Menu
Geri İrəli

”Referendum aktını xalqın iradəsinə buraxmışıq” – Əli Həsənov

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2016 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycanda ciddi islahatlar gözlənilir

eli-hesenovPrezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verdiyi seçki məntəqəsində jurnalistlərin suallarına cavab verib. 

O, ilk olaraq Venesiya Komissiyasının rəyi ilə bağlı danışıb: “Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib. Bu, sifarişli “ekespert rəyi” idi. Bir qayda olaraq Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası bizə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik.
Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: “Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından üstdə durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini , həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. Biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək.
Azərbaycana sifarişlə yanaşan  ”Beynəlxalq hüquq müdafiə təşkilatları” və bəzi “QHT”lərlə Azərbaycan dövləti  yalnız Azərbaycan xalqının maraqları üçün xalqın  iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Azərbaycan xalqı referenduma “hə” deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, “yox” deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”.
Əli Həsənov bildirib ki, 2016-cı il ölkədə prezident tərəfindən islahatlar ili elan edilib: “İslahatlar artıq başlayıb. Azərbaycan post neft dövrünə əlbəttə hazırlaşırdı, ancaq belə tez bir zamanda post neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da dərhal operativ çevik islahatlar keçirilməsi prezindet tərəfindən irəli sürüldü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı dəmir yoluna buraxılıb. Bu işdə ölkənin bütün, həm inzibati,  həm iqtisadi,  həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post neft dövründə çevik iqtisadi islahatların keçirilməsi effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki mexanizmlərin aradan qaldırılmasıdır. 
Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa,  digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır ki, bu vəzifələrdə də çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bu istiqamətdə də Azərbaycan xalqının firəvan həyatını təmin edək”.
Əli Həsənov daha sonra müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarından danışıb: “Seçki aksiyasını və ya referendumu öz tərəfdarları ilə birlikdə boykot etmək şəklində olur. Mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı və effetkli həyata keçirmək, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Əlbəttə, arzu edirik ki, bu opponentlik həmişə sivil formada, qanunlar çərçivəsində həyata keçirilsin. Təəssüflər olsun ki, müxalifətçilərin də xarakteri fərqlidir: konstruktivi var, qeyri-konstruktivi var. İslahatçı və radikal xarakterli müxalifət var. Hər müxalifət, partiya öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir. Müxalifət tənqid edər, eləməlidir, təftiş və opponentlik etməlidir, bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə deməli prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır.
Məhəmməd Türkmən 
Fotolar müəllifindir 
Musavat.com



Facebook Şərhləndirmə:

Şərhinizi yazın