Menu
Geri İrəli

“Reina” terrorçusu nədən ələ keçmir – Şok səbəblər

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Yanvar 2017 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

Türkiyə polisi, xüsusi xidmət orqanları İstanbulun “Reina” gecə klubunda terror aktı törətmiş Özbəkistan əsilli Əbdülqadir Maşaripovun izinə düşə bilmir. Ə.Maşaripov dekabrın 31-də kluba əli avtomatlı daxil olub, 16-sı xarici olmaqla, 39 nəfərin ölümünə, 69 nəfərin yaralanmasına səbəb olub. Bundan sonra o, mətbəxə keçərək paltarını dəyişib və binanı rahatca tərk edə bilib. Olaydan sonra panik şəkildə gecə klubunu tərk edən ilk qrupa qoşulan terrorçu hadisədən dərhal sonra hadisə yerinə gələn xüsusi təyinatlı polislərə “mətbəxdə girovlar var” deyərək ərazidən uzaqlaşıb.

Türkiyə təhlükəsizlik orqanları günlərdir ki, onun izinə düşə bilmir. Bəs səbəb nədir?

Sabiq xüsusi xidmət zabiti, politoloq Arzu Nağıyev Musavat.com-a açıqlamasında bir neçə səbəb göstərib:

“Həmin terrorçunun hərəkətlərindən, soyuqqanlılıqla günahsız insanları qətlə yetirməsi və sonradan atəşə tutduğu şəxslərə qoşulub binanı tərk etməsi xüsusi təlim gördüyündən xəbər verir. Bu şəxs sıradan biri deyil, professionaldır. Onun terror aktını əlcəklə işləməsi də buna sübutdur. Onu bu qanlı olayı törətməyə göndərməzdən illər əvvəldən hazırlayıblar, zombiləşdiriblər. Öldürdüyü günahsız insanların içində özünü sərbəst aparması da bunu sübut edir”.

A.Nağıyev deyir ki, “Reina” terrorçusunun həbs olunmaması onun artıq həyatda olmaması ilə əlaqəli ola bilər:

“Bəzi terrorçular var ki, onları illərlə hazırlayırlar, qarşılarına missiya qoyub qanlı akt törətməyə yollayırlar. Missiya baş tutdusa, həmin terrorçunun özü məhv edilir, meyitini belə külə döndərirlər. Məqsəd iz itirməkdir. Belə hallarda əsas missiyanın baş tutmasıdır. Qalan isə texniki məsələdir. Çünki belə missiyaları hazırlayanlar çox yaxşı bilirlər ki, az qala dünyanı silkələyən belə qəddar aksiyalar hüquq-mühafizə orqanlarını ayağa qaldırır, olayı törədəni yerin dibindən olsa da, müəyyən edib tapmaq üçün kompleks əməliyyat-axtarış tədbirlərinə başlanır. Buna görə də missiyanı həyata keçirəni həyatdan etməklə, meyitini itirməklə hüquq-mühafizə orqanlarının təşkilatçılara çıxışının qarşısını alırlar. İcraçının özünü aradan götürməklə təşkilatçılara doğru uzanan zənciri qırırlar. Bu olayın törədilməsində müxtəlif məqsədlər ola bilər. Amma əsas məqsəd həm də hakimiyyətdən narazılığın kəskinləşməsinə hesablandığı da göz önündədir”.

A.Nağıyev “Reina” terrorçusunun polisin burnunun altından sivişib hadisə yerini tərk edə bilməsinə də diqqət çəkib. Deyib ki, terrorçuda əvvəlcədən olaydan sonra hüquq-mühafizə orqanları əməkdaşlarının özlərini necə aparacaqları haqda məlumat olub: “Ola bilsin ki, xüsusi xidmət orqanlarında onun, təmsil etdiyi qrupun adamı, adamları var. Terrorçunun ərazidən sakitcə uzaqlaşa bilməsi, İstanbul küçələrində yoxa çıxması təsadüfi sayıla bilməz. Buna görə də onun izinə düşmək, addımlarını sonacan izləmək mümkün olmayıb”.

Son illər Türkiyə hüquq-mühafizə, xüsusi xidmət orqanlarında ən müxtəlif adlar altında aparılan təmizləmələr həm də professionalların, illərlə təcrübə toplamış xəfiyyələrin işdən çıxarılması demək idi.

A.Nağıyevə görə, terrorçunun bu gün azadlıqda olmasında bu amilin həlledici rolu danılmazdır:

“Həmin ”təmizləmələr” Türkiyə xüsusi xidmət orqanlarının işinə neqativ baxımdan təsir edən mənfi bir proses idi. Xüsusi xidmət orqanlarının əməkdaşları illərlə ən müxtəlif hazırlıqlardan keçirilir, təcrübə toplayır. Qəflətən onların hansısa dövlət çevrilişində, siyasi proseslərdə iştirakda suçlanıb işdən çıxarılması bütövlükdə Türkiyə xüsusi xidmət orqanlarının işinə son dərəcə mənfi təsir göstərib. Son hadisə zamanı terrorçunun hadisə yerini tərk edə bilməsi bunu bir daha təsdiqlədi. Peşəkarların yerinə işə götürülənlər peşəkarlaşınca illər ötür”.

A.Nağıyev “Reina” terrorçusu ilə 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı teraktı törədən Fərda Qədirov arasında paralel də aparıb. Deyib ki, bu iki terror olayında motiv eyni deyil:

“ADNA-dakı terrorun törədilməsində düşünmürəm ki, hansısa terror təşkilatının rolu olub. Orada maraqlı xüsusi xidmət orqanlarının rolu var idi. ”Reina” terrorunda icraçının İŞİD-çi olması məsələni kökündən dəyişir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın