Menu
Geri İrəli

ÖLÜM SEVİNMƏSİN, QOY

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2017 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur

 unnamed1945-ci il. 9 may! Qələbə günü. Sovet xalqının Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbəsinin şanlı tarixidir. Bu müharibə XX əsrin yaddaşında ən dəhşətli və qanlı müharibə kimi qalmışdır. Faşist almaniyası bəşəriyyətə, onun dinc, əmin-amanlıq şəraitində yaşamaq istəyən insanlarına qarşı soyqırım təşkil etdilər. Humanuzm və mərhəmət hissləri, zorakılıqla, qanla əvəz olundu. Almanlar bir neçə il ərzində Avropanın böyük bir hissəsini zəbt etdi. Yerli əhali güllələnirdi, kəndlər yandırılırdı. “Buhenvald”, “Daxau”, “Ocvensim” kimi ölüm düşərgələri yaradılmışdı. İnsanlar diri-diri sobalarda yandırılırdı. Dünyaya ağalıq etmək istəyənlər özləri də bilmədən insanlıq cildindən çıxıb vəhşi heyvan cildinə girirdilər. Bu qana boyanmış tarixdir, Tarixi isə yaddaşlardan silmək qeyri-mümkündür.

Hər dəfə ikinci dünya müharibəsi haqqında düşünəndə kitablarda oxuduqlarımızla yanaşı, babalarımızın ürək ağrısı ilə söylədiklərini, müharibənin qanlı-qadalı günlərini yada salmalı olursan.

1941- ci il. 22 iyun. Həmin gün sanki zəlzələ baş verdi, yer silkələndi, dağlar yerindən oynadı, çaylar səmtini dəyişdi, dənizlər coşdu, daşdı. Göyün üzünü qara buludlar aldı. Yağış əvəzinə saysız-hesabsız qurğuşun yağdı. Bu, ölüm qurğuşunu idi. Arzulara, istəklərə qan çiləndi, anaların fəryadı göyləri titrətdi, qız-gəlinlərin göz yaşları çaylara qovuşdu. Sabaha ümidlər azalmağa başladı. Lakin ümidlər sonda ölür, belə bir deyim var. Sovet xalqı məkrli düşmənə qalib gəlmək üçün səfərbərlik elan etdi.

Atam Surxay Məmmədov da ikinci dünya müharibəsinin iştirakçısı olub. Müharibəyə könüllü getmişdi. İjevsk, Novqorod, Smolensk uğrunda faşistlərə qarşı mərdliklə vuruşub. Düşmən gülləsi ondan yan keçməyib. Yaralanıb. Ancaq tərxis olunmayıb. Cəbhəyə yollanıb. Berlinə qədər gedib. Doqma vətənə, Azərbaycana qayıdanda qardaşı Əjdərin həlak olduğu haqda anası Güllərdən eşitdi. Bacısı İmminin həyat yoldaşı Abışın müharibədə itkin düşdüyü haqda məlumat aldı.

Atam 1957-ci ildən öz taleyini Sümqayıta bağladı. 30 il şəhər mətbəəsinin direkror işlədi. Bir neçə çağırış Sumqayıt şəhər xalq deputatları sovetinin deputatı seçilmişdi. Şəhərin ictimai-siyasl həyatında fəal iştirak edirdi. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr”, “Şərəf nişanı” ordenlərinə və bir neçə medalla təltif olunmuşdur. 20 ildən yuxarı Sumqayıt şəhər müharibə və əmək veteranları şurasının sədri olub. Alman faşizmi üzərində qələbənin 60 illiyində Moskvada keçirilən hərbi paradın iştirakçısı olub. Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Fərdi prezident təqaüdçüsü”nə layiq görülmüşdür.

Bu gün atamız aramızda yoxdur. Lakin onun ruhu başımızın üzərindədir. Biz onun səsini sanki eşidir, nəfəsini duyuruq. Hər dəfə qapı döyüləndə “gələn atamızdır”, fikri ilə qapını açırıq. Həmin an onun yoxluğunu bir daha hiss edirik.

Ata qayğısını çox görmüşük. Bu insanın həyatda bir prinsipi vardı. “Əgər hörmət sahibi olmaq istəyirsinizsə insanlara yaxşılıq edin. Sizə pislik etsələr belə, yaxşılıq edin. Onda siz Allaha yaxın olarsunuz”. Həyatım boyu onun bu prinsipə necə əməl etdiyinin canlı şahidi olmuşam.

Hər il 9 may qələbə gününü onunla birlikdə keçirərdik. Övladları, nəvələri başına toplaşardı. Söhbətlərindən doymazdıq. İndi bu söhbətlərə daha böyük ehtiyacımız var. Lakin bu mümkündürmü? Yox! Çünki artıq bir neçə ildir ki, bu qələbə bayramını onsuz keçiririk. Qəbrini ziyarət edirik. Şəklinə baxıb doluxsunuruq. Onun sifətində isə həmişə olduğu kimi təbəssüm var. Sanki ruhu oyanır, bizimlə danışır.

Atamızın itkisinə inana bilmirik. Onun həyat yoluna boylanırıq. Ləyaqətli və şərəfli bir həyat yolu. Bu həyat bizim üçün bir məktəb, bir örnəkdir. İftixar hissi ilə bildiririk ki, atamız özündən sonra böyük bir miras qoyub gedib. Bu nə mirasdır? Ağıl, sədaqət, etibar, məsuliyyət və mehribançılıq. Övladları və nəvələri də bu həyatda bu prinsiplərə ciddi əməl edir və hər il, dünyasını dəyişən gündən, Qələbə günü ona rəhmət oxumaqla yanaşı, hamımız ürəkdən deyirik:

9 may! Qələbə bayramın mübarək, ATA!

P.S. 9 May Qələbə günü münasibətilə bütün müharibə iştirakçılarını təbrik edir, ilk növbədə cansağlığı, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıram. ,

 

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın