Menu
Geri İrəli

Şəhid balamın balası

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 633 dəfə • Şərh yoxdur

shehidKeçdiyin yerləri torpaq deyərək basma, tanı

Düşün altındakı minlərlə kəfənsiz yatanı!

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı

Vermə dünyaları alsan da, bu cənnət Vətəni…

Yoxluğunuzla təkcə yetim qoyub getdiyiniz balalarınız barışa bilmir!

Özlərinə məxsus həsrət və qubarla nə vaxtsa geri dönəcəyinizi səbirsizliklə gözləyirlər…

Hər saat gözləyirlər…

Hər gün gözləyirlər…

Daha təsəlliverici sözlərdən də usanıblar!

Daha bəhanələrdən də doyublar!

Daha doğmalarınızın “sabah gələcək” demələrinə də inanmırlar!

Hələ “şəhid” sözünün mənasını lazımınca dərk etmirlər!

Hələ ölümün nə demək olduğunu tam dolğunluğu ilə anlamırlar!

Bəlkə də belə yaxşıdır!

Amma istəyirlər ki, ataları yanlarında olsun!

Onları qucağına alaraq bağrına bassın, oxşasın, əzizləsin…

Əllərindən tutub gəzdirsin, hər şıltaqlıqlarına dözüb gülümsəsin…

Heyhat!

Sən təkcə özünü, öz ailəni, öz övladlarını düşünmədin!

Vətəni, torpağı, Vətən qeyrətini və təəssübünü hər şeydən uca tutdun!

Döyüşə atılanda tək özünü yox, doğmalarını, ciyərparalarını da unutdun!

Gözünün qabağında bir Vətən vardı, bir əsgər borcu, bir də şərəf və vicdan duyğusu!

Nə yaxşı ki, qədirbilən dövlətin var!

Nə yaxşı ki, övladlarına dayaq duracaq qanunlar var!

Bircə sən yoxsan!

Amma yoxluğun cisməndir!

Ürəklərdəsən, əməlinlə yaddaşlara həkk olunmusan!

Səni sevənlərləsən!

 ***

Səni ağlayımmı, a şəhid balam?!

Axı deyirlər şəhidlər ölmürlər, ölümsüzlüyə yüksələrək müqəddəslərin yanında yer alırlar!

Ağı deyimmi?!

Yox!

Ölənə ağı deyərlər, ölümsüzlüyə qovuşanlara yox!

Bəlkə bayatı çağırım?

Hə, bax belə:

Altımda kilim yandı,

Od düşdü, kilim yandı.

“Əziz balam” deməkdən

Ağzımda dilim yandı.

Yaxud:

Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar,

Belə oğlu ölənlər

Sərgərdan gəzər, ağlar.

 

Qınamayın məni, ay şəhid balalarım, “ölüm” sözünü heç cürə sizə yaraşdırmıram!

Əvvəla, siz canınızdan artıq sevdiyiniz Vətən torpağına qovuşmusunuz!

İkincisi, real həyatda yox olsanız da, milyonların qəlbinə köçərək orada özünüzə əbədi yer tutmusunuz!

Ölənlər – unudularlar!

Siz Vətən torpağına cismən qovuşanlarsınız!

Ruhunuz göylərdə, həsrət qaldığınız doğma yurd-yuvalarda dolaşmaqdadır!

Biz sizi görməsək də, siz bizi görürsünüz, hər şeydən xəbərdarsınız!

Yoxluğunuzdan necə üzüldüyümüzü də bilirsiniz!

 

***

 

Fələyin yazdığını mən poza bilsəydim əgər…

Yox, yazıya pozu olmur, şəhid bala

mın balası!

Taleyin qisməti beləymiş…

Atan səni doyunca öpüb oxşamadı!

Orta məktəbi bitirməyinə ürəkdən sevinə bilmədi!

Ali məktəbin diplomunu görüb fərəh və iftixar hissi keçirmədi!

Toyunda qol götürüb oynamaq, nəvə başı sığallamaq ona qismət olmadı!

Heç sənə var-dövlət də qoyub getmədi!

Çünki Vətənə xidmət edənlərin sərvəti olmur, şəhid balamın balası!

Əvəzində şəhidlər özlərindən sonrakı nəsillərə yetəcək qədər təmiz və şərəfli ad qoyurlar!

Vətəni necə sevməyi, uğrunda canından keçməyi sözdə yox, əməldə göstərirlər!

 

***

 

Evinizdə müqəddəs bir əmanət var: şəhid atanızın tabutuna örtülmüş, ailənizə yadigar verilmiş üçrəngli dövlət bayrağı!

Sizin üçün yeni bir müqəddəs ünvan var: atanızın uyuduğu qara mərmərli məzar!

Üstünüzdə çox qürurverici, amma kədərli və nisgilli bir ad var: şəhid övladı!

Bəlkə də həyatda sizin üçün asan olmayacaq: axı atasız böyüyənin öz çətinlikləri olur!

Amma hamı sizi sevəcək, hörmət edəcək!

Atanıza görə!

Şəhid balası olduğunuza görə!

Atanıza oxşadığınıza görə!

Təki taleyiniz oxşamasın!

Atanızın uğrunda şəhid getdiyi Vətən torpağını işğaldan azad görəsiniz!

Düşməndən qisasınızı ala biləsiniz!

Ananızın, nənə və babalarınızın dərdlərini azaldıb, sevincini artıra biləsiniz!

Bəxtiniz açıq olsun!

Vətən sizinlə də qürur və fərəh duysun!

Başınız yalnız şəhid atanızın məzarı qarşısında əyilsin!

Bilin, artıq alnınız açıq, üzünüz ağdır!

Siz qəhrəman şəhid övladısınız!

Atanızın adına layiq igidlər kimi böyüməyə borclusunuz!

Siz Vətənə, Vətən sizə borcludur…

 

Bəxtiyar TOĞRUL

Facebook Şərhləndirmə:

Şərhinizi yazın