Menu
Geri İrəli

“Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” mövzusunda konfrans

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2016 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

photo_71243Bakı Qızlar Universitetində tələbə-gənclərin, mətbuat nümayəndələrinin, elm və KİV mütəxəssislərinin iştirakı ilə “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” mövzusunda konfrans keçirildi. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyələşdirdiyi “Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir” layihəsi çərçivəsində reallaşan tədbirin təçkilatçısı Hərbi Jurnalistlər Birliyi, təşkilati dəstəkçisi isə “Bütöv Azərbaycan” qəzeti redaksiyası idi.

Konfransın əvvəlində AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli tədbirin məqsəd və məramı barədə qısa məlumat verdikdən sonra müstəqilliyimizin bərpasında və Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi ehtiramla yad olundu.

Hərbi Jurnalistlər Birliyinin sədri,  layihə rəhbəri Tamxil Ziyəddinoğlu mövzu üzrə məruzə etdi. T. Ziyəddinoğlu bildirdi ki, Azərbaycanın mövcud Konstitusiyası hər bir şəxsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib. 1998-ci ildə senzura ləğv olunub. Dövlətimiz mətbuat üzərində nəzarətdən imtina edib. Media layihələrinin maliyyələşdirilməsinə 20 milyon manatdan artıq vəsait ayırıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq internet portalı fəaliyyət göstərir.

“KİV haqqında”, “Rabitə haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi şəffaflıq yaratmaqla bərabər sərhədləri aşan informasiyaların geniş yayılmasına da geniş şərait yaradıb. Belə ki, 9,6 milyondan çox əhalisi olan ölkəmizdə hazırda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. “Az” domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində “onlayn” media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır.  Hərbi Jurnalistlər Birliyinin sədri çıxışında, həmçinin təəssüflə diqqətə çatdırdı ki, virtual informasiya məkanının genişlənməsi, milli informasiya mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Transmilli informasiya siyasəti sərhədlərimizi asanlıqla aşaraq ölkəmizin imicinə, milli təhlükəsizliyimizə ciddi təsir göstərir.

Xalqımız 1990-cı illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı ayrı-ayrı “ekspertlərin”, kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda isə təxribatçı fəaliyyətinin acısını dadıb. O vaxt bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, hərbi hissələrin zəif mövqeləri, düşmənlə üzbəüz yaşayış məntəqələrində əhalinin sayı dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı mətbuatı izləməklə özünə lazım olan informasiyanı asanlıqla əldə edə bilirdi. Sərhədyanı zonalarda yaşayan əhalinin sosial problemlərini, təhlükəsizlik məsələlərini qabardaraq əhalini həmin əraziləri tərk etməyə təşviq edirdilər. Torpaqlarımızın işğal olunması da, milli təhlükəsizliyimizə cavabdeh dövlət qurumu  olan MTN-nin bir müddət milli təhlükə mənbəyinə çevrilməsi də məhz qeyd olunanların təzahürüdür.

Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu daha sonra dedi ki, bu layıhəni həyata keçirməkdə məqsədimiz tələbə gənclərimizin, sosial media istifadəçilərinin fəal köməyi ilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətinin müdafiəsinə  dəvət etmək, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunan və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir.

Layihə rəhbəri, həmçinin vurğuladı ki,  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə hazırlanan bukletlərdə sosial media istifadəçilərinə aid tövsiyələr var. Tədbir iştirakçılarının hər birindən xahiş olunur ki, onları yaxınları ilə paylaşsın. Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi vətəndaşlıq mövqeyindən çox asılıdır.

Məruzəçi çıxışında şahidi olduğu hadisələrdən nümunələr gətirdi və belə halların təkrarlanmasının dövlətçiliyimizə təhlükə yaratdığını vurğuladı, gəncləri informasiya yayarkən ayıq -sayıq olmağa çağırdı.

Bakı Qızlar Universitetinin rektoru professor Ağarəhim  Rəhimov, yazıçı-publisist Miraslan Bəkirli və digər çıxış edənlər müstəqilliyimizin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə bilgilərini bölüşdülər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın