Menu
Geri İrəli

Qadir Süleymanov haqqında kitab nəşr edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2016 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur

Onun 75 illik yubileyini 2014-cü ildə kim keçirəcəkdi ki? Sumqayıt kadrlarına etibar etməyib, “başının dəstəsi” ilə əvvəlki şəhərdən bu şəhərə “köçürülən” keçmiş icra başçısı Sumqayıtın qurucularından, özünün coşqun, fədakar əməyi ilə ömrünün 40-50 ilini istehsalata, şəhərin inkişafına, yüksəlişinə həsr etmiş əmək adamlarından, müəssisə rəhbərlərindən hansını, kimi yaxşı tanıyırdı ki?

 Ancaq Qadir Süleymanovu 1970-90-cı illərdə Sumqayıtda uşaqdan böyüyə hamı tanıyır, böyük hörmət bəsləyirdi. 1967-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirdikdən sonra Sumqayıta gələrək, ömrünün yarım əsrə qədərini bu şəhərdə yaşayan Qadir müəllim Sumqayıt Polimer Tikinti Materialları kombinatında əvvəlcə sıravi fəhlə, sex rəisi kimi çalışmış, sonralar beş il müəssisənin baş mühəndisi, 20 il isə direktoru olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə kombinatın istehsal həcmi, həm də əməkçilərin aylıq qazancları ildən-ilə artmış, keçmiş SSRİ-nin yüzlərlə şəhərinə, eləcə də Pakistana və Monqolustana ixrac edilən Sumqayıt markalı məhsulların çeşidi genişlənmiş, müəssisədə yeni texnika və texnologiyaların tətbiqi sayəsində 200-ə qədər yeni iş yerləri yaradılmışdı. İşin düzgün və səmərəli təşkili, mühəndis-texnik işçilərə və fəhlələrə göstərilən daimi diqqət və sosial qayğının (kombinatın bütün işçilərinə gündəlik olaraq hətta pulsuz yemək verilir, süd paylanırdı), onların əməyinə verilən qiymətin nəticəsi olaraq müəssisə Qadir Süleymanovun direktor olduğu illərdə daim gəlirlə, yüksək rentabelliliklə işləmiş, bütün Sovetlər ölkəsində qabaqcıl bir müəssisə kimi tanınmışdı. Təsadüfi deyil ki, vaxtilə müəssisə və onun direktoru SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin Qızıl medalına layiq görülmüşdü. Azərbaycanda belə bir yüksək təltif çox az müəssisəyə və direktora nəsib olmuşdu.

Qadir Süleymanov təkcə bacarıqlı istehsalatçı deyil, həm də vətənpərvər, xalqını ürəkdən sevən bir adamdır. Qarabağımızın ağır-məşəqqətli günlərində onun təşəbbüsü ilə Sumqayıt Polimer Tikinti Materialları kombinatı həm Qarabağ camaatına, həm də respublikanın müxtəlif şəhərlərinə, həmçinin Sumqayıta pənah gətirmiş qaçqın və köçkünlərimizə, didərginlərimizə maddi yardım göstərmiş, onlara mənəvi dayaq olmuşdu.

Bütün bunlar – geniş və səmərəli həyat fəaliyyəti, hər zaman saflıqla, vicdanına ləkə vurmadan yaşaması Qadir müəllimə tam haqq verirdi ki, o, uca Allah qarşısında da borcunu şərəflə yerinə yetirsin. Və o, bu borcuna da sədaqətlə əməl edərək, Həcc ziyarətində olmuş və artıq neçə illərdir ki özünün Hacı olmaq haqqını qazanmışdır.

Təbii ki, belə bir adamın, qabaqcıl müəssisə rəhbərinin, uzun illər həm də şəhər Sovetinin deputatı kimi də fəaliyyət göstərmiş bir şəxsin – şəhərin tanınmış, nüfuzlu ziyalılarından olan Qadir Süleymanovun son 10-15 ildə diqqətdən tamamilə kənarda qalması, unudulması yolverilməz idi. Düzdür, burda Qadir müəllimin hədsiz təvazökarlığı, sadəliyi, həm də abır-həyasına sığınaraq, özünü “gözə soxmaq” istəməməsi, şəxsiyyətini qoruması, qürurlu, gözü-könlü tox olması da öz rolunu oynamamış deyildi.

Yaxşı ki Sumqayıt sənayesinin inkişafında xidmətləri olmuş Qadir Süleymanovun 75 illiyi onu yaxından tanıyan və qiymətləndirən dost-tanışların sayəsində yubilyarın mənalı ömür yolundan bəhs edən geniş həcmli, nəfis tərtibatla nəşr edilmiş “Ömür ləngəri” kitabı ilə qeyd olundu. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Tərəqqi” medallı tanınmış yazıçı-publisist Sabir Şahtaxtının səyi ilə ərsəyə gəlmiş bu kitab Qadir müəllimin ömür salnaməsini bütün dolğunluğu ilə əks etdirir.

Kitabda şərəfli ömür yolu keçmiş müəssisə rəhbərinin, Sumqayıtın tanınmış, nüfuzlu ziyalısının əmək fəaliyyətindən, heç də asan olmayan həyat yolundan bəhs edən bölmələrlə yanaşı, onun qabaqcıl bir istehsalat rəhbəri kimi respublika qəzetlərinə verdiyi müsahibələr, haqqında yazılmış oçerklər, eyni zamanda Azərbaycanın tanınmış şəxslərinin yubilyar haqqında söylədikləri fikirlər də geniş yer almışdır.

Respublikanın sabiq Tikinti Materialları Sənayesi naziri Şair Həsənovun, “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin sədri Ənvər Əliyevin, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımovun, Sumqayıtın “Şöhrət” ordenli məşhur cərrahı Hacı Cəfər Quliyevin, Bakı Şüşə zavodunun direktoru Qəzənfər Novruzovun, Sumqayıt Dövlət Universitetinin dosenti Rahilə Məmmədovanın, Bakı Asbest-şifer zavodunun direktoru, Əməkdar mühəndis Umud Məlikovun, respublikanın Şəhərsalma və Memarlıq Komitəsinin sədri Cahangir Qocayevin, Azərbaycanın Əməkdar jurnalistləri Oqtay Cəfərovun və Eyruz Məmmədovun Qadir Süleymanov haqqında fikirləri onun bir insan və istedadlı mütəxəssis kimi obrazını daha canlı və inandırıcı şəkildə əks etdirərək, tamamlayır.

Ağdam Tikinti Materialları kombinatının keçmiş direktoru Qasım Kərimovun öz sumqayıtlı həmkarı Qadir Süleymanov haqqında vaxtilə dedikləri də maraqlıdır: ”Mən Qadir Süleymanovu eyni nazirlik sistemində işlədiyimiz zaman tanımışam. O, öz peşəsini sevən və başqalarının əməyini qiymətləndirməyi bacaran bir mühəndis, nüfuzlu müəssisə rəhbəri, nazirliyin kollegiya üzvü idi. O, bizim üçün nümunə, xarakteri ilə əsl şəxsiyyət idi. O, kollegiya iclaslarında qaldırılmış məsələlərin müzakirəsində çox fəal iştirak edirdi və savadlı, qeyri-adi təklifləri ilə diqqəti daim cəlb edirdi”.

Onu da qeyd etmək lazımdır ki, yubilyar haqqında kitab onun uzun illər boyu yazdığı gündəliklər əsasında hazırlanmışdır. Odur ki, kitabla tanış olan oxucular yalnız Qadir Süleymanov haqqında deyil, onun bütün qəlbi ilə bağlandığı doğma şəhəri Sumqayıt və onun adamları, ötən 30-40 illik dövr haqqında da maraqlı məlumat əldə edə biləcəklər.

 Rəhman ORXAN

Səssiz ötən 75 illik yubiley - SUMQAYITDA

Səssiz ötən 75 illik yubiley - SUMQAYITDA

Səssiz ötən 75 illik yubiley - SUMQAYITDA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın