Menu
Geri İrəli

Sığınacaqdakı küçə itlərinin taleyi necə olacaq? – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2016 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur
Küçələrdə gördüyümüz itlərdən qorxuruq. Onların quduz ola biləcəklərindən daim ehtiyat edirik. Bəzən Bakıda və rayonlarda küçə itlərinin kütləvi şəkildə güllələnməsi hallarına da rast gəlirik. Küçə itlərindən qorxan və onları öldürənlərlə yanaşı, ölkəmizdə küçə itlərinə qayğı göstərən insanlar da var. Bu qayğı bəzi təşkilatlar və ya könüllülərin dəstəyi vasitəsi ilə həyata keçirilir.
Hazırda küçə itlərinin mühafizəsi üçün çalışan bir qrup insan var. Küçə itlərinin öldürülməsinə etiraz edən və bunun çıxış yolu olmadığını deyən könüllülər öz imkanları daxilində küçə itlərinə sahib çıxmağa çalışırlar. Lakin onların qarşılaşdıqları bir neçə problem də var.
Hazırda Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsindəki “Razin meşəsi” adlanan boş ərazidə yaradılan sığınacaqda onlarla küçə iti mühafizə olunur.
Musavat.com olaraq, könüllülərin küçə itlərinə qayğısını və onların qarşılaşdığı çətinlikləri işıqlandırmağa çalışdıq.
Sığınacaqda olarkən könüllülərdən Gülşən Məhərrəmova ilə söhbətləşdik. Məqsədlərinin sahibsiz itləri qorumaq, onların güllələnməsinin, məhv edilməsinin qarşısını almaq olduğunu deyən G.Məhərrəmova bu təşəbbüslərinə bir çox heyvansevərin də qoşulduğunu bildirir.
Sığınacaqda 70-dən çox itin olduğunu deyən G.Məhərrəmova az da olsa, öz hesablarına şərait yaratdıqlarını və bu müddət ərzində onlarla sahibsiz iti sığınacağa gətirdiklərini deyir: “Bura boş ərazidir. Burada itlərə baxan bir dostumuz var. 8 ildən çoxdur ki, burada itlər üçün öz imkanları daxilində kiçik sığınacaq yaradıb. Biz də 2 ildir ki, buranın sığınacaq kimi fəaliyyət göstərməsinə dəstək olmağa çalışırıq. İtlərin soyuqda, yağışda qalması üçün yer yox idi. Yardımsevərlərin dəstəyi ilə topladığımız pulla burada kiçik yer düzəltmişik. İtlər soyuqda və axşamlar burada qalır. Buranı tikmək üçün 2 min manatadək xərc çəkmişik”.
Sığınacaqda küçə itləri ilə yanaşı, ev itləri də var. Sonradan sahibləri onlara baxmaqdan imtina edib və küçəyə atıb. Həmin itlər də sığınacağa gətirilib.
G.Məhərrəmova deyir ki, sığınacaqda olan itlərin buraya gəlişinin müxtəlif səbəbləri var: “Burada gördüyünüz itlərin bəziləri sahibləri tərəfindən atılıb. Bəzilərini maşın vurub, yaralayıb. Biz də bura gətirib, müayinə etmişik, sağaltmışıq. Bəzi insanlar da bizə zəng vururlar ki, evlərinin yanında olan sahibisiz itləri gedib, götürək. Əks halda onları güllələyəcəklər”.
Sığınacaqda itləri saxlamaqla, onlara yemək verməklə yanaşı, müayinə də edirlər. İtlərə vaxtlı-vaxtında quduzluğa qarşı iynə də vurulur. Lakin itlərin gündəlik xərclərini qarşılamaq könüllülərə elə də asan başa gəlmir.
“İtlərə quduzluğa qarşı iynə vurulur. Xəstə olanlar müayinədən keçirilir. Yaralı itlər olur ki, onları da xeyli müddət müayinə etdikdən sonra sağalda bilirik. Bunların hamısı xərcdir. Vaxtında dərmanları verilmədiyində hamısına xəstəlik keçə bilər. Bütün xərclər öz hesabımıza və bizə dəstək olan könüllülərin hesabınadır. İmkan olmadığından gündə bir dəfə yemək verə bilirik. Yeməyi də pulla alırıq. Sümüyün 1 kiloqramını 1 manata verirlər. Bəzən bizi tanıyan satıcılar pulsuz verir. Qəssabxanalardan istifadə edilməyən ətləri alırıq. Bu itlərin gün ərzində bir dəfə yeməyi üçün ən azı 20 manat lazımdır. Ət olmayanda makaron veririk” - deyə G.Məhərrəmova qarşılaşdıqları çətinliklərdən danışır.
Yemək və müayinə xərcləri sosial şəbəkələrdə aparılan kampaniyaların, eləcə də könüllüləri tanıyan şəxslərin hesabına olur. Lakin hazırda könüllülərin qarşılaşdığı ciddi bir problem də var. Onlar bu ərazidən çıxarılırlar. Artıq bununla bağlı Sabunçu Rayon İcra hakimiyyətindən xəbərdarlıq alıblar.
Ötən ilin sonunda qısa zaman ərzində ərazini boşaltmaları üçün onlara vaxt verilib. Bundan sonra Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyindən könüllülərə dəstək gəlib. Birliyin əməkdaşları sığınacağa baş çəkiblər. Daha sonra isə sığınacağın yeni yerə köçürülməsi üçün könüllülərə İcra Hakimiyyətindən 3 ay vaxt alınıb.
İndi könüllülər bu 3 ay müddətində yeni sığınacaq yaratmaq istəyirlər. Onlar bir neçə yerdə torpaq sahəsi ilə maraqlanıblar. Ancaq təklif olunan qiymətlər bu işin reallaşmasına imkan vermir.
“Bir neçə yerdə torpağın qiyməti ilə maraqlanmışıq. Bizə təxminən 15 sot torpaq lazımdır. Kürdəxanıda 1 sotun qiymətinin 1500 manat olduğunu dedilər. Təbii ki, buna imkanımız çatmır. Bizim öz hesabımıza topladığımız məbləğ 1000 manatdır. Bir bu qədər də yığılan məbləğ var ki, onu da indiki sığınacaqda itlərin qışı keçirməsi üçün yuva tikməyə ayırmışıq. Xeyirxah insanlardan bu işdə bizə dəstək gözləyirik. Bizə dəstək verənlər olsa, bu işin öhdəsindən gələ bilərik. Bu qədər itin sahibsiz, küçədə ölümə tərk edilməsinə imkan vermək olmaz” - deyə G.Məhərrəmova əlavə edir.
Qeyd edək ki, sahibsiz heyvanların küçələrdən yığışdırılması ilə bağlı Bakı şəhər Mənzil Kommunal Deportamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olur. Buna isə yığışdırmaq yox, qətliam demək olar. Çünki itlər günün günorta çağı, insanların gözü qarşısında öldürülür.
Bəs, öldürülən itlərin cəsədləri sonra hara aparılır? Onlar necə məhv edilir?
Bu haqda ötən il I Avropa Oyunları ərəfəsində böyük səs-küyə səbəb olan videogörüntülər yayılmışdı. Məlum olmuşdu ki, Bakıda öldürülən küçə itləri Balaxanı qəsəbəsində Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinə məxsus ərazidə kütləvi şəkildə yandırılır. İtlərin yandırıldığı yer BŞİH-in krematoriyasıdır. Küçə itləri bura ya öldürülüb gətirilir, ya da gətirilib, burada öldürülür.
Əgər indi bu sığınacaqdakı itlər üçün yeni yuva tapılmasa, onları da küçələrdə öldürülən itlərin taleyi gözləyir. Sığınacaq zorla boşaldılarsa, itlər məcburən küçədə qalacaqlar. Daha sonra isə güllələnəcəklər.
Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.
Azərbaycanda küçə itlərinə qarşı mübarizənin aparıldığı deyilir. Lakin küçə itlərinin sayı ildən-ilə artır.
Bəs, heyvanları öldürmək əvəzinə onların artmasının qarşısını necə almaq olar?
Ekspertlər deyirlər ki, küçə itlərinin qarşısını almağın və bu problemi həll etməyin yolu axtalanma üsulunun (kastrasiya) tətbiqi və ya sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsidir.
Axtalanma prosesi həyata keçirilərsə, bu problemin həllinə maksimum 15 il ərzində nail olmaq mümkündür. Çünki itlər 12-15 il yaşayırlar. Axtalanma üsulu tətbiq olunsa, itlər nəsil vermədən 12-15 ildən sonra öləcəklər.
Digər humanist üsul da var. Sığınacaqlardakı itlər evlərdə saxlanılması üçün heyvansevərlərə verilə bilər. Avropada belədir. Problemin bu cür həlli dövlət büdcəsinə də xeyir verərdi, ən azı zərər vurmazdı. Çünki sahibsiz itlərin öldürülməsi üçün hər il vəsait ayırmağa ehtiyac qalmazdı.
Qeyd edək ki, bir küçə itinin öldürülməsinə görə dövlət büdcəsindən 30 manat pul xərclənir. Rəsmi statistikaya görə, 2009-ci ildə Bakıda 56 min, 2010-cu ildə isə 79 min sahibsiz it öldürülüb.
İlkin Muradov,
Musavat.com,
Fotolar müəllifindir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın