Menu
Geri İrəli

Ölümünə aktyor, ölümünə inqilabçı… – BİR DAHİ PORTRETİ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2016 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

tarik-akinKulis.Az Soner Yalçının “Tarık Akan” yazısını təqdim edir.

Bizim nəsil…

Yəni, 1960-cı illərdə Anadoluda doğulanlar “kino nəsli” idi.

Paytaxtdan kənardakı dünyanı kinoda gördük biz.

Kinoya getmək bir mərasimdi. Biletlər bir gün əvvəl alınırdı. Çimərdik və anam əlimizdən tutub o sehrli dünyaya aparardı bizi.

Film başlayar-başlamaz qəhrəmanımızın yanında kimlər olduğunu maraqla gözləyərdim.

Yeşilçamın “cana yaxın xarakterləri” bizə tərəf olardı həmişə: Cevad Kurtuluş, Necdet Tosun, Sami Hazinses, Nubar Terziyan, Hulusi Kentmen, Münir Özkul…

Qarşımızda olanlar isə qorxuducu idi. Yeşilçamın bu “pis adamlar”ından kim qorxmazdı ki?! Hüseyin Baradan, Önder Somer, Erol Taş, Bilal İnci, Hayati Hamzaoğlu…

Uşaq ağlımda hər dəfə düşünürdüm: bu pis adamlar məğlub ola bilərmi.

Filmin qəhrəmanına güvənirdim.

“Nə olursa olsun, biz qalib gələcəyik” deyərdim içimdə.

Haqq dünyasına qovuşmuş anamla getdiyim filmlərin sadəcə bəzi səhnələrini xatırlayıram: qəhrəmanın “pis adamları” məğlub etdiyi səhnələr.

Və o illər…

1970-ci illərin əvvəlində məhəllədə bir söhbət dolaşmağa başladı:

Böyük qardaşım aktyor olmuşdu!

Mühəndis olmağı üçün İstanbula göndərilən böyük qardaşım aktyorluğumu seçmişdi? Atam hirsləndi, anam gülümsündü, məhəllə sakinləri bayram elədi. Lovğa-lovğa gəzdim bir-iki həftə.

Bəxtsizlik. Məsələ qısa zamanda aydınlaşdı.

Ekranlarda görünən adam böyük qardaşıma çox bənzəyən Tarık Akan idi!

O nağılvari uşaqlıq illərimdən mənim qəhrəmanım həmişə Tarık Akan oldu.

Aktyorluqdan korifeyliyə

Şöhrət aktyorlar üçün təhlükəlidir.

Şöhrət hiyləgərdir və öz rahatlığı ilə adamı əsir alıb ətrafına sərhəd çəkir.

Tarık Akan onu qamarlayan şöhrətin yaxasından 1970-ci illərin sonlarında qurtuldu. Şöhrətin sirli qandallarını qırıb bir kənara atdı.

O, artıq…

Fişəng kimi qısa zamanda parlayıb sönən aktyorlardan olmayacaqdı…

O, artıq…

Yeşilçamın yaraşıqlı aktyoru deyil…

Kübar cəmiyyətdən bəhs edən kommersiya filmlərinin aktyoru deyil…

Kino korifeyi olmaq istəyirdi Tarık Akan.

Haqsızlıqlara uğrayan, əzab çəkən yoxsul xalqın dramını ekranlara daşıyacaq sənətçilərdən olmaq istəyirdi.

Xəyali deyil, sosial həqiqəti filmdə göstərmək istəyirdi.

Hakim ideologiyaya məğlub olaraq dövrünü tərifləyən deyil, zamana qarşı çıxan filmdə olmaq istəyirdi.

Və beləcə bu vəziyyəti dəyişmək istəyən sənətçilər karvanına qoşulub yola çıxdı. Ancaq…

 

tarik-akan_3418.jpg (670×371)

Bilirdi ki, Türkiyədə aktyorluq asandır.

Bilirdi ki, Türkiyədə sənətçi olmaq çətindir.

Tarık Akan bu düşüncəsi ilə xalqın sənətçisi oldu.

Bu səbəblə… Bir il yarım heç kim qapısını döymədi, iş vermədi. “Ac qalacaqsan, bizim dediyimizi eləyəcəksən” dedilər. Dözdü. Taksi sürücülüyü ilə başını dolandırdı.

Türkiyədə ovuc-ovuc qan axarkən əlində içki buxarının qabağına keçib gənc qızları tovlamaq, ələ keçirmək istəyən varlı biri olmağı rədd elədi.

Yavuz Özkan və Cüneyt Arkınla əlbir olub “Mədən” filmi ilə Yeşilçam embarqosunu dağıtdı.

Film gəlir rekordu qırdı…

Bəli, Tarık Akan Yeşilçamı məğlub etdi.

Şübhəsiz… Sənətçinin tək əngəli Yeşilçam deyildi. Türkiyənin həqiqi sənətkarları ilə eyni taleyi paylaşdı: zəncirə vuruldu, işgəncə gördü, həbs edildi, vətən xaini çıxarıldı.

Ancaq soyuqqanlı dik duruşu heç dəyişmədi…

Şöhrətə uduzmadığı kimi…

1980-ci il, 12 senytabr hərbi çevrilişinin zülmünə də boyun əymədi.

Bu igidlik onun böyüklüyündən irəli gəlirdi, bir də əvəzolunmazlığından. Beləcə… Heç nədə güzəştə getməyən inqilabçı ucalığına yüksəldi…

Pis adamlar uduzacaq

Tarix 12 dekabr, 2012.

“Oda TV” məhkəməsindən 22 aydır Silivri zindanındayam.

Kamera yoldaşım Ergenekon məhkəməsinə getdi.

O gün hakim son qərarını verəcəkdi.

Bəzi xəbər kanalları məhkəmədən canlı yayım eləyirdi. Türkiyənin bir çox yerindən minlərcə adam məhkəmə salonunun qabağına yığışmışdı. Jandarm məhkəmə salonuna girmək istəyənləri əngəlləmək üçün xalqa təzyiqli su fışqırdır, zopa ilə geri çəkirdi.

Televiziyanın canlı yayımındamı, yoxsa qəzetlərdəmi gördüm, indi tam xatırlaya bilmirəm…

Gördüyüm bu idi:

Qələbəliyin lap qabağında Tarık Akan vardı və əli ilə barrikadaları yıxmağa çalışırdı!

Heç unutmaram. Unuda bilmərəm…

Uşaqlığımda filmə baxarkən dediyim kəlmələri pıçıldadım: “Qəhrəmanımız gəldisə, pis adamlara qalib gələcəyik”.

Tarık Akan haqsız yerə içəriyə atılmış bütün zərərçəkənlərin səssiz bağırtılarının eşidilməsi üçün çox çalışdı.

Bu səbəblə mediada təhqirlərə məruz qaldı.

Onu susdurmaq üçün haqqında cinayət işləri açıldı.

Tarık Akanı şöhrətə məğlub olmuş aktyor hesab edirdilər…

Halbuki…

Tarık Akan işsizliyə, aclığa, həbsxana divarları kimi neçə-neçə çətinliklərə sinə gərən inqilabçı sənətkar idi.

Həmişə əzab çəkənin yanında oldu, inadkarcasına.

Tarık Akanla həyatıma yalnız bircə dəfə yan-yana gəldim: “Balyoz” məhkəməsindən zərər çəkən zabitlərə dəstək məktublarından meydana gələn “Ər məktubu görülmüşdür” kitabının imza günündə…

Kitabı həbsdəki zabitlər adına biz – jurnalistlər, sənətkarlar, zabitlər imzaladıq.

Tarık Akan imza edənlərdən biri olaraq ordaydı.

Məni görməsi ilə qucaqlaması bir oldu. Yazılarımı təriflədi. O sözlər – inanın şişirtmirəm – həyatımda aldığım ən böyük mükafat idi. Demək, qəhrəmanımın könlünü qazanmağı bacarmışdım! Uşaq kimi necə sevindim, anlada bilmərəm.

Və…

Keçən həftə Tarık Akanın xəstə olduğu xəbərini aldım. İçimdən dedim ki, qəhrəmanım buna da qalib gələcək.

Bilirəm, gələcək…

Bizi buraxıb getməz. Dözər, dirənər, qalib gələr.

Çünki…

Hələ qalib gələcəyi pis adamlar var…

“Sözcü” qəzeti

2 sentyabr 2016

Azərbaycan dilinə uyğunlaşdırdı: Ayxan Ayvaz 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın