Menu
Geri İrəli

Raquf Orucovun şərəfli həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 644 dəfə • Şərh yoxdur
Share Button

Fevralın 10-da Bakı Oksford Məktəbində (Baku Oxford School) 1-4 aprel 2016-cı ildə Qarabağ cəbhəsində Azərbaycan Ordusunun işğalçı qüvvələrə qarşı keçirdiyi uğurlu əks-hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şərəfli həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatın agörə, yenicə çapdan çıxmış kitabın təqdimatı şəhid zabitin övladının təmənnasız təhsil aldığı Bakı Oksford Məktəbində bu nüfuzlu tədris ocağının rəhbərliyinin təşəbbüsü ilə təşkil olunub.

Mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri – Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Adil Əliyev, həmçinin qeyri-hökumət təşkilatları və idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran hərbçilər, şəhid zabitin silahdaşları iştirak ediblər.
“ASAN Radio”nun rəhbəri, vaxtilə Murovdağda Raquf Orucovla birlikdə xidmət etmiş Emin Musəvinin aparıcılığı ilə keçirilən mərasimdə əvvəlcə qəhrəman şəhidlərin – Azərbaycanın  azadlığı və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə həyatını qurban vermiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra Bakı Oksford Məktəbinin istedadlı şagirdləri mərasim iştirakçılarına şəhidlərə həsr olunmuş şeir və mahnılardan ibarət maraqlı kompozosiya təqdim ediblər.

İnsan Hüquqları üzrə müvəkkil – ombudsman Elmira Süleymanova cəbhə bölglərinə etdiyi müntəzəm səfərlər zamanı əsgər və zabitlərimizlə keçirdiyi görüşlərdən söhbət açıb, onların yüksək döyüş və mənəvi-psixoloji hazılığının şahidi olduğunu bildirib. “Murov qartalı” kitabını yüksək dəyərləndirən ombudsman “Biz öz torpağımızdayıq, irəli!” – deyərək öz əsgərlərini işğalçılara qarşı döyüşə aparan komandir Raquf Orucov kimi qəhrəmanların həyat və döyüş yolunun təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında “Aprel döyüşləri”nin xalqımızın, ordumuzun və  Ali Baş Komandamızın gücünü bir daha dünyaya nümayiş etdirdiyini, Raquf Orucovun və silahdaşlarının qəhrəmanlığının heç vaxt unudulmayacağını bildirib. Hazırda sədr müavini olduğu komitədə şəhid polkovnik-leytenantın həyat yoldaşı Sevinc xanımın da işləməsindən qürur duyduğunu bildirən Sədaqət Qəhrəmanova onun övladlarını atalarının şərəfli adına layiq tərbiyə etməsindən razılıq hissi ilə söz açıb.

Milli Məclisin üzvləri Bəxtiyar Sadıqov və Qənirə Paşayevanın da çıxışları maraqla qarşılanıb.

Xatırladaq ki, tanınmış jurnalistlər – Elşən Əliyev və Elxan Salahovun yazdığı “Murov qartalı” kitabı “Azİmport” MMC-nin dəstəyi ilə nəşr edilib.

Mərasimdə kitabın müəllif və tərtibçiləri Elşən Əliyev və Elxan Salahov çıxış edərək, şəhid polkovnik-leytenantın xatirəsinə ehtiramlarını bildirib, kitab üzərində işin bəzi təfərrüatları barədə danışıblar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın