Menu
Geri İrəli

Nardaranda əməliyyat keçirildi – 32 nəfər saxlanıldı, 8 nəfər inzibati həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 714 dəfə • Şərh yoxdur
Share Button

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib. Bu barədə Trend-ə Nardaran qəsəbə sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, əməliyyat martın 1-də keçirilib. Əməliyyat zamanı 32 nəfər saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb.

Sakinlərin sözlərinə görə, əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılmasıdır.

Sabunçu rayon Polis İdarəsi və idarənin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 32 nəfər saxlanılıb. Sabunçu rayon Polis İdarəsində aparılan araşdırmaların nəticəsində 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan 8 nəfər barədə 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. İnzibati həbs edilənlər Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.

Nardaran sakinləri bildirirlər ki, həmin divarlardakı yazılar qəsəbə sakinlərinə qarşı təxribatdır və bu nardaranlıların işi deyil: “Bu, Nardaranda ictimai-siyasi vəziyyəti gərginləşdirməkdə maraqlı olan şəxslərin işidir. Həmin şəxslər bu cür işlərlə Nardaranda aranı qarışdırmaq istəyirlər”.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın