Menu
Geri İrəli

Sumqayıtda magistrantların XVII Respublika elmi konfransı işə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2017 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

Mayın 11-də Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən magistrantların XVII Respublika elmi konfransı işə başlayıb. Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.
sumqayitxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər.
Konfransın plenar iclasına sədrlik edən rektor, professor Elxan Hüseynov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və hər il ənənəvi olaraq Təhsil Nazirliyinin xətti ilə keçirilən magistrantların Respublika elmi konfransının önəmindən danışıb, Ulu Öndərin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən bəhs edib.
Bildirilib ki, konfransda iştirak edənlərin sayı ildən-ilə artır. Əgər 2014-cü ildə XIV Respublika elmi konfransında 15 ali məktəbdən 770 nəfərdən çox magistrant iştirak etmişdisə, builki konfransa 16 ali məktəbdən 1400-ə yaxın məruzə daxil olub.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək, konfransın gənc tədqiqatçıların elmi tədqiqat işlərinə maraqlarının daha da artmasına töhfə verdiyini vurğulayıb, magistrantları dünya elminə inteqrasiya etməyə, daim axtarışlar apararaq elmi potensiallarını gücləndirməyə çağırıblar.
Sonra magistrantlar hazırladıqları mövzular və təmsil etdikləri ali təhsil ocaqlarının elmi fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.
Təqdim olunmuş tezislər üç cildli məcmuə şəklində çap olunub.
Konfrans işini sabah bölmə iclaslarında davam etdirəcək. Sonda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diplomu və hədiyyələri ilə təltif olunacaqlar.

1494502515_3 1494502588_5 1494502590_6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın