Menu
Geri İrəli

Prezident Əliyev Almaniyaya Ərdoğanın mesajını aparır

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2016 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur

img2102720Kritik Berlin səfəri – çətin dönəmin qəliz seçimi; Səfəri zəruri edən səbəblər və kontur-səbəblər; “saxta soyqırım”la bağlı Bundestaqın qərarı iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırmaqla bərabər, Berlinin özünü də seçimlə üzləşdirib; Almaniya Qarabağ məsələsində balansı necə düzəldəcək?.. (Manset)

 Azərbaycan prezidenti İlham Əliyevin sabah – iyunun 7-də Almaniyaya gedəcəyi gözlənilir. Azərbaycan tərəfinin hələ ki, rəsmi şəkildə təsdiqləmədəyi səfər indi ikiqat həssas bir dönəmə təsadüf etməsi ilə diqqətdədir. Söhbət Almaniya Bundestaqının (parlamentinin) bir neçə gün öncə saxta “erməni soyqırımı” ilə bağlı qəbul elədiyi ədalətsiz qətnamənin yaratdığı yeni situasiyadan gedir.

 Bundestaqın açıq səmada şimşək effekti verən, yəni kifayət qədər gözlənilməz olan bu qərarını, bəllidir ki, qardaş Türkiyə ilə yanaşı, Azərbaycan dövləti və onun rəhbərliyi, o cümlədən İlham Əliyev artıq sərt şəkildə qınayıb. Son olaraq prezident özünün tvitter səhifəsində qardaş ölkəyə dəstək ifadə edərək, belə yazıb: “Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir. Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir. Azərbaycan Almaniya Parlamenti tərəfindən qondarma ”erməni soyqırımı” ilə bağlı qəbul edilmiş ədalətsiz, qərəzli və tarixi təhrif edən qətnaməni pisləyir və qınayır”.
***
Bundestaqın məlum qərarı üstəlik, Azərbaycanda dərin məyusluq yaradıb və bir az da rəsmi Bakını çətin duruma salıb. Niyə? 
 
Birinci ona görə ki, “bir millət, iki dövlət” kimi Türkiyənin dərdi Azərbaycanın, Azərbaycanın dərdi isə Türkiyənin dərdidir və o üzdən qardaş ölkəyə qarşı haqsızlığa Bakı biganə qala bilməz. Necə ki, ötən həftəsonu Azərbaycan etdiyi ilk rəsmi səfəri zamanı Türkiyənin yeni baş naziri Binali Yıldırım da ölkəsi adından bir daha bəyan elədi ki, “Azərbaycanın problemi də Türkiyənin problemidir”. Ayrı sözlə, Bundestaq öz yanlış qərarı ilə faktiki Türkiyə və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırmış oldu. Odur ki, rəsmi Berlinə etiraz, Ankara ilə isə həmrəylik jesti kimi Azərbaycan prezidenti əslində Almaniya səfərini təxirə də sala bilər.
İkinci yandan, erməni lobbisinin at oynada bilmədiyi “Köhnə qitə”nin yeganə böyük dövləti olaraq Almaniya uzun müddətdir Azərbaycan ictimai fikrində Qarabağ məsələsində az qala, ən obyektiv Avropa (Avropa Birliyi) dövləti imicinə malik idi.
Eyni zamanda, konfliktlə bağlı indiyədək alman hökuməti, onun Xarici İşlər Nazirliyi bir neçə dəfə obyektiv və prinsipial xarakterli sənəd və hesabat qəbul edib, Ermənistanı işğalçı kimi tanıyıb. Bir müddətdir hətta ATƏT-in Minsk Qrupu rəhbərliyində balans yaratmaq üçün Almaniyanın həmsədrliyə gətirilməsi ilə bağlı Azərbaycandan təşəbbüslər də qaldırılmış, Avropada təbliğat aparılmışdı. 
Üçüncüsü, bu il Almaniya üstəlik, ATƏT-in icraçı sədridir, Qarabağ məsələsində ilin əvvəlindən ciddi təşəbbüslər içindədir. Münaqişə zonasında yeni və geniş miqyaslı hərbi toqquşmaların olub-olmayacağı isə indi həm də xeyli dərəcədə Minsk Qrupuna həmsədr dövlətlər, üstəgəl, Almaniyanın səylərindən asılı duruma gəlib.
***
Bundestaqın “soyqırımı” qərarı, sözsüz ki, Berlinin bu qəbildən səylərini kəsərsiz, dişsiz edir, çünki münaqişə tərəflərindən biri kimi Azərbaycanda özünə qarşı avtomatik şəkildə etimadsızlıq yaradır – heç bir lüzum olmadığı yerdə tərəzini işğalçı ermənilərin xeyrinə əyməklə.
 
Bu xüsusda İlham Əliyev Almaniya səfərini təxirə salarsa, o halda bu, Türkiyə ilə siyasi həmrəylik nümayişi ilə bahəm, Berlininin Qarabağ məsələsində öz mövqeyinə diqqət eləməsinin zəruriliyi haqda xəbərdarlıq mesajı demək olardı. Hərçənd, bunun əksi də mümkündür. Yəni ola bilsin, Azərbaycan prezidenti ilə görüşdə alman liderlər Qarabağ məsələsində daha obyektiv görünmək naminə bu dəfə ənənəvi mövqedən də prinsipial mövqe sərgiləsinlər.
Başqa sözlə desək, mümkündür ki, Qarabağ məsələsində qərəzli olmadıqlarını göstərmək üçün Almaniya rəsmi Bakını artıqlaması ilə qane edən daha qabarıq bir mövqe tutsun, “saxta soyqırımı” mövzusunun bu məsələyə aidiyyəti olmadığını bu formada nümayiş etdirməyə çalışsın.
Bu xüsusda alman siyasi rəhbərləri səfər zamanı, heç şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı sərt fikirlərini də ciddiyə almalı olacaqlar. Almaniyanın Türkiyə kimi bir dost-müttəfiqi itirmək riski ilə üz-üzə olduğuna diqqət çəkən Ərdoğanın həmin fikirlərindən kiçik və ibrətamiz bir sitat:“1915-ci il hadisələri Türkiyəyə qarşı istifadə edilmək üçün çox əlverişli alətə çevrilib. Kipr yunanlarının törətdiyi qətliamların şahidləri hələ də yaşayır. Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər. Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür”.
Göründüyü kimi, Türkiyə lideri Almaniyanı saxta soyqırımı məsələsi ilə əlləşməkdənsə, ermənilərin azərbaycanlılara qarşı gerçək genosid aktı sayılan 24 il öncəki Xocalı soyqırımına siyasi qiymət verməyə çağırır – hansı məsələni ki, Azərbaycan prezidentinin də indi daha qəti şəkildə rəsmi Berlinin, Bundestaqın qarşısında qoymağa haqqı çatır və yəqin ki, qoyacaq. Bu mənada Azərbaycan prezidenti Almaniyaya həm də Ərdoğanın sərt mesajını aparır.
***
Sonda yada salaq ki, apreldəki 4 günlük müharibədən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyan Almaniyaya səfər eləmiş, kansler Angela Merkellə görüşmüşdü. O zaman Sərkisyan Merkelə Rusiyadan şikayətlənərək, Moskvanı incə şəkildə Azərbaycanı silahlandırmaqda suçlamışdı.
Prezident İlham Əliyevin səfərinin də bundan sonra nəzərdə tutulduğu bəlli olmuşdu. Lakin Azərbaycan prezidenti Berlinə Sərkisyandan fərqli olaraq daha uğurlu bir mövqe ilə, faktiki, 4 günlük savaşın qalibi kimi yollanır – əgər yollanacaqsa, təbii ki. Ərdoğanın Qarabağ mesajı ilə bərabər, bu nüans səfərin nəticəsinə önəmli təsir göstərə bilər. 
Bütün hallarda səfər kritik dönəmin kritik seçimi kimi yadda qalacaq. 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın