Menu
Geri İrəli

“Ölkədə yeni keyfiyyət dəyişikliklərinin şahidi olacağıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur

Millət vəkilləri Konstitusiyaya dəyişikliklərin daha təkmilləşmiş islahatlara təkan verəcəyini düşünürlər
Ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumun yekun nəticəsinin açıqlandığı barədə xəbər vermişdik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Komissiyanın ümumi ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsinin hamısından hesabatlar daxil olub və əksər təkliflər yüksək səs faizi toplayıb.

Bu haqda fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili Tahir Mirkişili dedi ki, seçicilərin referendumda aktivliyini yüksək qiymətləndirir: “Məlumdur ki, Konstitusiyaya dəyişikliklər edilməsi təklifi prezident tərəfindən irəli sürülmüşdü. Bu nəticələr əhalinin ölkə prezidentinə, onun yürütdüyü siyasətə, dövlətin inkişafına, gələcəyinə, hüquq və azadlıqların daha da artırılmasına göstərdiyi etimadın təsdiqi idi. Bildiyiniz kimi, vətəndaşların 70 faizi səsvermədə iştirak etdi. Təkliflərin əksəriyyəti böyük səs çoxluğu ilə keçdi. Beynəlxalq müşahidəçilər də referendumla bağlı müsbət rəy verdilər. Bildirdilər ki, hər şey şəffaflıq, qanunauyğunluq çərçivəsində baş tutdu. Mən özüm Sumqayıtda bir neçə xarici müşahidəçi ilə birgə prosesi izləyirdim. Onlar da müsbət fikirlər bildirdilər, bəyanatlar səsləndirdilər”.
Millət vəkili Fazil Mustafa da qəzetimizə açıqlamasında aktivliyin yüksək olduğunu diqqətə çatdırdı: “Düşünürəm ki, gözlənilən nəticə oldu. Əhalinin böyük əksəriyyəti referendumla bağlı mövqeyini ortaya qoydu. Vətəndaşlar tərəfindən ölkədə köklü islahatların aparılması, struktur dəyişikliyini ehtiva edən referenduma müsbət rəy verildi. Ümid edirəm ki, referendumun nəticələri daha təkmilləşmiş islahatlara təkan verəcək. Fəallıq yüksək idi. Bu da insanların referenduma olan marağını bir daha təsdiqləyir”.

Millət vəkili Aydın Hüseynov APA TV-yə müsahibəsində deyib ki, Konstitusiyanın qəbulundan 20 ildən çox vaxt keçib. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz 1995-ci illə müqayisədə demək olar ki, bütün sahələr üzrə dünyada öz mövqeyini möhkəmlədib, regionda güc mərkəzinə çevrilib: “Azərbaycan hər cəhətdən özünü təsdiq edib. Müasir çağırışlar və dövrün tələbləri onu diktə edir ki, cənab Prezidentimizin atdığı addımlarda mütərəqqi çalarlar özünü göstərməlidir. Birinci vitse-prezident və vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəetməsini daha da aktivləşdirəcək və mükəmməlləşdirəcək. Bu, dünyanın bir çox ölkələrində özünü təsdiq etmiş mexanizmdir. Bundan əlavə, əgər 18 yaşlı bir insanın seçmək hüququ varsa, onun seçilmək hüququ da olmalıdır. 18 yaşında gəncə deputatlıq üçün öz namizədliyini irəli sürmək şansı verilir. Seçim vətəndaşların öhdəsinə düşəcək, insanlar seçmək lazımdırsa, səs verəcək. Əslində, bu təklif çox mütərəqqidir. İnsanın hüquqlarının daha da genişləndirilməsi deməkdir. Həm prezidentin səlahiyyət müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi, digər tərəfdən parlamentə seçimlərdə yaş senzinin aradan qaldırılması, insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər məsələlər çox mühüm və müsbət addımlardır. Çünki bu gün həm Azərbaycan iqtisadiyyatı, həm ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal, daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib. 21-ci əsrdə yaşayırıq. İndi inkişaf, tərəqqi dövrüdür, ölkələr, təhsil, elm qabağa gedir. Ona görə də bu referendum bizim üçün çox vacib idi və o, Azərbaycan üçün, xalqımız üçün çox yaxşı nəticələr verəcək. Ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi çox mütərəqqi sənəd idi və ona görə də vətəndaşlarımız bu dəyişiklikləri dəstəklədilər”.
A.Hüseynov onu da qeyd edib ki, dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir: “Son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində qazanılan nailiyyətlər məhz bu dəyişikliklərin əsas qanunumuzda təsbit olunmasını zəruri etmişdi. Tam məsuliyyətlə bildirirəm ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq. Ümumiyyətlə, bundan sonra yeni keyfiyyət dəyişikliklərinin şahidi olacağıq”.
Millət vəkili Fuad Muradov isə Trend-ə açıqlamasında bildirib ki, referendum nəticəsində seçkilərdə iştiraka görə yaş senzinin dəyişməsi gənclərlə bağlı qanunvericilikdə də dəyişikliklərə səbəb olacaq: “Bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişikliklərin olacağı gözlənilir. Qanunvericilikdə gənclərin yaş senzi ilə bağlı məsələlər dəyişməlidir. “Gənclər siyasəti haqqında” qanuna bu il köklü dəyişikliklər ediləcək. Bu, zamanın tələbidir. Dəyişikliklər böyük paketi əhatə edəcək. Sözügedən məsələlər Milli Məclisin payız sessiyasında öz həllini tapacaq”.
Şəfa Tapdıq
Facebook Şərhləndirmə:

Şərhinizi yazın