Menu
Geri İrəli

Nazirlikdən əhaliyə qarpız xəbərdarlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2015 • Baxış sayı: 404 dəfə • Şərh yoxdur

İndiyə qədər aparılan yoxlamalar belə deməyə əsas verir ki, insanlar iyunun əvvəlindən iyulun 20-dək olan müddətdə qarpızdan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar.

qarpo-nam

AzVision.az xəbər verir ki, bunu trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.

Y.İbrahimov bildirib ki, 1 kq-lıq qarpızın tərkibində nitratın miqdarı 60 milliqramdan, yemişdə isə 90 milliqramdan artıq olduqda zəhərlənmə riski artır: “Amma bu göstərici müvafıq olaraq 60 və 90 milliqramdan aşağıdırsa, zəhərlənmə qorxusu yoxdur”.

Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək bəzi bazarlarda satışa çıxarılan qarpızlarda nitratın miqdarının artıq olması aşkarlanıb və həmin məhsullar satışdan çıxarılıb: “Bu da onunla əlaqədardır ki, qarpızlar tez dəyməsi üçün istixanalarda yetişdirilir, sonra açıq sahədə əkirlər. Qarpızların tez yetişməsi və çoxlu qazanc əldə etmək üçün təbii ki, oraya müxtəlif gübrələr verilir. Aqrotexniki qaydalara düzgün riayət olunmayanda, verilən gübrələrin hektara düşən normasının miqdarı artıq olduqda doymuş məhlul alınır və o, qarpız, yemiş tərəfindən sovrulur. Nəticədə məhsulda nitratın miqdarı artıq olur”.

Y.İbrahimov qeyd edib ki, artıq qarpızların tərkibində nitratın miqdarının, yəni qorxu riskinin azalması müşahidə olunur. Amma o, qarpız-yemişlərlə bağlı qorxu riskinin həmişə olduğunu söyləyib.

Laboratoriya rəhbəri əlavə edib ki, bu məhsullardan zəhərlənmənin baş verməməsi üçün daha həssas olan qrupların – hamilə qadınların, körpə uşaqların, yaşlı, xəstə insanların qarpızdan az istifadə etməsi daha məqsəduyğundur: “Digər tərəfdən, axşam vaxtı xəstə adamların qarpız yeməsi məsləhət görülmür. Çünki bu meyvə qan təzyiqinin artmasına səbəb ola bilər. Qarpızı soyutmaq üçün onu kəsərək soyuducuda saatlarla saxlamaq da neqativ haldır və belə qarpızları yemək ziyanlıdır”.

Yol kənarlarında satılan qarpız-yemişlərə gəldikdə, Y.İbrahimov deyib ki, yol kənarlarındakı maşınlarda satılan qarpız və yemişlərin tərkibini yoxlamadıqlarından onların tərkibinin yaxşı, yaxud pis olması barədə fikir söyləyə bilməz: “Yol kənarlarında qarpız və yemişlərin kütləvi satışı həmişə olub və olacaq. Çünki onlara nəzarət etmək imkanı məhduddur”.

O, digər mövsümi meyvələrin tərkibi ilə problemin olmadığını da söyləyib: “Digər meyvələr təmizdir. İndi tərəvəzlərin – pomidor, çuğundur, badımcan, kələmin tərkibi yaxşıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın