Menu
Geri İrəli

“Nizami” metrosu təzə görkəmdə – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 99 dəfə • Şərh yoxdur
Share Button
 

Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.

Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, təmirdən sonra stansiya tamamilə yenilənmiş görkəmdədir.

1 ilə yaxın davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb.

Bakı Metropoliteni QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platform altındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub.

Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.
1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşmüşdü.

Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu.

Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.

Qeyd edək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.

       
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın