Menu
Geri İrəli

“Tour d’Azerbaidjan-2017″də 18 ölkədən 22 komanda mübarizə aparacaq (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2017 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

press_konfrans_020517__(1)“Tour d’Azerbaidjan-2017″ beynəlxalq velosiped turunda 18 ölkədən 22 komanda mübarizə aparacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu barədə “Tour d’Azerbaidjan-2017” veloturu ilə bağlı Respublika Velotrekində keçirilən mətbuat konfransında bildirilib.

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu mayın 3-də start götürəcək.

Tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak ediblər.

Veloturun Təşkilat Komitəsinin sədri S.Ələkbərov 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017″ barədə ətraflı məlumat vererək bildirib ki, yarış gözəl idman tədbiri olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır: “Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2017″ beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək”.

Bildirilib ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir. İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ – Ağsu – Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən yarışın texniki direktoru R.Hofer ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Bunun nəticəsidir ki, ölkə 2018-ci ildə velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu da ölkənin dünya velosiped aləmində mövqelərinin getdikcə güclənməsinin bariz nümunəsidir.

“Tour d’Azerbaidjan-2017″ beynəlxalq velosiped turunun əvvəlki illərdə oluğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən R.Hofer qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın