Menu
Geri İrəli

Qubadlılıların doğma torpaqlarına qayıdacaqları gün uzaqda deyil

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar avqustun 31-də Sumqayıt şəhərindəki “Şəhidlər xiyabanı” memorial kompleksində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şəhidlər xiyabanı”nda alovlanan “Əbədi məşəl”in önünə əklil qoyulub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə qərənfil dəstələri düzülüb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov zəngin tarixə malik Qubadlının işğalının 24-cü ilinin tamam olduğunu qeyd edərək deyib: “Biz bir ümidlə yaşayırıq ki, gün o gün olacaq, torpaqlarımız işğaldan azad ediləcək və biz qələbə gününü sizinlə bir yerdə qeyd edəcəyik”.

Bildirilib ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 300-dən artıq rayon sakini əlil olub, 100 nəfərdən çox itkin düşüb, 11 nəfər Milli Qəhrəman adına layiq görülüb. Hazırda 37 min nəfərdən artıq Qubadlı sakini respublikamızın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Rayon əhalisinin əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində məskunlaşıb.

Vurğulanıb ki, hansı bölgədə məskunlaşmasından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.

Qeyd edilib ki, 24 il ərzində torpaq həsrəti bir an da olsun insanlarımızı tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.

Vurğulanıb ki, Azərbaycan Ordusunda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir.

Diqqətə çatdırılıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən aprel döyüşlərində fərqlənən rayon sakinlərinə – Şükür Həmidova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı və Mais Bərxudarova general-mayor hərbi rütbəsi verilib, Faiq Qasımov isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Aprel döyüşlərindən sonra həmyerlilərimizin yüksək fəxri ad və hərbi rütbə almaları rayon sakinlərinin hədsiz sevincinə səbəb olub. Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Tədbirdə digər çıxış edənlər 24 il ərzində Vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildiriblər. Bütün çətinliklərə baxmayaraq bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak edirlər. Onlar Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin kifayət qədər təzyiq göstərməməsinin təəssüf doğurduğunu bildiriblər. Əminliklə ifadə olunub ki, qubadlılıların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqları gün uzaqda deyil.

150418421734422698_1000x669 15041842175029511234_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın