Menu
Geri İrəli

Putinin gözlənilən Bakı səfərində 3 gizli hədəf – biri Qarabağ, ikisi…

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2016 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur

putin4Qlobal güclər Güney Qafqaz uğrunda ölüm-dirim savaşında; Bu gün NATO-nun Gürcüstanda ən böyük hərbi təlimi başlayır; Kreml başçısının bölgədə olacağı günlərdə isə Alyans Gürcüstanda üstəlik, hərbi qüvvə saxlayacağını elan edəcək – Moskvaya ağrılı mesaj; amerikalı diplomat: “Rusiyaya bölgədə liderlik etmək imkanı verilməsi ABŞ-ın böyük səhvidir…”

Rusiya prezidenti Vladimir Putinin mayın axırlarında Bakı və İrəvana gedəcəyi haqda “İnterfax” xəbər yayıb. Az öncə səfərin 9 may günlərinə təsadüf edəcəyi barədə məlumatlar yayılsa da, xəbər öz təsdiqini tapmadı. Bəlli oldu ki, səfər təxirə düşüb, lakin ləğv də olunmayıb. Belə görünür, Rusiya liderinin regiona tezliklə baş çəkmək planı, hər halda, qalır. Qəfil səfər qərarı isə bir sıra suallar doğurur. 

İlkin informasiyalara görə, səfər Qarabağ problemi ilə əlaqədar olacaq. Ehtimal ki, Kreml konflikt ətrafında son zamanlar yaranmış gərgin situasiyadan ciddi narahatdır və hansısa çıxış yolu axtarır. Bu xüsusda Putinin Bakı və İrəvana konkret təkliflə gələcəyini güman edənlər də az deyil. Bəs səfərin başqa motivləri necə, varmı, ola bilərmi? 
Yəqin ki. Ən azı ona görə ki, Rusiya kimi bir dövlətin başçısı kiçik ölkələri elə-belə ziyarət etmir. Məsələ ondadır ki, Putin azərbaycanlı və erməni həmkarlarını ənənəvi olaraq, Soçiyə və ya Moskvaya da dəvət edə bilərdi və dəvət yerə düşməzdi. Demək, daha güclü motiv var. Hansı motiv?      
***
Ondan başlayaq ki, bu gün – mayın 13-dən qonşu Gürcüstanda (Vazianidə), yəni Rusiyanın burnunun ucunda özəyi ABŞ qüvvələrindən, o cümlədən yüzlərlə Amerika tankından ibarət olan “Noble Partner – 2016″ kod adlı NATO təlimləri start götürür. Bu, Gürcüstanda ilk belə genişmiqyaslı təlimdir. Tiflisdə ötən il Alyansın Təlim Mərkəzinin açılmasının ardınca bu tədbir Rusiyanı çox ciddi şəkildə qıcıqlandıran və narahat edən ikinci mühüm olaydır. 
Bəllidir ki, Moskva on minlərlə canlı qüvvə və müasir silah-sursat yığdığı Güney Qafqazı (Ermənistan, Abxaziya, Cənubi Osetiya) özünün həyati maraqlar zonası hesab edir və bilavasitə öz cənub sərhədlərində yerləşən bu regionu, daha dəqiqi, özünün “yumşaq qarınaltısı”nı ikinci qüvvə ilə bölüşmək niyyətində deyil.
Söhbət təkcə hərbi təlimlərdən də getmir. Məsələ ondadır ki, bu təlimlərdən dərhal sonra Gürcüstanda ilk dəfə olaraq NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək. Bu barədə ölkənin müdafiə naziri Tina Xidaşelii bildirib. Onun sözlərinə görə, həmin dəstə hərbi təlimlərindən sonra təqdim olunacaq. “Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq” - gürcü hərbi nazir qeyd edib. Başqa sözlə, NATO qonşu ölkədə faktiki, hərbi baza quracaq.
“Bu, Gürcüstan tarixində reallaşan ən böyük hərbi təlimlərdir və ilk dəfədir ki, təlimlərdə müasir Amerika tankları və texnikası təmsil olunur. Bu, çox vacibdir, çünki bizim hərbi qulluqçularımız NATO-nun istifadə elədiyi hərbi texnika ilə professional davranmaq vərdişi əldə edəcəklər” - Xidaşeli əlavə edib.
***
Putinin səfəri də məhz mayın sonuna təsadüf edir və istisna deyil ki, bu səfər Qarabağ məsələsi ilə yanaşı, bölgədə kimin nüfuz yiyəsi olduğunu Qərbə bir daha anlatmaq niyyəti güdür. Yəni “əzələ nümayişi” məsələsi.
Əslində Qarabağla bağlı Rusiyanın 4 günlük aprel müharibəsindən sonra özünü göstərən fəallığı da elə buna hesablanıb – məhz fəallığı, problemin həmişəlik həlli istəyi yox. Çünki Moskva konfliktin uzunmüddətli həllində maraqlı deyil. Əksinə, müşahidələr göstərir ki, ABŞ-ın, NATO-nun son vaxtlar Gürcüstanda, deməli, ümumən regionda möhkəmlənməkdə davam eləməsi Kremlin Qarabağ ixtilafından istifadə edib bölgədə, Azərbaycanda sülhməramlı adı ilə hərbi mövcudluğunu gücləndirmək impertivi qarşısında qoyub. Putinin Bakı və İrəvan səfərlərində Qarabağ mövzusu ilk növbədə bu kontekstdə müzakirə predmeti ola bilərdi.
Başqa sözlə, Rusiya liderinin səfəri üç mühüm hədəfə hesablanmış kimi görünür: 1. Sülh prosesində tezliklə irəliləyiş olmayacağı təqdirdə “Formula 1″ yarışından sonra real sayılan yeni müharibə riskini önləmək və nəzarətə götürmək. 2. Bölgədə hərbi mövcudluğunu gücləndirməklə ABŞ-ın, NATO-nun regiondakı fəallığını neytrallaşdırmağa nail olmaq, o sırada təmas zonasına Rusiya sülhməramlıların gətirilməsinə zəmin hazırlamaq. 3. ABŞ və NATO-nun Güney Qafqazda fəallaşması fonunda məxsusən Azərbaycandan sədaqət tələb edib buna olumlu cavab almaq. Əks halda, hədələmək (Ermənistan onsuz da sadiqdir).
Kəsəsi, səfər daha çox geosiyasi maraqlarla bağlı görünür.
*    *    *
Aydındır ki, hərbi nüfuz, hərbi mövcudluq avtomatik olaraq siyasi nüfuz, siyasi mövcudluq, siyasi təsir yaratdığından, Moskva şübhəsiz, narahatdır ki, ABŞ-ın regionda gedən proseslərə, o cümlədən Qarabağ məsələsinə, habelə iri enerji xətlərinə təsir-nəzarət imkanlarını artmış olacaq, onun əl-qolunu açacaq. Necə ki, Rusiya məhz güc amili hesabına illərdir belə təsirlərə malikdir.
Bəzi nüfuzlu hərbi ekspertlərə görə, Güney Qafqaz hətta Rusiya ilə ABŞ-ın (NATO-nun) toqquşacağı bölgələrdən biri ola bilər. Hərbi toqquşma isə bölgədə kimin qəti şəkildə dominant olması məsələsinə nöqtə qoymuş olacaq. Qalib yəqin ki, Qərb olacaq. Yalnız ondan sonra Dağlıq Qarabağ konflikti kimi münaqişələrin həlli nəhayət həllini tapa bilər. Odur ki, Kreml NATO ilə toqquşmadan ön tədbirlər görməyə tələsir.
Təsadüfi deyil ki, bu arada ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədri və Azərbaycandakı keçmiş səfir, Qarabağ problematikasını və Rusiyanın bölgədəki hədəflərini gözəl  bilən Metyu Brayza Vaşinqtonu konfliktin həllində fəal olmağa səsləyib, onu passivlikdə qınayıb və bu passivliyin yolverilməz olduğunu xatırladaraq, Rusiyadan nümunə götürməyə çağırıb.
Sitat: “Prezident Obama təmas xəttindəki 22 illik atəşkəs dövründə ilk böyük hərbi qarşıdurma ilə bağlı bəyanatla çıxış eləmədi. Bununla da ABŞ Rusiyaya imkan verir ki, bölgədə liderlik eləsin. Bu isə Birləşmiş Ştatların böyük səhvidir. Apreldəki son eskalasiyadan sonra atəşkəs yenə də Rusiyanın köməyi ilə əldə olundu. ABŞ Qarabağ probleminin həlli üçün daha çox səy göstərə bilərdi, amma bel görünür bu konflikt ondan ötrü prioritet deyil”.
Təcrübəli diplomat olan və regionu yaxşı bilən Brayzanın bu iradları Putinin Bakı və İrəvan səfərləri öncəsi, NATO və ABŞ-ın Azərbaycanın Qərb qapısı sayılan Gürcüstanda hərbi cəhətdən möhkəmlənmək kursu götürdüyü indiki dönəmdə xüsusilə diqqət cəlb edir.
*    *    *
Beləcə, Güney Qafqaz uğrunda ABŞ-Rusiya rəqabətinin daha sərt mərhələyə girmək üzrə olduğunu söyləmək olar. Bu rəqabətdə Qarabağ məsələsinin həlledici amil olmaqla yanaşı, katalizator rolu oynaması da tamamilə mümkündür. O üzdən rəsmi Bakı diqqətli olmalıdır ki, Azərbaycan “dalaşacaq fillərin ayağının altında ota” çevrilməsin.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın