Menu
Geri İrəli

“Ramil Səfərova görə Macarıstana 7 milyon dollar ödənib” – iddia

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

766cd541264a396b9949aa7690dfa122Macarıstanda Azərbaycanla əlaqəli olduğu iddia edilən 7 milyon dollarla bağlı istintaq aparıla bilər

Avropada dərc edilmiş və Azərbaycan hökumətinin 3 milyard dollara yaxın vəsaiti xarici şirkətlər vasitəsilə lobbiçilik, çirkli pulların yuyulması və dəbdəbəli əşyaların alınması üçün xərclədiyini iddia edən yeni jurnalist araşdırmasına əsasən, ödənişlərdən biri də Macarıstandakı bank hesabına edilib.

Macarıstanın atlatszo.hu, saytında dərc edilmiş məqalə müəlliflərinə əsasən həmin bank hesabı Velasco International Inc., ofşor şirkətinə məxsus olub və oraya 7 milyon dollardan artıq pul köçürmələri qeydə alınıb.

Sayt həmçinin diqqəti, bu ödənişlərin Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyinə çəkir.

Rəsmi Bakı bu iddiaları rədd edib.

Ramil Səfərovun ekstradisiyasından sonra

Atlatszo.hu saytındakı hesabata əsasən 2012-ci ildə, Ramil Səfərovun ekstradisiyasından əvvəl Macarıstanın baş naziri Victor Orban Bakıya səfər edərkən baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb. Cənab Eyyubov isə Velasco International Inc. ofşor şirkətilə bağlı olduğu deyilən Orxan Eyyubovun atasıdır.

Cənab Eyyubov iddialara münasibət bildirməyib.

Atlatszo.hu saytının baş redaktoruna əsasən 2012-2013-cü illərdə Danske Bank öz Estoniyadakı şöbəsindən Budapeştdə yerləşən MKB bankına 20-dən artıq transfer edib.

Tamas Bodoky-nin sözlərinə görə maliyyə köçürmələri Ramil Səfərovun azad olunması ilə əlaqələndirilmir.

“Biz bu iki hadisənin əlaqəli olduğunu demirik. Lakin köçürmələr Səfərovun Azərbaycana verilməsi vaxta təsadüf edib. Bizimlə birgə araşdırma keçirən OCCRP üzvlərinin Yaqub Eyyubov, Emin və Orxanla əlaqə saxlamaq cəhdləri isə nəticəsiz başa çatıb.”

“Bu Azərbaycana qarşı tətbiq edilən və mərkəzləşmiş qaydada idarə olunan kampaniyanın nümunəsidir.

İrəli sürülən iddialar yalnız əsassız ehtimallara söykənir”, – Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə Azərbaycanın “hər hansı addımı və əməliyyatı, malın alınması təəssüflər olsun ki, əsassız şəkildə yozulur və ona başqa rəng verilir”.

Macarıstanda istintaq tələbləri

Macarıstan hökuməti də iddiaların əsassız olduğunu bildirib.

444.hu saytına əsasən, Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, “Macarıstan hökumətinə qarşı qarayaxma məqsədilə istifadə olunmaması üçün” pul köçürmələri araşdırılmalıdır.

Atlatszo.hu saytında dərc edilmiş məlumat Azərbaycanın hakim elitası tərəfindən yaradıldığı iddia edilən gizli fondun fəaliyyətinə dair araşdırmanın bir hissəsidir.

Çərşənbə axşamı günü yayılan həmin hesabatda göstərilir ki, 2.8 milyard dollarlıq fonddakı vəsaitlər avropalı siyasətçilərinə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə olunub.

Avropa qəzetlər konsorsiumunun hazırladığı “Azərbaycan Camaşırxanası” adlı araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) dərc edib.

Məlumata görə fond 2012-2014-ci illərdə fəaliyyət göstərib. Azərbaycan hökuməti məqalədə göstərilən ittihamları rədd edib və onların əsassız və təxribat məqsədli olduğunu deyib.

Macarıstanda birgə kurslarda olduğu ermənistanlı hərbçini qətlə yetirməklə bağlı ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov 2012-ci ilin avqust ayında Azərbaycana ekstradisiya olunub.

 

Musavat.com-dan: BBC-nin hazırladığı bu yazıdan ortaya ilginc və sadə bir nəticə çıxır. Azərbaycan dövləti dünya çapında erməni lobbisinə qarşı layiqli mübarizə aparır. Və bu mübarizə qüdrətli erməni lobbisinin metodlarına müvafiq, adekvat şəkildə qurulub. İndiyə qədər erməni lobbisi dünyamiqyaslı siyasi xadimləri, jurnalistləri, qurumları satın alırdı. Onun bu metodlarına qarşı nə Türkiyə, nə də Azərbaycan heç nə edə bilmirdi. İndi Qərb mediası gözümüzü açmaqdadır – sən demə, çox layiqli bir savaş gedirmiş! Ermənilər və onların dünyanın hər yerindəki havadarları buna görə qudurmuş halda, Azərbaycana qarşı hücuma keçiblər. Ramil Səfərovun Macarıstandan və erməni lobbisinin əlindən alınması və Bakıya ekstradisiyası bu məsələdə bir dönüş nöqtəsi oldu. Azərbaycan dövləti qos-qoca erməni lobbisini yendi və öz qəhrəman oğlunu Bakıya gətirib, azad etdi.

Bütün bunlar hava ilə olmur ki… Azərbaycana qarşı beynəlxalq mediada gedən kampaniyadakı tarixlərə diqqət edin!

O baxımdan, əgər iddialar doğruysa, Azərbaycan düz edir və yaxşı edir ki, neft pullarının bir qismini, onun xərclənməsinə monitorinqi həyata keçirən Qərb paytaxtlarından gizli şəkildə öz nəzarətinə keçirdir və “örtülü ödənək” yaradaraq, o vəsaitləri Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün diplomatik və hərbi sferalarda istifadə edir. Normal halda, o pullardan bizim ermənilərə qarşı istifadə etməyimizə dünya gücləri icazə vermirlər – bunu anlamaq lazımdır. Biz neft pulları ilə İsraildən, Rusiyadan, Ukraynadan bu qədər silah ala bilməzdik…

Məhz bunu anlayanlar hazırda Azərbaycana qarşı savaş açıblar. Onlara ölkə içindən də dəstək verilir. Xədicə İsmayılovakimilər bu qəbildəndirlər. Azərbaycanın bu cür miqyaslı oynaması, erməni lobbisinə qarşı Türkiyədən də daha artıq iddia göstərməsi və para xərcləməsi bir çoxlarını şoka salıb, dəliyə döndərib.

Doğrudur, Azərbaycan tərəfi rəsmi olaraq bu iddiaları rədd edir, hamısını yalanlayır. Bizcə, dövlətimiz hər iki halda da düz edir…

Lakin daxili auditoriya üçün həqiqətlər açıqlanmalıdır. Onlardan birini BBC bu yazısı ilə açıqlayıb. Guya Azərbaycan iqtidarını ifşa edib, lakin sağ olsun, ayıq insanlara hər şeyi aydınladıb…

Macarıstandan Bakıya uçaqlar hava ilə gəlir. Lakin o uçağın içində bəzən elə qiymətli sərnişin olur ki, onun biletinin qiyməti 7 milyon dolları da keçir…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın