Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Etilen-Polietilen zavodunda FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 656 dəfə • Şərh yoxdur
Share Button

news_645Mayın 30-da Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyəti kimya istehsalatlarında səfərdə olmuşlar. Öncə qonaqlar “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günə qədər həyata keçirilmiş yenidənqurma işləri və istifadəyə verilmiş yeni qurğularla tanış olmuş, eyni zamanda İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyada kimyəvi analizlər aparmış və Buxar-generator kompleksinin iş prinsipi ilə yaxından tanış olmuşlar. Qonaqlara həmçinin 2019-cu ilə qədər davam edəcək perspektiv layihələr haqqında məlumat verilmiş, həyata keçirilən və bu gün də davam etdirilən yenidənqurma işləri əyani şəkildə nümayəndə heyətinin üzvlərinə təqdim olunmuşdur.

“Azərikimya”da 2 aylıq ödənişli təcrübədə olan gənc kadrlarla görüşən nümayəndə heyətinə məlumat verilmişdir ki, təcrübə keçən 31 nəfərdən 6-sı Sumqayıt Dövlət Universitetinin məzunlarıdır. Qonaqlara “Azərikimya” İstehsalat Birliyinin respublikamızın aparıcı təhsil ocaqları ilə apardığı qarşılıqlı faydalı əməkdaşlığı haqqında məlumat verilmiş, bu universitetlərin arasında Sumqayıt Dövlət Universitetinin ön sıralarda olması istəyi dilə gətirilmişdir. Qeyd olunmuşdur ki, bugünkü və buna qədərki görüşlərin əsas məqsədlərindən biri də Sumqayıt Dövlət Universiteti ilə şəhərimizdəki sənaye müəssisələrinin qarşılıqlı faydalı əməkdaşlığının miqyasını genişləndirmək, nəticə etibarilə də kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr arasından seçim yolu ilə bu müəssisələr üçün gələcəyin kimyaçı mühəndislərini yetişdirməkdir. Bu gün həm “Azərikimya”nın, həm də bu qəbildən olan digər müəssisələrin ixtisaslı və yüksək biliyə malik mühəndislərə çox böyük ehtiyacı var. Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Sumqayıt Dövlət Universiteti bu qəbildən olan kadrların hazırlanması baxımından mövcud boşluqları doldura bilər.

Sonra qonaqlar “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu ilə tanışlıq məqsədi ilə Sumqayıt Kimya sənaye Parkına aparılmış, burada həyata keçirilən layihələrin icrası ilə tanış olduqdan sonra “Karbamid” zavoduna səfər etmişlər. Qonaqlar hər iki müəssisədə səmimi qarşılanmış və onlara bu müəssisələrin respublikamız üçün faydalılıq baxımından əhəmiyyəti haqqında məlumat verilmişdir.

Qonaqlar istər Etilen-Polietilen zavodu, istər “SOCAR-Polymer” MMC, istərsə də Karbamid zavodundan xoş təəssüratlarla ayrılmışlar.

Qeyd edək ki, bir necə ay bundan öncə Sumqayıt Dövlət Universitetində kimya sənayesi müəssisələrinin rəhbərləri – “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev başda olmaqla “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, “SOCAR-Polymer” MMC-nin Maliyyə direktoru Fuad Əhmədov, Karbamid zavodunun direktoru Xəyal Cəfərov, Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev və bu müəssisələrin məsul şəxslərinin iştirakı ilə Universitetin tələbələri və pedaqoji kollektivi ilə görüş-müzakirə keçirilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın