Menu
Geri İrəli

Şad xəbər: Evlər sürətlə ucuzlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 898 dəfə • Şərh yoxdur

ipotekaDaşınmaz əmlak, qızıl və avtomobil bazarında sürətli ucuzlaşmanın olacağını ötən ildən proqnozlaşdırmışdıq.

Bu barədə daşınmaz əmlak bazarındakı ən son yeniliklərlə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. İqtisadçı bildirib ki, ucuzlaşma xüsusilə bahalı mənzillərdə ciddi hiss olunur:

“Bundan əvvəlki 10 illiyin son dekadasından ölkəyə daxil olan neft pulları daşınmaz əmlak bazarında şişirdilmiş qiymətlər yaratmışdı. Müşahidələr göstərir ki, faktiki olaraq mənzillərin 1 kvadrat metri 180-450 manata başa gəlirdi. Belə olan halda vətəndaşlara kvadratı 1000 manatdan 5000 manatadək mənzillər təklif etmək heç bir bazar qaydalarına uyğun deyil. Hazırda neftin qiymətinin düşməsi və daxil olan gəlirlərin azalması şarların partlamasına səbəb oldu. Qiymətlər ucuzlaşmağa davam edir. Ucuzlaşma xüsusilə daha bahalı mənzillərdə ciddi hiss olunur. Qiyməti 100 min dollardan yuxarı olan mənzillərdə 30 faiz, hətta bəzi hallarda 40 faizədək ucuzlaşma var. Daha kütləvi şəkildə satılan, aztəminatlı vətəndaşların, yəni ölkə əhalisinin tələbatına uyğun, qiyməti təxminən 50-150 min arasında dəyişən mənzillərdə isə ucuzlaşma 20-25 faiz arasındadır. Bu proses 2016-cı ildə də davam edəcək. Buna görə də qarşıda daşınmaz əmlak bazarında ciddi ucuzlaşma gözlənilir”.

Ekspert hazırda əmlak bazarında satışda durğunluq müşahidə edildiyini deyib:

“Önəmli bir məqam ondan ibarətdir ki, növbəti ildə kiçik və orta sahibkarlıq kredit öhdəliklərini yerinə yetirə bilməsə, əksər hallarda əllərində olan daşınmaz əmlakı bazara təklif edəcəklər ki, bu da bazarda təkliflərin kəskin artmasına gətirib çıxaracaq. Bununla yanaşı, hazırda bazarda durğunluq var. Hər ikisinin fonunda bazar təklifçiləri qiymətləri daha da aşağı endirməyə məcbur qalacaqlar. Daşınmaz əmlak bazarına yatırım etmək istəyənlər bununla bağlı ciddi düşünməlidir. Təbii, istisnalar olmaq şərtilə düşünürəm ki, gözləmək daha məqsədəuyğun olar. Ucuzlaşma daha çox xüsusilə şəhərin mərkəzində, I, II, III zonalarda hiss ediləcək, digər hissələrdə isə mərkəzə nisbətən daha aşağı faizlərlə ifadə olunacaq. Ümumiyyətlə götürdükdə daşınmaz əmlak bazarında qiymətlər bu gün belə real bazar qiymətlərindən baha və orta azərbaycanlının gəlirlərinə uyğun deyil”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın