qarşılığında 4-5 qab 20 litrlik su alıb.
Seyid Əlmədət Vahid Məmmədova deyib ki, verdiyi 100 litrə yaxın suyu hər gün 100 qram içsin. Bununla da xəstəliyi tamamilə sağalacaq.
Bu hadisə cinayət işində yer almayıb. Alim və Tərlanın əməlləri barədə yazılar dərc edildikdən sonra Vahid Məmmədov Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə üz tutub. O, Alim İbrahimovun və seyid Əlmədətin onu aldatması haqda məlumat verib.
Seyidin verdiyi sudan şəfa tapmayan Vahid Məmmədov rəsmi şikayətində həm Alimin, həm də seyid Əlmədətin cəzalandırılmasını istəyib.
İlkin Muradov,
Facebook Şərhləndirmə:

Şərhinizi yazın