Menu
Geri İrəli

Taksi sürücüsü gecə qadın müştərinin evinə getdi — Bu hala düşdü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2017 • Baxış sayı: 2,471 dəfə • Şərh yoxdur

1499408340-9635İyulun 2-nə keçən gecə saat 2.30-da Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsində bıçaqlanma hadisəsi baş verib. Artıq 6 ildən çoxdur ki, ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İlqar İsmayılov 4 nəfərin hücumuna məruz qalıb. İ.İsmayılov hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alır.

sumqayitxeber.com xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı dünən xəstəxanada İlqar İsmayılov və ailəsi ilə görüşüb, baş verənləri araşdırmağa çalışıb. İlqarın atasının iddiasına görə, oğlunu vuran şəxslərin kimliyi məlum olsa da, hələ də həmin şəxslər polis tərəfindən saxlanılmayıb.

İlqar özü deyir ki, bir neçə ildir taksi fəaliyyəti ilə məşğuldur: “Lökbatanda yaşadığım üçün çox zaman “Qaradağ” restoranının yanında dururam. Çox müştərilərim olur. Gündüzlər müştəri olmadığı üçün daha çox gecələr işləyirəm. Bəzi müştərilərimlə münasibət səmimi ola bilir. Bir qadın var, ailəlidir, iki övladı da var. Bu qadının uşaqlarını bir neçə dəfə həkimə aparmışam. Qaynı ilə münasibətim var, toylarında da olmuşam”.

“İyulun 1-i gecə qadın zəng edib xahiş etdi ki, uşağı üçün qızdırma dərmanı alım. Alıb apardım, qapıdan qadına dərmanı verib, pulu götürəndə arxadan bir neçə nəfər vuraraq məni içəri saldı. Blok qaranlıq olduğu üçün mən orada heç kimi görməmişdim. Məni evə salan kimi bıçaqlamağa başladılar. Əllərim qan içində idi, üzümü çevirəndə üzümdən də vurdular. Qarşımdakıları vurub, əllərindən çıxıb qaçmaq istəyəndə, bir qadın qarşımı kəsib qaçmağıma mane oldu, oğlu da gəlib arxadan tutdu məni. Birtəhər əllərindən çıxıb, özümü pəncərədən çölə atdım” — danışır İlqar.

Dediyinə görə, onu vuranlar qadının uzaq qohumları olub: “Mənə elə gəlir ki, qadının bu adamlarla nəsə problemi var, onu şərləmək istəyirlər, bu səbəbdən də arada mən qaldım. Mənim o qadınla heç bir münasibətim olmayıb. Mən orda da dedim ki, qadını şərləməyin, aramızda heç nə yoxdur”.
İş hazırda Qaradağ Rayon Polis İdarəsinin 10 saylı Polis bölməsindədir. Aradan 5-6 gün keçməsinə baxmayaraq, polis hələ də cinayətkarları tuta bilməyib.

İlqarın anası Fəridə İsmayılovanın sözlərinə görə, iyulun 2-də İlqarı vuran şəxslərin qohumları onların evinə gəliblər: “4 qadın və bir kişi gəlmişdi. Bizi hədələdilər. Dedilər ki, şikayətinizi geri götürməsəniz, İlqarın başını kəsəcəklər. Bizə hədə-qorxu gəldilər. Hətta oğlan üstümə cumdu. Dedim 102-yə zəng edəcəyəm, qadınlar oğlanı evdən çıxardılar”.

Fəridə İsmayılova deyir ki, uzun illərdir oğlu taksi fəaliyyəti ilə məşğuldur və bu hadisə olana qədər heç bir zaman müştəriləri ilə problem yaşamayıb. Bu hadisə isə qadının gözünü əməllicə qorxudub: “Qızla da danışdım. Dedi ki, onu da incidirlər ki, izahatında İlqarın evə oğru kimi gəldiyini yazsın. Amma qadın izahatında İlqarın günahsız olduğunu bildirib. İndi qadın deyir ki, hadisədən sonra həyat yoldaşından da bir xəbər ala bilmir. İlqarı vuranlar istəyirmiş ki, hadisəni qadının yoldaşı boynuna götürsün, o da imtina edib. O qadın da cavan gəlindi, 24 yaşı var, iki uşağı var. Hər şey də uşaqların gözü qarşısında baş verib. 3 yaşlı uşaq belə bir hadisəyə şahid olub”.

İlqar deyir ki, onu vuranları tanıyır: “Onları təkcə mən yox, bütün Lökbatan tanıyır. Zaur, Astan və Atəş məni bıçaqlayırdı, adı Tacirə olan qadın isə məni tutmağa çalışırdı ki, qaçmayım. Deyirdim “məni qan aparır, qoy gedim, amma buraxmırdı ki, öldürə bilsinlər”.

İlqarın sözlərinə görə, polis reanimasiyadan çıxan kimi ondan izahat alıb: “Müstəntiq Emin müəllimdir. Ara-sıra zəng edirik ki, nə oldu, deyir ki, “hələ tutmamışıq”. Əgər mən bu adamları tanıyıramsa, onları hamı tanıyırsa, necə olur ki, onlar tapılıb həbs edilə bilmirlər? Ümumiyyətlə 10 saylı Polis Bölməsi işə soyuq yanaşır”.

İ.İsmayılov sabah xəstəxanadan çıxacaq, amma o, gecə yaşadığı kabusu yenidən yaşayacağından, ona bu kabusu yaşadanların cəzasız qalacağından qorxur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, ümumiyyətlə baş verən bütün hadisələr qeydə alınır və mütəmadi olaraq nazirliyin rəsmi saytında yer alır: “Siz daha ətraflı məlumat almaq üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsi ilə əlaqə saxlayın. Ümumiyyətlə, baş verən bütün hadisələr nəzarətə götürülür. Ola bilər ki, istintaq aparıldığı üçün sizə ətraflı məlumat verməsinlər”.

Qaradağ Rayon Polis İdarəsinin 10 saylı Polis Bölməsinin təhqiqatçısı Emil Seyidbəyli isə suallarımıza cavab vermək istəmədi: “Bz sizi tanımırıq və bizə rəhbərlikdən bildirilib ki, telefonla heç kimə məlumat verməyək. Baş verən hadisələr haqqında biz rəhbərliyə məruzə edirik. Əgər hansısa cinayət hadisəsi baş veribsə, bundan rəhbərliyin məlumatı var”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın