Menu
Geri İrəli

Qurbanlıq heyvan bazarı: Kreditlə qurban almaq istəyənlər var

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2017 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Bu gün və sabah müsəlman dünyasında Qurban Bayramı qeyd edilir. Kənd Təsərrüfatı Nazirliyi Nərimanov, Nəsimi, Yasamal və Səbail rayonlarında qurbanlıq heyvanların satış yarmarkasını təşkil edib. Dövlət Baytarlıq Nəzarət Xidməti gücləndirilmiş iş rejiminə keçib. Amma təkcə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə deyil, ət sallaqxanalarının əksəriyyətinin qarşısında, yol kənarlarında, məhəllələrdə də qurbanlıq heyvanlar satılır. Məsələn, Babək və Gəncə prospektlərində yol kənarlarında qurbanlıq heyvanların satışı təşkil edilib.

Virtualaz.org saytının qurbanlıq heyvan bazarında apardığı müşahidələrə görə, ətin bahalaşması alıcı sayına ciddi təsir edib. Bazarda əvvəlki qələbəlik yoxdur. Qiymətlər heyvanın çəkisinə uyğun olaraq, kiloqramına görə 11-13 manat arasında dəyişir.

“Əksəriyyət 15-20 kiloqramlıq qoyun axtarır, 180 manatdan aşağı qoyun tapmaq çətindir”, – Beyləqandan qurbanlıq qoyunlar gətirən Ağəli Piriyev deyib.

Onun sözlərinə görə, heyvan kəsilir, dərisi soyulur, doğranıb verilir. Təmiz ətin kiloqramı 12 manatdan düşür. Yarmarkalarda kəsim pulsuz aparılır.

Ağəli söyləyir ki, səhərdən indiyədək 18 qoyun satıb. “Uzağı 240-260 manatlıq qoyun alırlar. Biz də heyvan gətirəndə tələbatı nəzərə almışdıq, iri qoc gətirmədik”.

Qurbanlıq heyvanlar daha çox Bərdə, Beyləqan və İmişlidən gətirilib.

Satıcıların sözlərinə görə, əsasən xeyriyyə təşkilatları, idarələr, nişanlı oğlanlar qurbanlıq alırlar. “Cəmi 2 iribuynuzlu heyvan gətirmişəm, səhərdən qiymətini soruşan olmayıb. Mal ətinin qiyməti 12-13 manatdan düşür”, -satıcılardan biri deyir.

9-cu mikrorayon ərazisində bir neçə yerdə qoyun bazarı var. Ət sallaqxanalarının yanında qoyun elə yolun kənarında kəsilir, qanı yola axıdılır, içalatı isə zibil qutusunun yanına atılır. Sakinlərin etirazlarına belə baxmırlar. “Biz də bayramı gözləyirik ki, 5-10 manat qazancın sahibi olaq”, -Bərdədən heyvan gətirən Aydın deyir.

Qurbanlıq heyvan alıcılarının əksəriyyəti baş-ayağı və dərini aparmır. Aydın söyləyir ki, baş-ayaq elə sallaqxanalara verilir. Amma heyvan dərisini sexlərə satırlar. “Bərdədə də dəri emalı sexləri var. Amma biz Biləcəridəki sexə aparırıq. Bərdədə 30 qəpikdən, Biləcəridə isə 50 qəpikdən sata bilirik. Ötən il 25-30 qəpiyə alırdılar, sağ olsunlar, qiyməti artırıblar. Rayona daşıyınca Bakıda satmaq sərfəlidir”.

Bazarda qurbanlıq keçilər də satılır. Qara keçilərin qiyməti 220-260 manat arasında dəyişir. Qara qoçun qiyməti isə 300 manatdan başlayır.

Hər il olduğu kimi, üstü bəzədilmiş qara qoçun qiyməti bu dəfə də digərlərindən bahadır. “Bu qoçu gül mağazasında bəzətmişəm. Təkcə bəzənməsinə 30 manat vermişəm. Nişanlı oğlanlar alırlar”,-satıcı söyləyir.

Satıcılar deyirlər ki, qurbanlıq heyvan ala bilməyənlər ət alıb paylayırlar. Onsuz da qiymətlərdə elə fərq olmur.

Xətaidəki ticarət mərkəzlərindən birinin həyətində də qurbanlıq qoyunlar satılır. Satıcı deyir ki, kreditlə qurban almaq istəyənlər də olub. “Biri gəlib 3 aylıq kreditlə qurban almaq istəyirdi. Yeni nişanlanıb, qurbanlıq heyvan almağa məcburdu. Deyir şəxsiyyət vəsiqəsini girov qoyum, pulu mağazaya 3 aya ödəyim. Mağza rəhbəri razı olmadı, belə məcburiyyətlə alınan qurban qəbul olmaz ki! Özü də 40-45 kiloqramlıq qoyun istəyirdi”.

Suraxanı rayonu, Zığ qəsəbəsində qurbanlıq heyvanlar yolun kənarında satılır. Heyvan maşın yuma məntəqəsinin yanında kəsilir, sexdə yuyulur, içalat isə vannalara yığılır.

Bu il qurbanlıq quzuların qiymətində 20-30 manat artım var. Ötən il 80-90 manata satılan quzular indi 110-120 manata təklif olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın