Menu
Geri İrəli

Reket saytlar: Onlarla necə mübarizə aparmalı?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2016 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur
Azərbaycanda xəbər saytlarının sayı durmadan artır.
Onların hamısı heç də peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmurlar. Obyektiv, dəqiq və vicdanlı xəbər anlayışından uzaq olan “reketlər ordusu” internet erası ilə ayaqlaşaraq çap mətbuatından üz döndərib elektron mediaya keçirlər. 
 
Məqsəd və məramları kimlərisə şantaj etmək, bunun müqabilində pul almaq, hansısa yüksək çinli məmuru qaralamaq olan reketlərə qarşı nə qədər mübarizə aparılsa da təmiz jurnalistikanı onlardan xilas etmək mümkün deyil. Qorxulu məqam odur ki, qəzet və digər yazılı KİV orqanlarında onlar nəzarət altında saxlanıla bilirdisə, sərhədsiz internet məkanında isə bu o qədər də asan deyil. 
 
Reket saytlardan necə qurtulmalı?
Media eksperti Ələsgər Məmmədli reket jurnalistikanın yaranmasını azad medianın olmaması ilə əlaqələndirir:
 
elesger-memmedli“Online medianı yox, amma offline mediada reket mətbu orqanlarının Mətbuat Şurasının yaydığı siyahıda görürük. Ümumi şəkildə reket jurnalistikaya “dilənçi” media deyirlər. Bu media daha çox dilənçilik edir, nəinki reketlik. Düzdür, bəziləri təhdid edərək, qorxaraq reketlik etməyə çalışır. Bəzi qəzetlərin adlarında belə reketlik hiss olunur. Reket qəzetlərə müxtəlif pafoslu adlar seçirlər. Bu gün saytlarda reketlikdən daha yalan informasiyalara üstünlük verilir. Xüsusilə, bir informasiya haqqında anons verib, sonra həmin məlumatı yerləşdirməmək bu faktiki olaraq qeyri-peşəkarlığı əks etdirir. Bu, tək peşəkarlıqla da bağlı deyil. Burada çox vaxt peşəkar olan insanlar da qəsdən belə bir probelmi yaradırlar”. 
 
Ə.Məmmədli bildirib ki, saytların hansının reketliklə məşğul olması ilə bağlı müşahidə aparmayıb: “Hazırda saytlarla bağlı belə bir faktı qeydə almadığım üçün deyə bilmərəm. Bununla bağlı səlahiyyətli deyiləm. Ümumən deyə bilərəm ki, saytlarda yalan informasiya yayılır. Sonra təkzib olunur. Saytların hamısında bu problem var. Yoxlanılmamış informasiyanı yerləşdirmək, sonradan təkzib vermək peşəkarlıqdan uzaqlaşmaqdır. Online mediadada ən çox rastlaşdığımız hər hansı bir səbəbdən sifarişli və sifarişsiz bir -birlərini qaralamaq, sonra lazım olan, olmayan informasiyanı yerləşdirmək və təkzib vermək. Medianın ən çox təhlükəli tərəfi budur. Reket tipli məsələlər medianın umumi problemlərindən doğur. Media tam azad olarsa, bu problem ola bilməz. Çünki azad media faktiki olaraq öz ayağı üstündə durmalıdır, öz ayağı üstündə durmalıdırsa, deməli etibar olunmalıdır, etibarlı olmalıdırsa, deməli doğru-dürüst olmalı, obyektivliyi qorumalıdır”.
 
Media eksperti hesab edir ki, reket jurnalistikadan qurtulmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
 
“Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır, düşünürəm ki, mediada əlavə xanlıq ortadan qalxsa, belə problemlər yaranmaz. Əgər qurum özü- özünü saxlaya bilmirsə, kənardan bəslənərsə ,onda peşəkarlıqda problem yarana bilər. Media həm iqtisadi, həm də siyasi olaraq müstəqil olmalıdır. Reket jurnalistikasının əsas mənbəyi azad medianın olmamasıdır. Reket jurnalistikanın hüquqi cəhətdən qarşısını almağın yolu hüquq-mühafizə orqanlarına müraciət etməkdir. Konkret əlinizdə fakt varsa, kimsə sizi təhdid edirsə, prokurorluğa, ya da polisə gedib, onun haqqında bir tədbir görmək olar. Mediada reket jurnalistikanı bəsləyən jurnalistlər var ki, onları da bəsləyən məmurlar var ki, həmin məmurların gördüyü işlər şəffaf deyil, özəl həyatlarında ciddi səhvlərə yol verirlər, bu məmurlar təbii ki, həmin jurnalistləri bəstələyir”-deyə ekspert vurğulayıb.
Əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət  isə hesab edir ki,

 yayımlanmış yazılar, görüntülü və səsli materiallar heç bir halda saytlardan silinə bilməz! Bəli, silinə bilməz:

azer

“ 

Elə isə, yalan, böhtan, şantaj materialları necə olsun? Bunun da çıxış yolunu təklif edə bilərəm: həmin materiallar barəsində Mətbuat Şurasının, ehtiyac olduqda isə məhkəmənin (məhz məhkəmənin) qərarı o materiallarla eyni səhifədə, həm də onların üstündə dərc edilsin. Yəni istifadəçi dünən gördüyü materialı sonradan təkrar oxumaq istərsə, boş səhifəylə rastlaşmamalıdır. Əksinə, həm o materialı görməli, həm də onun bir yalan-böhtan məhsulu olduğunu öyrənməlidir.

 

İstisna hal kimi bəzi materialların silinməsinə yol vermək olar. Örnək üçün, konkret şəxslə bağlı materialın təkzib və ya üzrxahlıqla birlikdə belə saytda qalması onun nüfuzuna xələl gətirməyə davam edirsə, bu zaman material silinə bilər. Amma yerində təkzibin, üzrxahlığın, məhkəmə və ya Mətbuat Şurasının materialın silinməsi haqda qərarının dərc edilməsi şərtilə.

Belə olacağı halda saytların sahibləri yazdıqlarında, paylaşdıqlarında daha məsuliyyətli davranmağa məcbur qalacaqlar. Çünki yazdıqlarını həm də poza bilməyəcəklərini anladıqları üçün “barıtı az etməli” olacaqlar. Bu isə medianın normal və etik platformaya dönməsinə yardımçı ola bilər.

Ümumi olaraq, fikrimi belə ifadə etmək istərdim ki, qəzetlərdə olduğu kimi, saytlarda da dərc edilmiş materialların silinməsi imkansız hala gətirilərsə, məsuliyyət artar, daha ciddi jurnalistika inkişaf edər. Əks təqdirdə… Əks təqdir zatən göz önündədir…”

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın