Menu
Geri İrəli

Tahir Mirkişili: “Azərbaycana turist axınını daha da artıracaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

Ekspertlərin fikrincə, ölkədə turizmin mövsümiliyinin aradan qaldırılması üçün hərtərəfli imkan və şərait var
Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər davam etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə keçirilən toplantında deyib. Nazir bildirib ki, bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir: “Azərbaycana xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin daha da gücləndirilməsi vacibdir. Ölkəmizdə “Tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq”.

Nazir bildirib ki, ”shopping festival”ların keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər. Bəs turizmin inkişafı üçün hansı addımlar atılır? Bu sahədə hazırkı vəziyyət necədir?
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var: “Ölkədə daimi turizmi inkişaf etdirmək üçün hərtərəfli imkan və şərait var. Azərbaycanda sağlamlıq, dağ, kənd turizmi və s. kimi  yeni turizm növləri getdikcə inkişaf etməkdədir. Amma bu sahəni daha da inkişaf etdirmək olar. Bunun üçün iş adamlarının turzimin inkişafında yaxından iştirakı çox vacibdir. Həmçinin digər nazirliklər də turizm sahəsinə dəstək olmalıdır.  Eyni zamanda, turizm nümayəndələri Azərbaycanı xaricdə  təmsil etməlidirlər. Lakin Azərbaycan özünün  turizm potensialının demək olar ki, yarısından istifadə etmir.  Biz öz potensialımızın yerdə qalan 60-70 faizini istifadə edə bilsək, ölkəyə daha çox turist cəlb etmək mümkün olacaq. Bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb. Belə ki, kütləvi turizmin inkişafı ilə bərabər VİP turizmin inkişafı da çox vacibdir”.
M.Ağakərimov qeyd etdi ki,  turizmin müxtəlif sahələrini  inkişaf etdirməklə  ölkəyə valyuta axını cəlb etmək mükündür: “Turizm rəngarəng bir sahədir. Onun təkcə bir sahəsi ilə kifayətlənmək olmaz.  Azərbaycanda yeni hotellər və mehmanxanalar inşa olunmalıdır. Burada söhbət təkcə lüks  hotellərdən getmir. Bir, iki, üç ulduzlu hotellərin və hostellərin tikilməsi çox vacibdir. Son aylarda ərəb turistlərinin ölkəyə gəlməsi bir daha onu göstərdi ki, Azərbaycanda,  xüsusilə paytaxtda  mehmanxana çatışmazlığı var. Həmin  vaxt hətta  regionlarda – Qubada, Qəbələdə, Şahdağda bütün hotellər tutulmuşdu. Bu isə o deməkdir ki, turizm bir qədər inkişaf edərsə, mehmanxanalara tələbat artacaq. Həmçinin yeni turizm kadrlarının yetişdirilməsi də mühüm məsələlərdən biridir. Qarşıdan qış turizmi mövsümü gəlir. Hər il olduğu kimi, bu il də qış turizmi dekabr ayında başlayacaq. Artıq ölkəmizdə  bu sahədə bir qədər təcrübə formalaşıb. Hotellər turistləri qəbul etməyə  tam  hazırdırlar”.
Ekspert qeyd etdi ki, xarici turistlərin cəlbi üçün ilk növbədə yeni turizm növləri inkişaf etdirilməlidir: “Azərbaycan öz turizm potensialını təbliğ etməlidir. Çünki Azərbaycan təkcə gəzməli, görməli yerləri ilə deyil, həm də müalicəvi məkanları ilə məşhurdur. Naftalan, Qalaaltı, İstisu və digər turizm  zonaları  var ki, xaricdə onların təbliğatı aparılmalıdır. Bu isə diaspor, səfirliklər, xarici nümayəndəliklər vasitəsilə həyata keçirilməlidir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi ki, Azərbaycanda həm qədim abidələrin mövcudluğu, həm də müasir turizm məkanları və obyektlərinin yaradılması xarici turistlərin ilin bütün aylarında ölkəyə cəlb edilməsinə imkan yaradır: “Kiçik bir ərazidə bu qədər rəngarəngliyin olması çox az ölkələrdə var. Gələn hər bir turistin maraqlı təəssüratla ölkəmizdən ayrılmasını hər birimiz müşahidə edirik. Atılan son addımlar Azərbaycana turist axınını daha da artıracaq”.
Millət vəkili qeyd etdi ki, bu sahədə olan problemlər tezliklə öz həllini tapacaq: “Təbii ki, axın artdıqca bu sahənin qarşısına çıxan çətinlikləri də həll etmək lazım olacaq. Turist marşrutlarının müəyyən olunması, turistləri məlumatlandırma materiallarının artması, onlayn resursların inkişafı, xidmət sahəsində çalışanların daim təlimdən keçirilməsi qarşıda duran və həll edilməsi vacib olan məsələlərdəndir”
“Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, Azərbaycanda turizm getdikcə inkişaf edir: “Mədəniyyət və Turizm Nazirliyi  bunun üçün böyük layihələr həyata keçirir. Ümumiyyətlə, turizm mövsümi xarakter daşımamalı, bütün ili  əhatə etməlidir. Təkcə yay və qışla kifayətlənmək olmaz. Yaz fəslində, xüsusən Novruz bayramı ərəfəsində ölkəyə turistlərin cəlb edilməsi üçün xüsusi tədbirlər həyata keçirilməlidir. Payızda isə “məxməri payız” deyilən bir mövsüm var ki, bu mövsüm  turistlərin böyük marağına səbəb  olur.  Çünki həmin vaxt havanın temperaturu xeyli əlverişli olur. Qış turizmində bölgələrdə dağ-xizək kompleksləri fəaliyyət göstərir. Bu sahədə hazırda da gərgin iş davam etdirilir. Turistlərin ölkəyə cəlbi üçün müxtəlif versiyalardan və imkanlardan istifadə etməyə çalışırıq”.
R.Quliyev deyir ki, ölkədə bəzi amillər var ki, onlar turizmin inkişafına mane olur: “Turistlərin Azərbaycanda qarşılaşdığı bir sıra problemlər var ki, bu problemlər tez bir zamanda öz  həllini tapacaq. Əsas problemlərdən biri valyuta məsələsidir. Turistlər Azərbaycanda valyutanı dəyişmək məsələsində böyük problemlərlə qarşılaşırlar. Bu isə  inkişafa böyük maneçilik törədir. Hesab edirəm ki, məsələnin həlli üçün bir sıra nazirliklərlə birgə müəyyən pilot layihələr həyata keçirilməlidir. Həmin pilot layihələrə əsasən  ilk növbədə turizm şirkətlərinə, hotellərə valyuta dəyişmə icazəsi verilməlidir. Turizm şirkətləri, ticarət obyektləri, hotellər bir-iki ay müddətinə pilot layihə həyata keçirməlidir ki, görək bu necə nəticələnəcək. Turistlər harasa getdikdə heç bir yerdə xarici valyuta qəbul olunmur və yaxud dəyişdirilmir.  Azərbaycana isə turistlər daha çox müxtəlif bayram ərəfələrində gəlir. Bu zaman isə bankların bir çoxu fəaliyyət göstərmir. O cümlədən də hər yerdə bank olmur. Odur ki, belə bir pilot layihənin faydalı olacağını düşünürəm. Digət bir tərəfdən isə turistlər üçün “qaynar xətt” yaradılmalı, ölkəyə gələn hər bir turistə fərdi qaydada yanaşılmalıdır. Elə olmalıdır ki, turist Azərbaycana gəldiyi andan gedənə qədər həmin “qaynar xətt”ə rahat  müraciət edə bilsin. O “qaynar xətt” vasitəsilə turizm şirkətlərindən tutmuş hüquq-mühafizə orqanlarına qədər əlaqə olmalıdır. Hər bir zəngə isə ən geci 5 dəqiqə ərzində cavab verilməlidir. Ölkədə müəyyən xidmətlər var ki, 3-5 dəqiqə sonra onlardan faydalanmaq olur. Bu sistem turistlər üçün də təşkil olunmalıdır”.
Ekspert sonda onu da qeyd etdi ki, Azərbaycan qarşıdan gələn qış turizminə tamamilə hazırdır: “Turistin  1 dollar xərcləyəni də, 10 min dollar  xərcləyəni də ola bilər. Ola bilər ki, çox xərcləyən turist bir dəfə gəlsin, lakin az pul xərcləyən daha çox gəlsin. Həmin az pul xərcləyən turistlər isə gedib öz ölkələrində Azərbaycana daha çox turist cəlb edə bilərlər. Ona görə də ayrı-seçkilik etmək olmaz. Qış turizmi üçün demək olar ki, tamamilə hazırıq. Hotellərdə turistlərin qalması üçün kifayət qədər yer var. 2020-ci ilə qədər gözlədiyimiz sayı əldə edə bilsək, həmin saya görə də yerləşdirməni nəzərə alacağıq. Bunun üçün böyük layihələr həyata keçirilir. Bəzi problemlər isə zaman-zaman həllini tapacaq. Azərbaycandakı  siyasi sabitlik turistlərin sərbəst hərəkətinə geniş imkan yaradır”.
Şəbnəm Mehdizadə
Facebook Şərhləndirmə:

Şərhinizi yazın