Menu
Geri İrəli

Qarabağ səmasından səsli mesaj: “Uçuram, uçuram…” – ŞƏHİD HEKAYƏTİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2016 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur
“Deyirdi ki, zabitəmsə, döyüşdə həlak olmalıyam…”

Qarşımda 35 il əvvəl ilk övladları dünyaya gələndə ən böyük sevincini yaşamış, iki gün əvvəlsə bu sevinci torpağa tapşırmış atayla ana oturub. Məğrur, başı dik. Arxa otaqdan Təbrizin üç rəngli bayrağa bükülmüş şəkilini gətirirlər. Tariyel əminin dodaqları əsir, sinəsini sürətlə enib-qalxmağa başlayır, əlləri titrəyir: “Tttt…” Sözünü tamamlaya bilmir. Gözləri dolur, titrəyən barmaqlarını şəklə uzadır. Otağı hönkürtü səsi bürüyür…

Dünən II Fəxri Xiyabanda dəfn olunmuş şəhid hərbi pilot, mayor Təbriz Musazadənin evindəyik.

Tariyel əmini sakitləşməsi üçün havaya çıxarırlar.

Tovuz xala oğlunun üzünü sonuncu dəfə martın 31-də görüb.

- Mənə heç nə demirdi. Hər şeyi gizlədirdi. 31-i səhər işə getdi. Bir neçə saatdan sonra yoldaşları gəldi ki, Təbrizə bir dəst mülki geyim verin, rayona toya gedəcəyik. Həmin gün də danışdıq, sabahı da. Dedi, işdəyəm, yaxşıyam. Ayın 2-si şəhid xəbəri gəldi. Gözlədik, bəlkə yalan ola. Ümidimiz kəsildi… Quş kimi uçdu balam. Bu yolu özü seçmişdi, mən də onun arxasında durdum. Peşəsini çox sevirdi.

Mayor Musazadə Təbriz Tariyel oğlu 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində dünyaya gəlib. 1993-cü ildən Bakıya köçüblər. Burada o, 165 saylı məktəbdə oxuyub. Təbrizin xalasının həyat yoldaşı hərbçi olub. Təbrizin hərbiyə marağı onunla başlayıb. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 3 il liseydə oxuduqdan alandan sonra 1999-cu ildə Ali Hərbi Məktəbdə təyyarəçilik üzrə təhsilini davam etdirib. 2003-cü ildən bəri Azərbaycan Milli Ordusunda xidmət edib.

Xalası oğlu Ruslanın sözlərinə görə, Təbriz uşaqlıqdan fərqli olub. Yaşıdlarında vətənə olan hədsiz sevgisiylə seçilərmiş. Risk etməyi sevərmiş. İndiyə kimi dəfələrlə riskli uçuşlar edib. Sonuncusunda isə….

- Sonuncu dəfə Füzuli istiqamətində gedən döyüşlərdə olub. Hərbi vertolyotda ekipajın komandiri Təbriz olub.

Həmin gün ekipajda komandir pilot mayor Təbriz Musazadə, pilot mayor Urfan Vəlizadə, bort texnik baş leytenant Əbubəkir İsmayılov olub.

- Döyüş yoldaşlarının dediyinə görə, Təbriz vertolyotu qaldırıb, bir dəfə vuruşub qayıdıb. Yoldaşları ilə yemək yeyiblər. İkinci dəfə qalxanda… Təbrizi mən yaxşı tanıyırdım. O orda nə yaralı qayıtmayacaqdı, nə də əsir düşməzdi. Təbriz istədiyi kimi də öldü. Həmişə deyərdi ki, zabitəmsə, döyüşdə həlak olmalıyam.

Vətənpərvər insan idi Təbriz Musazadə. Övladlarını da vətənpərvər böyüdərmiş. Hər işdən gələndə uşaqlar atasını hərbi salamla qarşılayarmışlar. “Sən düz salam vermədin, qəbul etmirəm” deyərmiş. Uşaqlar təzədən salamlayarmışlar onu. Şəhidin iki oğlu var: Tayfun və Onur. Sabah Tayfunun 10 yaşı tamam olacaq. Təbriz də gözünün ilki – Tayfunun doğum gününə həvəslə hazırlaşırmış. Hər dəfə olduğu kimi. Lakin qismət olmadı…

Onur da atası kimi hərbçi olmaq istəyir. Döyüşlərdə iştirak etmək, atasının qisasını almaq. Boş salfet qutularını üst-üstə düzüb atasının uğrunda canından keçdiyi Lələ-təpə yüksəkliyini qurub. Üstünə də Azərbaycan bayrağını sancıb.

Qarşı otağın divar kağızı diqqətimizi cəlb edir. Buludlar və buludları yarın keçən təyyarə. Tayfunla Onurun otağıymış. İki mərtəbəli yataq, piano, pianonun üstündə qırıcı təyyarə. Otağa göz gəzdiririk. Divarda asılan təqvimdə, şkafların üstündəki yapışqanlarda ya qırıcı təyyarə rəsmi var, ya da vertolyot. Təbriz uçmağı sevərmiş. Bu sevgini oğlanlarına da aşılamağı bacarmışdı.

11 il əvvəl ailə qurmuşdu. Sevib seçdiyi Pərişan xanımla. Ən böyük arzusu ali təhsilli, Vətənə layiqli övladlar böyütmək olub.

Tayfunla Onur evdə yoxdu. Son günlər yaşanan gərginlikdən uzaqlaşdırmaq üçün uşaqları məktəbə yola salıblar. Pərişan xanım da tədbirə dəvət olunmuşdu.

Xalası oğlu danışır:

- Demokratik fikirli insan olub. Kimsəni nəyəsə məcbur eləməzdi. Deyirdi ki, oğlanlarım hansı peşəni istəsələr, seçsinlər. 10 yaşındakı uşağa deyirdi ki, qərarı özün ver. Tayfun atasının şəhid xəbərini eşidəndən susub. Danışmır. Bəlkə də Onur onun yolunu davam elədi.

Nərgiz xala davam edir.

- “Atan şəhid olub, qəhrəmandır. Düşmənləri məhv edib. Atanla fəxr edirik!” – deyəndə Onur etiraz edir: “Atam ölüb. Niyə sevinirsiniz? Qəhrəman olub, amma ölüb. Sevinməyin”.

Sanki ölümünü hiss etmişdi Təbriz. İndiyə qədər həyat yoldaşına çalışmağa izin verməyən adam birdən-birə onu işə düzəldir. Və belə izah edir: “Mən olmayanda öz ayaqları üstündə dura bilsin”.

Təbrizgil bir bacı, bir qardaş olub. Bacısı Adiqə Rusiyada yaşayır. Bu yay Təbriz məzuniyyətə çıxanda ailəsiylə birgə Rusiyaya, bacısıgilə gedəcəkdi. Adiqəylə hər gün yazışırlarmış. Nə qədər işi olsa da, bacısına bir kəlmə belə olsa, yazarmış: “Yaxşıyam”, “Narahat olma”, “Özüm zəng edəcəm” və s. Təbriz bacısına sonuncu səsli mesajı Füzuli səmasından göndərib: “Uçuram, uçuram, zəng edəcəm!”.

Bu uçuş Təbrizin son uçuşu oldu. Həyatı, işini, yaşamağı və ailəsini sevirmiş. Uğrunda canından keçməklə Vətəni hamısından çox sevdiyini sübut etdi Təbriz.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

cf96200dd8a7b50c96f27dc3e90f6d2e 2d1d469c53aae6bb14424b858ae3942e 51a050a9db80fda80ec28ffa81eaba29 b9e16ec35a4909af95f1764eb9bfc916 c20f21dc13a24725cb816d4a1687974f

Facebook Şərhləndirmə:

Şərhinizi yazın