Menu
Geri İrəli

Sumqayıtda uşaq musiqi məktəbində silsilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 1,057 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində silsilə tədbirlər keçirilib.

Məktəbin nəzəriyyə şöbəsi tərəfindən keçirilən “Azərbaycan xalq musiqisinin əsasları” mövzusunda ustad dərsi S.Hacıbəyov adına Sumqayıt musiqi kollecinin müəllimi İmran Şıxəliyev tərəfindən aparılıb. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə dərsdə Azərbaycan ladları haqqında məlumat verilib. Rast ladının quruluşu, səs qatarı, nəzəri cəhətdən izah edilib. Bu lad üstündə bəstələnmiş xalq mahnı və rəqsləri, o cümlədən bəstəkar əsərlərindən nümunələr ifa olunub. Həmçinin İmran Şıxəliyevin bu mövzu haqqında yazdığı “Azərbaycan musiqisinin lad nəzəriyyəsi” kitabı müəllimlərə təqdim olunub.

Xocalı soyqırımının 24 illiyinə həsr olunmuş tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım haqqında geniş məlumat verilib. Xocalıya dair Azərbaycan və dünya mətbuatında dərc olunan ən son çıxarışlar, qəbul edilən sərəncamlar səslənib, şagirdlərin ifasında şerlər dinlənilib. Tədbirdə həmçinin Xocalı faciəsini əks etdirən videoçarx, fotoşəkillər və kitablardan ibarət stend nümayiş etdirilib.

Qeyd edək ki, məktəbdə davamlı olaraq şagirdlərin bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması və mənimsədikləri dərslərin müəllim və valideynlər qarşısında nümayiş etdirilməsi məqsədilə sinif konsertləri keçirilir. Məktəbin xalq çalğı alətləri şöbəsinin xanəndəlik sinfinin hesabat konserti bu qəbildəndir. Sinif konsertində Faiq Cəfərovun şagirdləri Azərbaycan xalq mahnılarını, bəstəkar mahnılarını və muğamları ifa ediblər. Səslənən mahnılar içərisində Xəyal və Vüsal Rəhmanovların, Qeys Qayıbovun, Yunis Cəfərovun və Aysel Fərəclinin ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Müəllimlərin öz aralarında təcrübə mübadiləsi aparmaq və dərsin keyfiyyətini yüksəltmək məqsədilə nəzəriyyə şöbəsinin müəlliməsi Səbinə Musayevanın sinfində açıq dərs keçirilib. Açıq dərsdə keçid siniflərdə imtahanlara hazırlıq olaraq mövzuların tez qavranması və həll yollarının asanlaşdırılması üçün tərtib olunan metodik yanaşma üslubu nümaiş olunub.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin adını daşıyan məktəbdə bəstəkarın 98 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bəstəkarın həyat və yaradıcılğı haqqında məlumat verilib. Fortepiano və violin şöbəsinin şagirdləri bəstəkarın əsərlərini ifa ediblər, həmçinin xanəndəlik şöbəsinin şagirdinin ifasında “Bir məhəlləli iki oğlan” filminə bəstələnmiş mahnı oxunub. Tədbirdə bəstəkarın davamçıları və tələbələrinin əsərləri səslənib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın