Menu
Geri İrəli

“Ona hətta zəng etməyə də qorxurdular” – İlham Əliyev

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2016 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

zeyneb-1Xəbər verdiyimiz kimi ötən gün prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovanı “Heydər Əliyev” ordeni ilə təltif edib.

Ordeni təqdim edərkən İ. Əliyev deyib:

- Mən sizi, ilk növbədə, qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı öz gözəl sənətinizlə sevindirirsiniz. Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı sizi çox sevir. Siz bunu yaxşı bilirsiniz.

Ulu öndər Heydər Əliyev həmişə sizə çox böyük diqqət, qayğı göstərmişdir, həm 1970-1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə. Ulu Öndər sizi çox qiymətləndirirdi, çox sevirdi. Xatırlayıram ki, atam təqaüddə olan zaman siz Moskvaya gəlib ona baş çəkdiniz. Mən də o görüşdə iştirak edirdim. O vaxt da siz öz iradənizi, öz mərdliyinizi göstərmisiniz. Çünki o vaxt Heydər Əliyevə qarşı əsassız ittihamlar irəli sürülübdür. Ovaxtkı sovet və Azərbaycan rəhbərliyi ona qarşı kampaniya aparırdı. Onun, necə deyərlər, qanadı altında böyümüş insanların bir çoxu ona nəinki baş çəkmirdi, hətta zəng etməyə də qorxurdu.

Yəni, mən o günləri çox yaxşı xatırlayıram və heç vaxt unutmuram. Siz isə Moskvada, onun evinə gəldiniz. Mən də o görüşdə idim. Ona mənəvi dəstək verdiniz. Sizin çox gözəl, səmimi söhbətiniz olubdur. Mən o günü heç vaxt unutmuram və unutmayacağam.

Siz xalqımızın mərd qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz. Bu gün Azərbaycan parlamentinin üzvü kimi də Sizə çox böyük hörmət var. Çünki Siz xalqımızı narahat edən məsələləri daim diqqətdə saxlayırsınız, öz prinsipial mövqeyinizi göstərirsiniz. Buna görə də mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzu etmək istəyirəm.

Xalq, dövlət qarşısında göstərdiyiniz böyük xidmətlərə görə mənim Sərəncamımla siz Ulu Öndərin adını daşıyan, dövlətimizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu yüksək mükafatı, bu ordeni sizə təqdim edim.

Zeynəb Xanlarova:

- Ay Allah, kaş Ulu Öndərimiz sağ olaydı və görəydi ki, Siz bu ordeni mənə vermisiniz.

İnanın, mən bütün dünyanı gəzmişəm. Yəni, mən dünyanın harasına getmişəmsə mükafatlar almışam. Ancaq inanın, aldıqlarım mükafatların içərisində həyatım boyu ən çox sevdiyim bu ordendir. Mən həmişə deyirəm, bu cavanlığında adam Azərbaycanı elə bil təzədən qurub-yaradıb.

Mən ömrüm boyu Sizə minnətdaram. Həmişə demişəm, Siz əsl kişinin oğlusunuz. Siz Heydər müəllimin yadigarısınız. Sizə Allah bundan sonra yüz il ömür versin və Siz Azərbaycanı yaşadasınız.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Sizinlə gənclər də, ahıllar da fəxr edirlər. Allah Sizi qorusun.

148274686394120790_1000x669 148274686329137544_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın